Kanadanın Baş naziri Stiven Harper bazar ertəsi «CBC» telekanalının müvafiq sualına cavab verərkən deyib ki, Qərb ölkələri Suriyadan, İraqdan və Liviyadan Avropaya axışan qaçqınlarla bağlı situasiyaya görə, prinsipial məsuliyyət daşımırlar (TASS).
«Mən düşünmürəm ki, bu, doğrudan da Qərbin prinsipial məsuliyyətidir, amma razılaşıram ki, zəngin və imtiyazlı millətlər olaraq, biz onlara kömək etməliyik»-deyə, Harper qeyd edib.
Harper onu da bəyan edib edib ki, qaçqınlara yalnız hərtərəfli köməklik göstərməklə Avropada yaşanan miqrasiya böhranını həll etmək mümkün deyil və onu doğuran səbəblə - «İslam dövləti» qruplaşmasının döyüşçüləri ilə mübarizəni davam etdirmək lazımdır.
«Bu (qaçqınlara köməklik göstərmək - red.), çıxış yolu deyil və aydındır ki, problemin həllinin bir hissəsidir. Amma biz, eyni zamanda, bu problemin səbəbi ilə mübarizə aparmaq istiqamətində imkanımızda olan hər şeyi etməliyik...»-deyə, Harper əlavə edib.
Onun sözlərinə görə, Kanada hökuməti bu məqsədlə beynəlxaq köməyə çox səxavətli bir məbləğ qatacaq, amma konkret rəqəm səsləndirməyib.
Bundan əvvəl Harper bəyan etmişdi ki, Kanada, suriyalı və iraqlı qaçqınları qəbul etməkdə olacaq, hakim Mühafizəkarlar partiyasının parlament seçkilərində qələbə çalacağı təqdirdə isə əlavə olaraq, bu ölkələrdən gələn daha 10 min məcburi köçkünə sığınacaq verəcək.
AzPolitika.info


Şərhlər