Avropa Birliyi ilə Rusiya arasında Brüsseldə keçirilən görüş zamanı Rusiya prezidenti Vladimir Putin avropalı diplomatlara Ukraynadakı siyasi böhrana müdaxilə etməməyi məsləhət görüb. Öz çıxışı zamanı Putin deyib:

”Bu məsələdə nə qədər çox vasitəçi olarsa, bir o qədər də problemlər artar. Mən anlaya bilmirəm ki, doğrudanmı Ukraynanın bu vasitəçılərə belə böyük ehtiyacı var? Təsəvvür edirəm ki, əgər Yunanıstanda və ya Kiprdə keçirilən hər hansı anti-Avropa mitinqləri zamanı bizim xarici işlər nazirinin orada xüsusi bəyanatla çıxış etməsinə Avropa Birliyi necə reaksiya verərdi.”

Putinin bu sözlərinə cavab olaraq isə AB sədri Herman Van Rompey bildirib ki, xanım Eşton hər iki tərəfi “demokratik qaydalar” çərçivəsində barışdırmağa və zorakılığın qarşısının alınmasına cəhd göstərəcək. Ukraynadakı hadisələrlə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrov da maraqlı fikirlər söyləyib. O bildirib ki, Ukraynada baş verən son hadisələr Qərbin birbaşa apardığı siyasətin təzahürüdür və vəziyyəti “süni şəkildə çalxalayır”.

Lavrov daha sonra bunları əlavə edib: “Biz istəməzdik ki, Avropadakı bir çox məsləkdaşlarımız özünü səbatsız aparsın. Ümumiyyətlə bəzi diplomatların Kiyevdəki Maydana gedib hökumət əleyhinə mitinqdə iştirak etməsi qətiyyən yaxşı hal deyil. Bu sadəcə olaraq ayıbdır və vəziyyəti qızışdırmağa xidmət edir”.

V.Nəsibov