Türkiyədən Naxçıvana qayıdan Azərbaycan vətəndaşlarının mobil telefonlarına Sədərək gömrüyünü keçdikdən sonra “Naxçıvana xoş gəlmisiniz” mesajının gəldiyi haqda AzPolitika.info-nun dünənki məlumatına "Azercell Telekom" un Mətbuat Xidməti reaksiya verib. Elektron poçtumuza daxil olan məktubu qısa ixtisarla təqdim edirik:

"Hörmətli həmkarlar!

Saytınız tərəfindən “Azercell Telekom” MMC-nin fəaliyyətinə qarşı yönəlmiş neqativ, qərəzli məlumatların yayımlanması ilə bağlı aşağıdakıları bildiririk:

“Azercell Telekom” MMC Azərbaycanda fəaliyyətə başladığı gündən ən yeni texnologiyaların tətbiqi, yüksək keyfiyyətli mobil rabitə şəbəkəsi və müştəri xidmətlərinin təminatçısı olmaqla hər zaman ölkəmizin normativ aktları çərçivəsində fəaliyyət göstərir. 28 yanvar 2014-cü il tarixində saytınızda dərc etdiyiniz materialda “Azercell-in Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alması ittihamları tam olaraq əsassız, qərəzli və ictimaiyyət qarşısında şirkətimizin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Azərbaycan Respublikası Ermənistanla uzun müddət müharibə şəraitində olduğundan, bu ölkə ilə heç bir iqtisadi münasibətlərə malik deyil. Bu baxımdan, yanlış olaraq məqalədə qeyd etdiyiniz və guya “Azercell Telekom” MMC tərəfindən abunəçiyə “Ermənistana xoş gəldiniz” elanının göndərilməsi “Azercell Telekom” MMC-nin telekommunikasiya şəbəkəsinə aid edilə bilməz. RoamCELL xidməti çərçivəsində xarici ölkənin operatorunun şəbəkəsi seçildikdə və həmçinin, müəyyən müddətdən bir Xoş Geldin ( “Bon Voyaj”) mesajınin göndərilməsi nəzərdə tutulur. Ümumiyyətlə, abunəçilərə ölkə daxilində (telekommunikasiya rabitəsi radiosiqnallar vasitəsi ilə həyata keçirildiyini nəzərə alaraq, xüsusən də, sərhədyanı bölgələrdə) və yaxud rominqdən istifadə edərkən müvafiq cihazda şəbəkə seçilməsinin qeyri-avtomatik üsulla sazlanması tövsiyə edilir.

Bundan başqa sayta yayımlanan məlumatlarda və istinad edilmiş foto şəkildəki əks olunanlar ilə əlaqədar nəzərinizə çatdırırıq ki, sosial şəbəkə, geolokasiya (yerləşmə yeri) və hər hansı internet saytda istifadəçinin dünyanın hanısa yerində olduğunu qeyd etməsi, həmin şəxsin məhz orada olması anlamına gəlmir və belə bir məlumatın qeyd edilməsinin hər hansı operator və ya internet provayderinə aidiyyatı olduğunu iddia etmək heç bir məntiqə sığışmır.

Beynəlxalq rabitə əlaqəsi və rominq xidmətlərinin Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq qurumları vasitəsi ilə təqdim edildiyini və nəinki “Azercell Telekom” MMC-nin, ümumiyyətlə Azərbaycan Respublikasında fəaliyyət göstərən hər hansı bir operatorun Ermənistanla heç bir rominq sövdələşməsinə malik olmamasını, həmçinin, sosial şəbəkə və GPS (yerləşmə yerlərinə dair proqram təminatlarına) müdaxilə etmək imkanının olmamasını nəzərə alaraq, əsassız və yersiz olaraq, vətəndaşlarımızın çaşdırılmasına səbəb olan ictimaiyyətə qarşı aldadıcı, mənfi rəy formalaşdıran məlumatın bu formada təqdim edilməsinin qarşısını almağı tələb edirik.”