Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətində yeni başçı Zakir Fərəcov şəhərdə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri ilə ilk görüşünü keçirib. Modern.az saytının əldə etdiyi məlumata görə, yeni başçının tənqid hədəfi ilk növbədə Təhsil şöbəsinin müdiri əvəzi Vaqif Ələkbərov olub. Zakir Fərəcov iclas zamanı deyib ki, şöbə müdiri əvəzi sentyabrın 8-də şəhərdəki bütün məktəb direktorlarının hərəsindən 500 manat pul yığaraq, guya ayın 10-da keçiriləcək konfrans ərəfəsi kimlərəsə hədiyyə alınacağını bildirib.Vaqif  Ələkbərovun digər qanunsuz əməllərini də sadalayan icra başçısı onu birbaşa iclas zalından qovub.

Digər məlumata görə, Zakir Fərəcovun tənqid etdiyi şəxslərdən biri Sumqayıt şəhər Arxitektura və Memarlıq İdarəsinin rəis müavini Kamil Məmmədov olub. İcra başçısı son illər şəhərdə bu sahədə ciddi qanun pozuntularına yol verildiyini və bu əməlinə görə Kamil Məmmədov da olmaqla hər kəsin cavab verəcəyini bəyan edib.

İclasda şəhər Kommunal Təsərrüfatı Departamentinin rəhbəri, eləcə də şəhər təsərrüfatına cavabdeh olan digər şəxslər də Zakir Fərəcovun qınağına tuş gəliblər.

Məlumatda qeyd edilir ki, icra başçısının Dezinfeksiya İdarəsinin rəisi ilə maraqlı dialoqu da olub. Zakir Fərəcov rəisə hər gün Bakıdan Sumqayıta gəlib-getdiyini, aylıq əmək haqqının 300 manat olduğunu xatırladaraq, bu məbləğin onun bahalı avtomobilinin heç yanacaqpulu etmədiyini bildirib.

İcra başçısı son illər Sumqayıtda əhalinin narazılığına səbəb olan məsələlərlə bağlı daha ciddi faktlarının olduğunu və buna heç kəsin məsuliyyətdən yaxa qurtarmayacağını vurğulayıb.

Qeyd edək ki, Eldar Əzizov Gəncədən Sumqayıta icra başçısı təyin olunandan sonra bu şəhərdə çox sayda vəzifəyə öz adamlarını təyin edib. Zakir Fərəcovun yaxın zamanda həmin şəxslərin hamısını işdən çıxaracağı istisna edilmir.

---

Müşavirədə bildirilib ki, ən çox nöqsanların olduğu qurumlardan biri də Memarlıq və Şəhərsalma İdarəsidir. İdarənin müdir müavini Kamil Məmmədovun məruzəsi dinlənildikdən sonra icra başçısı Zakir Fərəcov şəhərdə acınacaqlı vəziyyətin hökm sürdüyünü, tikinti qaydalarının kobud şəkildə pozulduğunu, şəhərin estetik görünüşünün bərbad hala salındığını və tikintilərin şəhərin Baş planına uyğun olaraq aparılmadığını və nəhayət bu özbaşınalığa şərait yaradanların ciddi şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.

İcra başçısı Kamil Məmmədovun fəaliyyətini sərt tənqid edib:“Kamil müəllim, bilirsinizmi sizi sakinlərin əlinə versəm, nə edərlər?! Cavab vermək istəmirsinizsə, deyim, sizi parçalayarlar, didərlər. O qədər sumqayıtlıları, sahibkarları incitmisiniz, o qədər onlara süni əngəllər yaratmısınız ki! Memarlığın rəisi Həsən müəllimin isə sanki heç bir səlahiyyəti yoxdur, oturub kabinetində çay içir.

Bütün işləri müavin Kamil müəllim “həll edir”.

Siz şəhərin yaşıllığını məhv etmisiniz. 50-60 il öncə əkilən ağacların kəsilməsinə rəvac vermisiniz. Şəhərdə yer qoymamısınız, bircə binaların damları qalmışdı. Gördüyünüz işlər də göz qabağında, parkda Heydər Əliyevin adına tikilən mərkəz heç elə böyük şəxsiyyətə layiqdirmi?! O adi bir obyektə oxşayır, sadəcə içini bir az şəkillərlə bəzəmisiniz.

Sülh küçəsi bərbad haldadır, qeyri-standart obyektlər ard-arda düzülüb, 90 faizinin də sənədi qanunsuzdur. İndi mən onları necə sökdürüm? Bir çoxları kasıb insanlardır, əksəriyyətinin krediti var. Biz gərək kompromisə gedək, kompensasiya ayıraq onlara. Mən əgər dərhal o obyektləri sökdürsəm, insanlar daha çətin duruma düşərlər, stress, xəstəlik taparlar. Niyə məni insanlarla üz-üzə qoyursunuz?! Odur ki, özünüz camaatla danışarsınız, səhvlərinizi düzəldərsiniz”.