«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın müxalif Sol partiyasından olan siyasətçilər - Sara Vagenkext və Ditmar Bartş Avropada yaşanan hazırkı qaçqın böhranının yaranmasına görə, məsuliyyəti ABŞ-ın üzərinə qoyublar. Bu barədə siyasi təşkilatın proqram sənədində söhbət açılır (TASS).
«ABŞ-ın rəhbərliyi altında Qərb dövlətləri bütöv regionlarda sabitliyi pozaraq, bu ərazilərdə terrorçu təşkilatların ortaya çıxmasını mümkün hala gətirib, onlardan bir alət kimi istifadə ediblər. Məsələn, «İslam dövləti» kimi başkəsənlər dəstəsinə dolayı dəstək verilib, Almaniyanın müttəfiqləri olan dövlətlər isə oraya sərbəst şəkildə pul və silah göndəriblər. Milyonlarla insan sərt vətəndaş müharibələrinə düçar edilib»-deyə, Vagenkxet və Bartş yazır.
Siyasətçilər, Almaniya Federativ Respublikasını (AFR) ABŞ-a qarşı sərt mövqe tutmağa çağırıblar ki, Vaşinqtonda da Avropa İttifaqının üzləşdiyi qaçqın probleminin həlli üzrə müvafiq hərəkətlər edilsin.
«Əgər Federal hökumətdə heç olmasa, bir qədər qətiyyət olsaydı, o zaman faciənin baş günahkarı olan ABŞ-dan tələb edərdi ki, ən azı, bu böhranın doğurduğu maliyyə xərclərinin bir hissəsini əvəzləsin»-deyə, siyasətçilər qeyd edirlər.
AzPolitika.info


Şərhlər