“Xural” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallı saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına gətirilib. “Media forum” saytı xəbər verir ki, bu, Bakı Apellyasiya Məhkəməsində Əvəz Zeynallının şikayətinə baxılması ilə əlaqədardır.

Əvəz Zeynallı Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan şikayətçidir.

Yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsi şikayətə Əvəz Zeynallının iştirakı ilə baxılması, bundan ötrü məhbus baş redaktorun məhkəməyə gətirilməsi barədə vəsatəti təmin etmişdi.

Apellyasiya şikayətinə fevralın 13-də hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baxılacaq.

Mətbuat Şurası 2011-ci ildə “Xural”ı “reket qəzet” elan edib və qəzetin adını “qara siyahı”ya salıb. Əvəz Zeynallı şuranın bu qərarının qanunsuz hesab olunması, Mətbuat Şurasının səlahiyyətlərini aşmaqda təqsirli bilinərək xüsusi qərardad çıxarılması üçün Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. Əvəz Zeynallı şikayət verib.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.