Menu

Türkiyədə gərginlik artır - PKK-nı məhv etmək mümkün olacaqmı?

07.09.2015, 21:22
Türkiyədə gərginlik artır - PKK-nı məhv etmək mümkün olacaqmı?

Ötən gün Türkiyədə, Dağlıca adlanan ərazidə Türkiyə ordusunun zirehli avtomobillərinə qarşı təşkil edilmiş terror aktı ölkə mətbuatının və siyasi dairələrin gərgin müzakirəsinə səbəb oldu. Terror aktında 16 əsgərin şəhid olub və 6 əsgər  yaralanıb.

Hadisədən dərhal sonra TSQ terrorçulara aid 13 hədəfə hava zərbələri endirib, 250-dən çox terrorçunu mühasirəyə alıb. Müxtəlif mənbələrdən alınan məlumata görə, dünəndən bəri atışmalarda 100-dən çox terrorçu öldürülüb.

Prezident Rəcəb Tayyib Ərdoğan terrora qarşı mübarizənin sona qədər aparılacağını bildirib.

PKK-ya yaxınlığı ilə seçilən HDP həmsədri Selahattin Demirtaş Dağlıca xəbərini sanki sevincək qarşılayıb. Sosial şəbəkədə “xalqın qarşısında ordu da, polis də dura bilməz” deyə yazan kürd siyasətçi, PKK terrorçularının hərəkətini “xalqın iradəsi” kimi təqdim edib.

PKK və onun tərəfdarlarını sərt tənqid edən, eyni zamanda “400 vəkil” açıqlamasına görə R.T.Ərdoğanı qınayan MHP sədri Dövlət Baxçalı Dağlıca hadisəsində ölən və yaralananlarla bağlı dəqiq məlumatların açıqlanmasını tələb edib.

CHP sədri Kemal Kılıçdaroğlu isə hadisədən sonra Türkiyəni siyasi partiya rəhbərləri ilə təmaslara başlayıb. Parlamentin xüsusi içlasının çağrılmasına çalışır.

Koalisiyon hökumət danışıqlarının uğursuz nəticələnməsi və anti-terror əməliyyatlarının uzanması üzündən, Türkiyədəki proseslər getdikcə daha da gərginləşir.

Türkiyənin şərqində dinc əhalinin də proseslərə cəlb olunması, bəzi terrorçuların yaşayış evlərinin damından atəş açması anti-terror əməliyyatlarını çətinləşdirir. Düzdür, Türkiyə ordusu iyulun 20-dən bəri reallaşdırdığı hava zərbələri və anti-terror əməliyyatları nəticəsində xeyli terrorçu məhv edib, minlərlə şübhəlini nəzarətə alıb, həmçinin PKK-nin əsas düşərgələrini darmadağın edib. Ancaq terrorçuların silahı buraxmaması və siyasi yola maraq göstərməməsi, “siyasi yolu” təmsil edən HDP-nin isə 80 millət vəkili qazanmasından sui-istifadə etməyə çalışması “Nizamlama prosesi”nin bərba edilməsinə imkan vermir.

Digər tərəfdən, beynəlxalq ictimaiyyətdə PKK ilə mübarizədə Türkiyəyə açıq dəstək nümayişi hiss olunmur. İŞİD-ə qarşı hava zərbələri dəstəklənsə də, ABŞ və Almaniyanın yüksək siyasi dairələri Ankaranı PKK ilə problemi dialoq yoluyla həll etməyə çağırıb. Dialoq yolu isə hələ görünmür...

Bu gərginlik Türkiyədə separatçılığın daha da möhkəmlənməsinə gətirib çıxaracaqmı?

Bir çox ekspertlər həyəcanverici proqnozlar səsləndirsə də, regionda ən güclü orduya və kəşfiyyat sisteminə malik olan, PKK-nın əsas güc mərkəzlərini darmadağın edən Türkiyənin qarşısında  separatçılığın uzun müddət dayanması real deyil.

Kürdəsilli elektorat dövlətin anti-terror əməliyyatlarını açıq şəkildə dəstəkləməsə də, Türkiyədən qopmağın acı fəlakətlər və təhdidlər daşıyacağı heç kim üçün gizli deyil. Həmçinin, separatçılıq yolu Türkiyənin müxtəlif biznes dairələrində möhkəmlənən kürd iş adamlarının da maraq dairəsində deyil.

Qərb dairələri hazırda PKK-ya qarşı hücumları pisləsələr belə, Türkiyənin – NATO üzvünün bölünmə təhlükəsi ilə üz-üzə qalması Vaşinqton və Brüsselin maraqlarına cavab vermir.

Ankaranın davamlı təzyiq altında saxlanılması hansısa siyasi qrupların marağında ola bilər, lakin yaxın bir neçə ay ərzində PKK-nın kiçik bir formatda “öz qınına çəkilməsi”, nizamlanma prosesinin ləng də olsa davam etməsi daha gözləniləndir.

Rüfət ƏHMƏDZADƏ

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol