Burası Azərbaycandır. Çağdaş Azərbaycan da bir şitillik - burada hər cür naqis nəsnə «sınaq edilər». Həm də nə sirdirsə, «sınaq»lar həmişə uğurla nəticələnər və ardınca, kütləvi halda «kultivasiya olunar». İndi bu diyar dünyanın maraqla seyr etdiyi böyük bir sınaq meydançasına çevrilib. Odur ki, hələ də əhalisi kütlə şüurundan (təxminən, meymun «şüuru») uzaqlaşa, «homo sapiens» şüuruna qovuşa bilməyib. Yüz il, beş yüz il... bundan əvvəl olduğu kimi, indi də bizim kütləni dərvişlər, falabaxanlar, cindarlar, mollalar-ölüdirildənlər və s. qaranlıq məxluqları idarə edir. İş o yerə çatıb ki, çağdaş Azərbaycan məxluqu heç fərqinə-mahiyyətinə varmadan, toydan bir gün əvvəl daha bir «toy» - «dərviş toyu» yapır, saqqal uzadır, şalvar balağı qısaldır, şeytana sitayiş edir, iblisi göylərə qaldırır, «Babilik» sərgiləyir, İrbahım («İbrahimi») olur və s. Fəqət, adam olmağa meyl göstərən yox...
Təsadüfi deyil ki, Azərbaycan məmurları, oliqarxları, generalları-marşalları, oğru və dələduzları da belə bulanlıq nöhurda heç bir çətinlik çəkmədən «balıq tutur» - ölkəni, xalqı talayır, «talan pulları»na «Mercedes» (və digər bahalı maşınlar) alıb, yol-izdə, küçə-dalanda şütüyür, yeri gəldikcə polisi söyür-döyür, fağır-mağır vətəndaşları təkər altına alıb, qanına qəltan eləyir.
Burası şitillik Azərbaycanı - bu məkanda bankir öz bankını talayır, nazir öz nazirliyini «sökür», şəhər (rayon) başçısı sakinləri «soyur» - şəhəri (rayonu) satıb-sovur, prokuror, hakim, polis vətəndaşlardan rüşvət almaqla milyonlar toplayır...
Burada bir maraqlı məqam var ki, dünyada tayı-bərabəri yox - bəs, Azərbaycanın ordu generalları milyonları haradan və necə əldə edirlər? Onlar daha durub «sısqa əsgər»dən rüşvət alası deyillər ki. Bəs, hansı mənbədən? Bu sualı korrupsiya ilə mübarizə strukturları üçün açıq saxlayıb, keçirəm generallarla bağlı digər mətləbə...

1992-ci ildə müharibənin qızğın çağlarında həmin N.Sadıkov səhv etmirəmsə, Ağdərə istiqamətindəki hərbi hissənin komandiri idi - rütbəsi də podpolkovnik. Amma indi N.Sadıkov general-polkovnikdir və Müdafiə Nazirliyi Baş Qərargahının rəisidir. Açıq mənbələrin məlumatlarından o da aydın olur ki, generalın varı-dövləti başından aşır. Sağlığına qismət olsun! Amma gərək elə etsin ki, sağlığına qismət ola bilsin. Daha uşaqları sıravi polisin anasını söyməsin, kasıb-kusubu təkər altına almasın və ən vacibi - sərvətinin mənbəyini açıb göstərsin...
Bunu, bir misal olaraq önə çəkdim. İndi ölkəmizdə belə generalların sayı onlarladır və «yağışdan sonra göbələk» sürəti ilə artmaqda davam edir - hamısı da qısa müddətdə milyonçuya çevrilir...
Nazirlərin əksəriyyətinin övladlarının adları oliqarxlar sırasında çəkilir. Dövlətin xəzinəsi, vətəndaşların cibləri boşaldıqca, nazirlərin, məmurların sərvəti «şişir»...
Gözəl bir atalar məsəlimiz var: «Ağac bar gətirdikcə, başını aşağı əyər». Amma bizim milyoner-milyarderlər bu fikirdə deyillər. Oğurluğun, talan-qarətin, korrupsiyanın miqyası-dərəcəsi yüksəldikcə, onların «pul seli» də güclənir. Pul çoxaldıqca bizim varlıcığazlar başlarını daha da dik tutmağa çalışırlar - lap cır xoruz «qabaran» kimi! Pulun çoxluğu onları yeni-yeni əxlaqsızlığa, simasızlığa, mənəviyyatsızlığa, əyyaşlığa... sövq edir. Sərvətin yaratdığı cəzasızlıq, özünəarxayınlıq onların gözlərini elə bağlayır ki, səhərə yaxın gecə klubundan, restorandan, qumarxanadan, fahişəxanadan və s. qayıdarkən, yolda qarşısına çıxan hər kəsi təkər altına almağa hazır olurlar. Belə getsə, bu sayaq davranışa görə, Azərbaycanın milyarderləri üçün yeni bir «Şiri-Xurşid» ordeni təsis etməli olacağıq. Yeni ordenin də 3 dərəcəsi olsa yaxşıdır ki, onları əldə etmək bir növ, «puluna minnət» olsun - kim hansı dərəcəni istəyirsə, alıb taxsın mübarək sinəsinə...
Bu, lap məzə olar ki! Pul var, bahalı avtomobil var, «Şiri-Xurşid» ordeni də mübarək sinəsindən asılı - daha nə qaldı?! Gecələr, özünü ver əyləncə məkanlarına - ye, iç, kef elə, məsti-xumar ol. Elə bu vəziyyətdə də səhərə yaxın otur arabanın sükanı arxasında və ucadan oxumağa başla:
Eylə sərməstəm ki, idrak etməzəm, dünya nədir?
Mən kiməm, saqi olan kim, meyü-səhpa nədir?
İşdi-şayət, polis-molis saxlatsa, düşünmədən anasına söy və sürüb üstündən keç! Soruşsalar, deyərsən: «Mən ki, məcnunəm»!
O tərəfdə də nazir kabinetində kresloya sərələnmiş atacığı utanmadan deyəcək: «Şeyx Əhməd, məgər bunlar bilmirlər ki, ya, mənim yeməgim gündə bir xurmaduuuuuurrrr?»
Burası şitillik Azərbaycanı - bu məkanda elmə-təhsilə qara qəpik də verən yoxdur. Təhsil-məhsil lap axırıncı plana keçirilib, əsas məşğuliyyət pul qazanmaqdır - mümkün olan bütün vasitələrlə. Heç nədən utanmadan, ar eləmədən, heç nədən çəkinib-ehtiyat etmədən. Bu da lənətin bir formasıdır - keçib Azərbaycanın boğazına. Yüz il bundan əvvəl rəhmətlik Sabir yazırdı - «oxutmuram, əl çəkin». İndi «zülmət məxluqu»nun sevimli övladcığazı özü deyir: Eyləməyin dəngəsər, oxumuram, əl çəkin!
Siz təzada bir fikir verin - zülmətin hakim olduğu bu ölkədə «meymun şüurlu» homo-erektus ən bahalı, ən mukəmməl minik maşınının (məsələn, "Mercedes"in) sükanı arxasında oturub, yolboyu şütüyür və heç fikrinə də gətirmir ki, ayə, nə üçün bu maşının heç olmasa, bircə «şurup»u Azərbaycanda istehsal olunmur?!
Bu ölkədə meymun «Mercedes» sürür. Bəs, meymun «Mercedes» sürəndə nə olar? Özünüzə əziyyət verib, çox da düşünməyin. O zaman alim təkər altına düşüb, qanına qəltan olar! Necə ki, bu yaxınlarda Bakının Yasamal rayonunda oldu - Elmlər Akademiyası Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Seyidrzayeva Seyidnisə Mirtağı qızı təkər altına düşərək, bu dünyaya «əlvida dedi» (Allah rəhmət eləsin!). Böyük ehtimalla, maşını idarə edən də elə mən yazdığım meymun şüurlu «homo-erektus» - lardan biri olub.
Burası şitillik Azərbaycanı - burada alim ölər, meymun qalar!!!
Bu məqamda, az qalırsan, məşhur bayatını bağırasan:
Əzizim, ulu dağlar,
Çeşməli, sulu dağlar,
Burda bir «VƏTƏN» ölüb,
Göy kişnər, bulud ağlar!
Mirzə AĞ
AzPolitika.info

Şərhlər