KLEPTOKRATLAR

Nurəddin İSMAYIL

Əvvəllər şəhərimizdə və ya əyalətlərimizdə barmaqla göstərilən tək-tək oğrular olardı və onların oğurluq masştabı da o qədər geniş deyildi. Ciblərə, evlərə girərdilər, pul, zinət əşyaları oğurlayardılar və çırpışdırdıqlarını hələ yerbəyer etməmiş sovet milisinin yerli kadroları onların izinə düşər və sosializm cəmiyyətinin antipodları olan bu şəxslərin əməllərini ifşa edərdilər.

Elə ki, hər bir fərd üzərində “dəmir əl” rolunu oynayan sovet quruluşu dağıldı və daxil olduq vəhşi kapitalizmin çapıb-talama sferasına, barmaqla göstərilən oğruların erası bitdi və onların yerində “oğrular hakimiyyəti” anlamına gələn kleptokratlar peyda oldu.

Nədir kleptokratiya? Dövlətin imkan və vasitələrindən geninə-boluna bəhrələnib sərvət toplayan, büdcəni dağıdan, əldə etdiyi vəsaitlər hesabına cəmiyyət üzərində nüfuzunu artıran siyasi fırıldaqçılar, rüşvətxorlar, korrupsionerlər, monopolistlər, məmur-oliqarxlar və zənginləşdikcə dövlətə meydan oxuyan oğru zümrə hakimiyyəti. Desək ki, indi cib, ev oğruları yoxdur, yalan olar. Var, amma onların oğurluğu kontrol altındadır.

Söhbət kontroldan çıxan, qohumluq və himayədarlıq prinsiplərinə söykənən, bir qazanda qaynayıb-qarışdıqlarına görə biri digərinin müdafiəsinə qalxan, dövlətin mühüm postlarında oturan, tutduqları mövqeyə güvənərək hüquq-mühafizə orqanlarının onlar üzərində nəzarətini əngəlləməyi bacaran, anındaca paralarını yatırtdığı xarici ölkələrə qaçmaq şansı olan, əldə etdiyi sərvətlə ölkədə qarışıqlıq yaratmaq gücündə olan elə bir oğrular hakimiyyətindən gedir ki, bəzən dövlət, şəbəkələşmiş bu zümrəyə qarşı effektli mübarizədə zorlanmalı olur.

Adam siyasi rəhbərliyin etimadını qazanıb, böyük vəzifə daşıyıcısıdır, yüksək çinli bir nazirlə qudadır, parlamanda bir qrup deputatı öz sözçüsü edib, dövlətin ona verdiyi imkanlardan yararlanaraq, dövlət büdcəsi qədər büdcə toplayıb, arxasında böyük dövlətlərin durduğu “5-ci kalon”nun aktiv nümayəndəsidir, qoçu dəstəsi, silahlı mühafizlər saxlayır. Balta kəsməz pulu, arxası bərk olmayan polisi susdurur, müstəqil qərar vermək gücündə olmayan hakimləri yerində oturdur.

Elə çulğalaşıb, hərəsi bir postu, iqtisadi, siyasi rıcaqları əlində saxlayan bu zümrə bir-birinə elə pərçimlənib ki, tərpətdikcə, toxunduqca bir fəsad, toxunmadıqca, qəsdçi, sobatajçı əməllərinin qarşısını almadıqca daha böyük fəsadlar törədirlər. Barama qurdu kimi daraşıblar ölkənin canına. Dövlət bilmir ki, xaricdən gələn yadelli təhlükələrə, yoxsa bunların ölkəni içdən dağıdan mənfur əməllərinə qarşı gücünü səfərbər etsin.

Pul-para hərisliyi, qamarlamaq, dağıtmaq, talamaq ehtirası gözlərini o qədər qapayıb, zəhmət çəkmədən ucuz gəlirlər əldə etmək eşqi bunları o qədər xam xəyallara daldırıb ki, nə tutqu, nə həbsdə yatmaq, nə qanun qarşısında cavab vermək qorxusu barədə düşünmək istəmirlər. Etdiklərinin müqabilində cəzasız qalmaları onları yeni, daha böyük cinayətlərə sövq edir.

Beynəlxalq bankın sabiq rəhbəri C.Hacıyevin bacanağı İ.Hidayətzadə fikirləşir ki, bacanaq hesabına bankdan 100 milyon dollar kredit götürmək necə asan başa gəlirsə, onu qaytarmamaq üçün bir-iki milyon rüşvət verib cinayətdən yaxanı qurtarmaq da bir o qədər asandır. Artıq dövlət səviyyəsində etiraf edilir ki, Mərkəzi Bankın sədri E.Rüstəmovun ölkənin bank sisteminin çöküşünə aparan yanlış bank siyasəti heç də adi naşılıqdan deyil, korrupsiya və rüşvətxorluq mənbəyinə çevrilən bankların qapılarının ölkənin milli sərvətini dağıdan dələduzlara, quldur və yaramazlara açması ilə bağlıdır.

Hacı İbrahim onu yuxarıdan himayə edənlərə, rüşvət verib külli miqdarda kredit götürdüyü bankların təminatına o qədər arxayındı ki, milyonlarla krediti mənimsədiyindən heç bir qorxu keçirmir. Kredit mənimsəmələrində adı hallanan “Hafka” ləqəbli H.Məmmədov himayəsinə sığındığı ölkələrdən geri qayıdar-qayıtmaz, sanki heç nə olmayıb kimi təzədən hər kəsə meydan oxuyur.

Komanda, partiya mənsubiyyətinə görə layiq olmadıqları vəzifə ilə görəvləndirilən bir çox icra başçısının işlədiyi müddət ərzində yaşıllaşdırma, yol çəkmə, park salma adı altında topladığı, qarət etdiyi sərvət bəlkə də bir rayonun illik büdcə xərclərinə bərabərdir.

Özü və oğlanlarının əlində milyardların cəmləşdiyi nəqliyyat naziri, fövqəladə hallar naziri kimdən və niyə çəkinməlidir ki, on illərdir onlardan hesab soran, tikintisi başa çatmamış dağılan yollar, körpülər, içi adam qarışıq yanan binalara görə cavabdehlik tələb edən kimsə yoxdur. Adı rüşvətdə, korrupsiyada hallanan, ailə üzvlərinin nəhəng biznes qurması ilə bağlı onlarla fakt aşkarlanan A.Şərifovun arxayın davranışı onun heç bir qanunla hesablaşmadığına canlı sübutdur. Adam baş nazirin müavinidir və tutduğu vəzifənin çətiri altında hələ ki, bildiyini edir.

Nəyə xidmət etdiklərini, hansı ölkəyə qulluq göstərdiklərini yaxşı bilən ”Azərenerji”nin rəhbəri E.Pirverdiyev, “AZAL”ın prezidenti C.Əsgərov təkcə onu bilmək istəmirlər ki, korrupsiya yolu ilə oğurladıqları, əldə etdikləri milyonlar qanını sorduqları millətə, vəzifə andı içdikləri dövlətə məxsusdur və bu soyqunçuluğun hesab verilən zamanı gələcək. Hər halda dövlət başçısının son vaxtlar vəzifə səlahiyyətlərindən sui-istifadə edən bu cür personalara qarşı göstərdiyi sərt təpkilər, onların qanun qarşısında cavabdehlik daşımalarına yönəlik ciddi mesajlar kleptokratların cəzasız qalmayacağından xəbər verir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar