Menu

"İlin sonuna qədər devalvasiya gözləmirəm" - Nazim Məmmədov

09.09.2015, 15:42
"İlin sonuna qədər devalvasiya gözləmirəm" - Nazim Məmmədov

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan manatının bundan sonra devalvasiyası ehtimalını qiymətləndirib. Agentliyin maliyyə təşkilatları üzrə analitik qrupunun direktoru Dmitri Vasilyevin sözlərinə görə, bir çox MDB ölkələrində devalvasiya dərin getsə də, Azərbaycanda növbəti devalvasiya riskinin ehtimalı 50 faizdən aşağıdır.

D.Vasilyevin açıqlamasını AzPolitika.info-ya şərh edən iqtisadçı ekspert Nazim Məmmədov bildirib ki, o da yaxın aylarda növbəti devalvasiyanın olacağını mümkün hesab etmir: “Azərbaycan manatının dönərli valyutalara görə dəyəri başqa ölkələrdəki kimi banklararası valyuta birjalarında təyin olmur. Buna görədə milli pulumuzun məzənnəsi, devalvasiyanın olub-olmayacağı birmənalı olaraq Mərkəzi Bankın pul-kredit siyasətindən asılıdır. Bu gün əsas söz sahibi bazar yox, Mərkəzi Bankdır. Ona görə, mən də bu ilin sonuna qədər hər hansı bir devalvasiyanın olmasını gözləmirəm”.

Bəs bazardakı qiymətlərlə bağlı hansı proqnozlar vermək olar? Ümumiyyətlə, sosial- iqtisadi vəziyyətdə, əhalinin alıcılıq qabiliyyətində hansı dəyişikliklər gözlənilir?

Ekspertin sözlərinə görə, hazırda bazardakı qiymətlər heç də ürəkaçan deyil: “Çox qəribə, təzadlı bir vəziyyət yaranıb. Milli valyutaları ucuzlaşan ölkələrdən belə Azərbaycana idxal olunan malların qiymətləri artır. Bunu hər bir vətəndaşımız bazarlarda, marketlərdə müşahidə edir. Ancaq bu malların qiyməti iqtisadi qanunlara görə, aşağı düşməli idi. Bunu səbəblərini analiz etdikdə görürük ki, qiymət artımı idxalda olan monopoliya və daxili bazarda şəffaflığın, rəqabətin olmaması, həmçinin fürsətçiliklə bağlıdır”.

Bəs problemin həlli üçün hansı addımlar atılmalıdır. N.Məmmədov hökumət tərəfindən stimullaşdırıcı addımlar atılmasının vacibliyini vurğulayır: “Ona görə, hökumətə tövsiyəm odur ki, Mərkəzi Bankla birlikdə Azərbaycan sahibkarlığını ucuz, uzunmüddətli pul resursları ilə təmin etməyə yönələn addımlar atsınlar. İqtisadi fəallığın artmasını və daxili bazada yerli istehsalçılar vasitəsi ilə mal bolluğunun yaradılmasını stimullaşdırsınlar. Buna qədər isə Nazirlər Kabineti institusional, struktur islahatları aparmalı, dövlət idarəetmə xərclərini azaltmalıdır. Həmçinin sahibkarlara hər cür təzyiqlərə son qoyulmalı, bir sözlə iqtisadi fəaliyyət də ASAN-laşdırılmalıdır”.

Rüfət

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol