Neft, Nyu-Yorkda son 6 ildən uzun bir müddətdə ilk dəfə 40 dollardan aşağı düşüb və zəifləyən tələbatın qlobal təklif bolluğu problemini uzadacağı xofu ilə 1986-cı ildən bu yana ən uzunmüddətli ucuzlaşma dövrünü keçirib.
Qiymətlər, bu ilin İyun ayındakı ən yüksək səviyyəsindən təxminən 35 faiz geriləyib. Neft istehsalçıları, təklif çoxluğunun qiymətləri aşağı salmasına baxmayaraq istehsalı azaltmırlar. Citigroup-a görə,Qərbi Texas növü xam neftinin (WTI) barreli 32 dollara düşə bilər. Digər tərəfdən, Çin iqtisadiyyatının ləngiyəcəyi xofu da tələbatın düşəcəyi gözləntilərini artırıb. Qeyd edək ki, bu gün Çin səhmləri 8%-dən çox ucuzlaşıb və bu eniş neftin daha da düşməsinə səbəb olur.
Analitiklər bildirirlər ki, Səudiyyə Ərəbistanı, Rusiya, ABŞ kimi mühüm istehsalçılar bazar payı uğrunda mübarizə aparırlar.
BRENT NEFTİ 44 DOLLARA DÜŞDÜ
Bazar ertəsi, Bakı vaxtı ilə 08:20-də Oktyabr ayı üçün vədələşilən WTI neftinin qiyməti Nyu-Yorkda Nymex elektron əməliyyatlarında 3.3 faiz düşərək 39.02 dollardan, Brent nefti isə Londonda yerləşən ICE Futures Europe birjasında 2,6% ucuzlaşaraq 44,24 dollardan alıcı tapıb. Bu dəqiqələrdə neftin ucuzlaşması davam edir. /"Marja"

Şərhlər