Avqustun ikinci yarısında və sentyabrın əvvəlində Rusiyanın Suriyaya silah-sursat daşımasının həcmi artıb. Hərbi ekspert Yuriy Lyamin öz bloqunda son aylarda Qara Dəniz boğazlarında görülən rus gəmilərinin adlarını və şəkillərini yayımlayıb.
Ekspert qeyd edib ki, son bir ayda həm reyslərdəki sıxlıq, həm də texnika yardımının həcmində xeyli artım var. Sentyabrın 7-də Bosfor boğazını hərbi texnika ilə yüklənmiş “Saratov” desant gəmisi keçmiş, ondan bir neçə gün əvvəl isə “Aleksandr Tkaçenko” mülki gəmisi Suriyaya zirehli avtomobillər daşımışdı. Lyamin “Aleksandr Tkaçenko” gəmisinin “Suriya ekspresi”ndə istifadə edilməsini “ilk mülki gəmidən istifadə” kimi qeydə alıb. 8-16 avqust tarixlərində isə Rusiyadan Suriyaya silah-sursat daşınmasında “Novoçerkassk”, “Azov”, “Korolyov” və “Sezar Kunikov” gəmiləri iştirak ediblər.
Rusiyanın rəsmi mənbələri də Suriyaya silah-sursat təchizatının artımını inkar etmirlər. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ötən gün bildirib ki, Moskva Dəməşqə silah satdığını gizlətmir və bundan sonra da Suriyaya silah satışına davam edəcək.
Bu açıqlamanın özü Rusiya qoşunlarının Suriyada mövcudluğu və ikitərəfli əmədaşlığa dair olan ictimai marağı artırmış oldu.
Bazar ertəsi günü Yunanıstan səmasında “Suriyaya humantar yardım aparan” təyyarələr göründü. Rusiya təyyarələrinin Yunanıstan üzərindən Suriyaya uçması ABŞ-da da narahatlığa səbəb oldu. Sosial şəbəkələrdə Rysiyanın Tartusdakı hərbi bazaya yeni kontingent yollaması barədə məlumatlar da yayıldı. Rusiya XİN isə Tartusdakı bazanın yalnız gəmilərə texniki xidmətlər göstərən məntəqə kimi istifadə olunduğunu bildirib.
Avqustun sonlarında Suriyanın Latakiya vilayətində gedən döyüşlərə dair bir video diqqəti çəkib. Həmin videoda Rusiya ordusunun nömrəsi ilə BTR-82a zirehli texnikası və həmin texnikadan yayılan rus dilində sözlər Rusiya ordusunun Suriyada döyüşməsinə dair şübhələr yaradıb. Həmçinin bu hadisədən bir neçə gün sonra İdlibdə Rusiyanın “Pçela-1T” pilotsuz uçuş aparatının da görünməsi iddiaları daha da möhkəmləndirib. Həmin ərazidə 3 qırıcı təyyarə də qeydə alınıb ki, onların Rusiyaya aid olduğu deyilir.
Məşhur Rusiya müxalifətçisi Navalnıya yaxın bloqqer Leviyevin sözlərinə görə, Suriyada Rusiyanın yalnız artilleriyası (şəxsi heyətlə birlikdə) və bir neçə hərbi təyyarəsi iştirak edir. “New-York Times” qəzeti məlumatlı mənbəyə istinadən Suriyadakı rusiyalı hərbçilərin sayını minə yaxın göstərib. Qəzet yazır ki, Rusiya bu ölkəyə quru qöşunları göndərməyə hazırlaşmır, lakin Əsədin məğlub olacağı halda, müxalifət qüvvələrinə hava zərbələri endirmək üçün Suriya aeroportlarından istifadə etməyə çalışacaq.
Bəşər Əsədin mövqeləri həqiqətən də zəifləməkdədir. ABŞ və digər Qərb ölkələrinin dəstəyi ilə güclənən müxalif qüvvələr hakimiyyət qüvvələrini küncə sıxışdırmaqda davam edir. Digər tərəfdən də İŞİD əsas strateji obyektləri ələ keçirir. Bu günlərdə “İslam dövləti”nin döyüşçüləri Suriyanın mərkəzi hissəsində yerləşən “al-Jazal” yatağını ələ keçirib ki, bu da Əsədin nəzarət etdiyi son neft yatağı hesab olunurdu.
Bəşər Əsəd küncə sıxılsa da, onu Qəddafinin taleyi gözləyirmi – bunu kimsə deyə bilməz. Çünki Rusiya Əsəd rejiminə dəstək verməklə, həm də bunu son günlər nümayişkəranə bəyanatlarla gündəmə gətirməklə, regiondakı mövcudluğunun nəzərə alınmasını istəyir.
ABŞ-ın nəzərinə çatdırılır ki, Suriyanın müxalif qüvvələri yalnız Əsədlə döyüşmür.
Latakiyada daha güclü Rusiya hərbi bazasının tikilməsi barədə məlumatlar da ABŞ-ın siyasi dairələrini narahat edib.
Aİ-də də narahatlıq dialoqa meyillərlə müşahidə olunur. Fransa XİN Suriyadakı vətəndaş müharibəsinin tənzimlənməsində və İŞİD-lə mübarizədə Əsəd rejimi ilə də, Rusiya ilə də dialoqu münasib sayır. İtaliya isə anti-İŞİD əməliyyatlarında iştirak etməyəcəyini açıqlayıb və bu məsələdə siyasi həll yoluna üstünlük verdiyini bəyan edib.
Belə olduğu halda, siasi həll yolu danışıqlardan keçir. O danışıqlardan ki, masanın arxasında Putin və Əsəd oturub. Qərb çoxdan bu variantı imkan edirdi. Amma indi məcburdur.
Ən azından, Avropa ictimaiyyəti də bunu tələb edir – tezliklə həll yolu tapılmasa, qaçqın böhranı Aİ-ni daha çətin duruma salacaq.
ABŞ isə təkbaşına proseslərə nəzarət etməkdə daha çox çətinlik çəkəcək... Suriyada rus qoşunlarının sayı artdıqca, Qərbin qətiyyəti daha çox sarsılır. Bu cür gedişat fonunda isə atəşkəs yaratmaq və Suriyanın müvəqqəti olaraq faktiki 2-3 "dövlət"ə bölünməsinə yol açmaq təklifləri gündəmə gəlir. Əgər 4 ildə "bir qalib" müəyyən etmək mümkün olmayıbsa, "priz"i bölüşdürmək ən məntiqli variant kimi görünür. Lakin əsas məsələ yenə də İŞİD-dir. Qərb, həqiqətən də, İŞİD-i məhv etmək istəyirmi?
Rüfət Əhmədzadə
AzPolitika.info


Şərhlər