Ermənistanın KİV-lərində yanvarın 29-da Ermənistan-Gürcüstan sərhədindəki “Baqrataşen” sərhəd məntəqəsindən Ermənistana keçmiş Azərbaycandan olan Orucovlar ailəsi ilə bağlı məlumatlar çoxluğu diqqət çəkir. Bildirilir ki, ailə başçısı, Bakı sakini Cavid Orucov (1976 anadan olub) həyat yoldaşı və üç uşağı ilə birlikdə Ermənistan hökumətindən siyasi sığınacaq istəyib.
Məlumatlara görə, Ermənistanın Milli Təhlükəsizlik Xidməti və Xarici İşlər Nazirliyi təsdiq edib. C.Orucovun etiraflarına görə, o, guya, Azərbaycanda əslən erməni olan Roya Mirzəyeva ilə ailə qurduğuna görə təqib olunurmuş. Bundan başqa, C.Orucov deyir ki, Azərbaycanda ikən ölkənin xüsusi xidmət orqanları ilə məcburi olaraq əməkdaşlığa cəlb olunmuş və həyat yoldaşının xaricdə yaşayan qohumları vasitəsilə Ermənistan və erməni diasporu barədə məlumatlar öyrənib, xüsusi xidmət orqanlarına ötürürmüş.
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arif Babayevin Bakupost.az-a verdiyi açıqlamasına görə, təmsil etdiyi qurum hazırda məsələ ilə bağlı araşdırma aparır. Xəbərə skeptik yanaşan MTN rəsmisi baş vermiş hadisə ilə bağlı daha ətraflı məlumatı bazarertəsi günü açıqlayacağını deyib.(musavat.com)

Şərhlər