"Belə ağır maddələrlə ittiham olunan bir şəxsi şərti azdlıqdan məhrumetmə cəzasıya azadlığa buraxmaq, ölkənin hüquq sisteminin süqutunun daha bir sübutu kimi qəbul oluna bilər"
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin adam bıçaqlayan oğlu Tamerlan Əsədullayev 3 il şərti iş alaraq azadlığa buraxılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesin sonunda belə bir qərar qəbul edilib. Tanınmış vəkil Bəhruz Bayramov ağır cinayət törətmiş general oğlunun azadlığa buraxılmasını "ölkənin hüquq sisteminin süqutu" adlandırıb. O, Moderator.az-a açıqlamasında deyib:
"İnsan Alverinə qarşı Mübarizə İdarəsi rəisinin oğlu Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə cinayət törətmək) maddələriylə ittiham olunurdu.
Cinayət Məcəlləsində 126.2.4 maddəsi üzrə 6 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 221.3 maddəsi ilə cinayət törədilməsi də 3 ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Belə ağır maddələrlə ittiham olunan bir şəxsi şərti azdlıqdan məhrumetmə cəzasıya azadlığa buraxmaq, ölkənin hüquq sisteminin süqutunun daha bir sübutu kimi qəbul oluna bilər. Təsəvvür edin ki, CM-nin 126.1 maddəsiylə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur və bir qayda olaraq, bu kateqoriya insanlara güzəşt edilmir, onlara ağır cəza verilir.
İndiki halda isə zərərçəkənlə barışıq var və onlar heç bir şikayət etmirlər. Amma bu da əsas vermirdi ki, belə bir cinayət törətmiş şəxsi azadlığa buraxsınlar. Yəni generalın oğlu atasının və digər yüksək çinli himayədarların nüfuzunu nəzərər alaraq, gözləmək olardı ki, azı 3 ilədək azadlıqdan məhrumetmə cəzasıyla cəzalandırılacaq. Amma bunun tam əksini gördük.
Belə çıxır ki, bu ölkədə iki Cinayət Məcəlləsi fəaliyyət göstərir. Varlılar və general övladları üçün bir cəza növü nəzərdə tutulur, kasıb və heç bir imtiyazı olmayan təbəqə üçün başqa cəza nəzərdə tutulub. Məni maraqlandıran işin başqa tərəfidir. Gözləyək görək prokurorluq orqanları belə bir biabırçı cəzadan protest verəcəklər, ya yox."



Şərhlər