Azpolitika.info vətəndaşların şikayəti əsasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun, “Araz İnşaat LTD” şirkətinin, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general Həsən Şirinovun və digərlərinin adı keçən torpaq fırıldağı haqda indiyədək bir neçə məqalə dərc edib.

Qısaca xatırladaq ki, söhbət ümumilikdə 3 hektar ərazinin saxta sənədlər əsasında özününküləşdirilməsi və bir hissəsinin satılmasından sonra qüdrətli tərəflər arasında başlayan məhkəmə çəkişməsindən gedir. Bu torpaq fırıldağının qurbanına çevrilən vətəndaşlar - Bakı sakinləri Fərzəliyev Vahid Qüdrət oğlu, Məmmədov Namiq Valeh oğlu, Məmmədov Xəqani Məmməd oğlu və İbrahimova Şəbnəm Eldar qızı hələ 2013-cü ilin əvvəllərində tamamilə qanuni vasitələrlə Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub-qərb hissəsində fərdi yaşayış evi tikmək üçün torpaq sahələri alsalar da, bu günə qədər nə torpaqlarına sahib çıxa bilir, nə də ödədikləri külli miqdarda pulu geri ala bilirlər. 2013-cü ilin ortalarından başlayan məhkəmə çəkişmələrinin isə, 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, sonu görünmür. Çünki məhkəmələr güclü təzyiq altında olduqlarından, iş üzrə operativ və ədalətli qərarlar qəbul etməkdə çətinlik çəkirlər. Bundan ən çox əziyyət çəkənlər isə, vicdanlı alıcı olan yuxarıda adlarını çəkdiyimiz vətəndaşlardır.

Məsələ ondadır ki, bu vətəndaşlar notarial alqı-satqı yolu ilə ümumilikdə 200 min dollara yaxın vəsait ödəməklə, polis generalı Həsən Şirinovun bacısı oğlu Ələmşah Cəfərov və qardaşı Aslan Şirinovdan Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub-qərb hissəsində torpaq sahələri (cəmi 12 sot) alıblar. Lakin torpaq üzərində tikinti aparmaq istəyərkən, məlum olub ki, ərazi mübahisəlidir – “Araz İnşaat LTD” MMC də bu əraziyə iddiaçıdır, hətta şirkətin əlində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamları da var. Bundan sonra “Araz İnşaat LTD” MMC və BŞİH məhkəmələrə müraciət edərək, Ələmşah Cəfərov və digərlərinin əldə etdikləri mülkiyyət sənədlərinin ləğvini tələb ediblər. Beləliklə də, 2 ildən artıqdır davam edən məhkəmə çəkişmələri başlayıb. Şikayətçilər bildirir ki, dəfələrlə onları bilə-bilə bu işə salan Ələmşah Cəfərov və Aslan Şirinovdan pullarını geri tələb etsələr də, ala bilməyiblər.

Məhkəmə araşdırmaları zamanı məlum olub ki, general Həsən Şirinovun yaxınları bu ərazini Suraxanı rayonu Zığ bələdiyyəsinin 2002-2004-cü illərdə verdiyi sərəncamlar əsasında 2012-2013-cü illərdə özəlləşdiriblər. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2005 və 2010-cu il tarixli sərəncamları ilə isə, bu ərazi hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün “Araz İnşaat LTD” MMC-yə uzunmüddətli icarəyə verilib. Elə 2005-ci ildən də ərazi şirkət tərəfindən hasara alınıb.

Məhkəmə araşdırmaları zamanı məlum olub ki, Ələmşah Cəfərov və onun yaxınlarının (Ümumilikdə 21 nəfər) əlində olan Zığ bələdiyyəsinin sərəncamları şübhəlidir. Zığ bələdiyyəsinin hazırkı sədri Mütəllim Məmmədovun 2 saylı Bakı İqtisadi İnzibat Məhkəməsinin hakimi İntizar Bayramovanın sorğusuna verdiyi rəsmi cavabda bildirlir ki, sözügedən ərazi ümumiyyətlə Zığ bələdiyyəsinin mülkiyyətində deyil. Belə olduğu halda, Zığ bələdiyyəsinin sərəncamı əsasında torpaqların özəlləşdirilməsi qanuni sayıla bilməz.

Qarşı tərəf isə məhkəmədə “Araz İnşaat LTD” MMC-yə verimiş sərəncamın qanuniliyini şübhə altına alır.

Qeyd edək ki, iki ildir davam edən məhkəmə proseslərində qəbul edilən qərarların əksəriyyəti “Araz İnşaat LTD” MMC və BŞİH-in xeyrinə olub. Şikayətçilər bildirirlər ki, nəhayət 2 ildən artıqdır davam edən yorucu və zəhlətökən məhkəmə proseslərinin bitəcəyini, məhkəmənin 4 vicdanlı alıcı ilə bağlı ədalətli qərar verəcəyini gözlədikləri halda, əksini görürlər. Hansısa “qüdrətli əl” prosesə qoşulduğundan məhkəmələr yenidən süründürməçilik etməyə, vaxtı uzatmağa başlayıblar.

Növbəti məhkəmə prosesi isə sabah 2 saylı İnzibati İqtisad Məhkəməsində baş tutacaq. Bu torpaq fırıldağının qurbanı olan günahsız insanların yeganə tələbi budur ki, proses tezliklə yekunlaşsın, onlar ya torpaqlarına sahib çıxa bilsinlər, ya da ödədikləri vəsaitin geri qaytarılması ilə bağlı qərar qəbul edilsin.

Qeyd edək ki, cumhuriyyet.az saytı 2 gün əvvəl bu qalmaqallı məhkəmə çəkişməsi ilə bağlı maraqlı məlumat dərc edib. Saytın iddiasına görə, saxta sənədlərlə özgəsinin 3 hektar torpağını ələ keçirənlərin  arxasında deputat İlham Əliyev durur. O, Prezident Administrasiyasının rəhbəri, qayınatası Ramiz Mehdiyevin adından sui-istifadə edərək, məhkəmə sədrləri və hakimlərinə təzyiq edir ki, saxta sənədlə torpaq zəbt edənlərin xeyrinə qərarlar verilsin. 2 saylı İnzibati İqtisad Məhkəməsinin sədri Rəşid Rzayev məhz İlham Əliyevin göstərişi ilə, işin obyektiv araşdırılmasına imkan vermir. 

Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev Bakıda qanunsuz yollarla torpaq zəbt edən, özəlləşdirən məmurlara sərt xəbərdarlıq edib.

“İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur...

Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikililər aparılır, sonra da bunu qanunsuz sənədləşdirirlər”, deyə Prezident İlham Əliyev Bakıda Binəqədi rayonunda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı söyləmişdi.

Dövlət başçısı kifayət qədər sərt danışmış, “Elə bil ki, özbaşına tikiblər. Axı biz hamımız Azərbaycanda yaşayırıq, özbaşına kim nə edə bilər?” – deyə, Azərbaycanda, Bakıda qanunsuz tikililərin, torpaqların zəbt olunmasının arxasında məmurların dayandığına eyham vurmuşdu.

İndiki halda isə, söhbət dövlətə məxsus 3 hektar qiymətli torpağın zəbt olunmasından gedir. Hansı ki, 2 ildən artıqdır Azərbaycan məhkəmələri bu qanunsuzluğa hüquqi qiymət verməkdə çətinlik çəkirlər. Çünki kimlərinsə bu işdə maddi marağı var.

Mövzu diqqətimizdədir.

Vaqif NƏSİBOV

AzPolitika.info