Beynəlxalq Banka borcu olan iş adamlarının saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması davam edir. Onların bir qismi borcunu ödədiyinə görə sərbəst buraxılıb, bir neçə məşhur iş adamı barəsində isə həbs qətimkan tədbiri seçilib.

Etibarlı mənbədən “Bizim Yol” qəzetinə daxil olan məlumata görə, həmin şəxslərdən biri də sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu, "İmprotex" şirkətlər qrupunun rəhbəri Vüqar Ələkbərovdur. Mənbə bildirib ki, Vüqar Ələkbərov banka borcu olduğuna görə saxlanılıb. Sonradan onun haqqında həbs-qətimkan tədbiri seçilib. Qaynaq V.Ələkbərovun hazırda Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanıldığını bildirib.

Qeyd edək ki, bu xəbəri sona qədər araşdırmaq mümkün olmayıb. Belə ki, Daxili İşlər Nazirliyinə ünvanlanan sorğuya cavab olaraq, mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, onlarda bu barədə məlumat yoxdur.

Ələkbərovların şirkəti olan "İmprotex"dən isə zənglərə cavab verilməyib.

------

İsmayıllının keçmiş icra başçısı Nizami Ələkbərov Beynəlxalq Banka borcu olması ilə bağlı qardaşı oğlu haqqında həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib.

Eks-icra başçısı “Qafqazinfo”ya açıqlamasında Vüqar Ələkbərovun həbs edilmədiyini və yayılan xəbərin yalan olduğunu bildirib.

Virtualaz.org saytı isə xəbərə aydınlıq gətirmək üçün Vüqar Ələkbərovun özünə müraciət edib. V.Ələkbərov barəsində yayılan bu informasiyaları qəti şəkildə təkzib edərək bildirib ki, hazırda ailəsinin yanında, evdədir.

“Məni nəinki həbs etməyiblər, hətta heç yerə, heç bir istintaqa çağırmayıblar. Mən istintaqa cəlb olunmamışam. Bütün deyilənlər yalandır. Nə mənim özümün, nə də “İmprotex”in Beynəlxalq Banka borcumuz yoxdur” - deyə V.Ələkbərov bildirib.

Xatırladaq ki, Vüqar Ələkbərovun adı 2012-ci il yanvar ayında baş vermiş, "İsmayıllı hadisələri" kimi yadda qalan iğtişaşda da hallanmışdı. Belə ki, həmin vaxt atası nazir, əmisi Nizami İsmayılovun icra başçısı olan Vüqar Ələkbərovun İsmayıllıda "Çıraq" oteli fəaliyyət göstərirdi. Avtomobillə otelin yaxınlığında qəza törədən Vüqar Ələkbərovun sərxoş vəziyyətdə söyüş söydüyü və buna görə də əhalinin qəzəblənərək "Çıraq" otelini və bir neçə avtomobili yandırdığı bildirilirdi. Bundan sonra hadisənin miqyası daha da genişlənərək, kütləvi iğtişaşa çevrilmişdi. V.Ələkbərov və onun yaxınlarını istintaq zərərçəkən kimi tanımışdı və məhkəmədə ifadə vermişdilər.