Türkiyədən Naxçıvana qayıdan MR sakinlərinə Azercell-dən mesaj: “Ermənistana xoş gəldiniz!”

Naxçıvan MR sakinləri AzPolitika.info-ya çox düşündürücü bir təxribatla bağlı məlumat veriblər. Şərur rayonundakı mənbənin bildirdiyinə görə, Türkiyədən qayıdan vətəndaşlar Sədərək gömrüyünü keçəndən sonra telefonlarını açarkən "Ermənistana xoş gəldiniz!" mesajını alırlar. Ən çox bu halla Azercell istifadəçiləri rastlaşır.

Xatırladaq ki, Azərbaycanın qardaş Türkiyə ilə olan cəmi 11 kilometrlik sərhəd zolağı məhz Ermənistan sərhəddinə yaxın olan Naxçıvan ərazisinə düşür. Mobil telefonlara gələn bu mesajın Azərbaycan dilində olması isə bu təxribatın arxasına kimlərin olduğu haqda düşünməyə vadar edir.

Bu gün “AzPolitika.info”-nun əməkdaşı məlumatı araşdırarkən başqa təəccüblü halla rastlaşıb. Şərur rayon ərazisində olan Azərcell abunəçisinin telefon vasitəsi ilə facebook-da yolladığı inbox mesajında ismarıcın göndərildiyi yer kimi Ermənistan şəhərlərinin adı qeyd olunub. Həmin fotofaktı oxuculara təqdim edirik. Ən maraqlısı isə budur ki, öz inkişafı ilə öyünən Azərbaycanin əlaqədar qurumları bu cür ciddi təxribatın qarşısını almaqda acizlik nümayiş etdirir.