Neftin qiymətinin düşməsi bir sıra dövlətləri valyutalarını devalvasiya etməyə məcbur etdi. Amma Azərbaycandan fərqli olaraq Ukrayna və Qazaxıstan devalvasiya nəticəsində vətəndaşlara dəyən ziyanı dövlət hesabına ödəmək öhdəliyi götürüblər.
Amma Azərbaycanda devalvasiya nəticəsində vətəndaşlara dəyən ziyan, yəni vətəndaşların banklardan götürdüyü kredit ödənişini gələcəkdə geri qaytarılmasında 1.7 milyard fərq yarandı. Dövlət bu fərqi qarşılamaqdan boyun qaçıraraq, əlavə vəsaitin ödənişini məhz vətəndaşın üzərinə qoydu. Bu Konstitusiya Məhkəməsinin çıxardığı qərar ilə tənzimləndi. Amma Ukraynada Ali Rada tam fərqli qərar qəbul etdi. Ali qanunverici orqan etiraf etdi ki, milli valyutanın devalvasiyası yürüdülən yanlış maliyyə siyasətinə görə baş verib.
Azərbaycanda ötən müddət ərzində Mərkəzi Bank manatın məzənnəsinin saxlanmasına hər ay orta hesabla 1.2 milyard vəsait xərcləyib. Bəzən bu vəsait 1.8 milyard vəsaitə çatıb. Belə olan halda vətəndaşlara dəyən ziyanı dövlət vəsaitləri hesabına qarşılamaq olardı. Bu zaman həm vətəndaşların banklara etimadı azalmazdı. Həm də vətəndaşlar Mərkəzi Bankın dollar ajiotajı ilə bağlı çağırışlarına daha etibarlı yanaşardılar.
Hazırda bir çox ekspertlər vurğulayır ki, Azərbaycanda devalvasiyanın ikinci, hətta üçüncü dalğası baş verə bilər. Bəs bu zaman vətəndaşların banklardan götürdüyü dollar kreditlərinin aqibəti necə olacaq? Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərar növbəti devalvasiyalara da şamil ediləcəkmi?
Hüquqşünas Müzəffər Baxışov azadlıq.info-ya bildirib ki, qanunvericilikdə Konstitusiya Məhkəməsinin qərarının hər hansı orqan tərəfindən ləğv edilməsi proseduru yoxdur. “Heç bir orqan və ya şəxs tərəfindən Konstitusiya Məhkəməsinin qərarı ləğv edilə bilməz. Konstitusiya Məhkəməsinin şərhi və qərarı qətidir. Dərc olunan andan icra olunmalıdır”, deyə M.Baxışov vurğuladı.
M.Baxışov onu da bildirdi ki, amma siyasi qərar qəbul olunarsa ki, baş vermiş devalvasiyaya görə vətəndaşlara dəyən ziyan ödənilsin. Artıq o zaman siyasi qərar tətbiq olunacaq: “Əgər devalvasiyadan ziyan çəkən vətəndaşların durumunun yumuşaldılması üçün Azərbaycan hökuməti də bir qərar qəbul edərsə, həmin qərar tətbiq olunacaq”.


Şərhlər