Müdafiə Sənayesi Nazirliyi “Yeni Müsavat” qəzeti redaksiyasını və qəzetin əməkdaşı E. Hüseynovu məhkəməyə verib. Nazir Yavər Camalovun hüquqşünaslarının xüsusi ittiham qaydasında tərtib etdikləri ittihamda redaksiyanın 100 min manat cərimə olunması, təkzib verilməsi və müxbirin həbsi tələb olunur.
Xüsusi ittihamçını narazı salan isə qəzetin 9 yanvar 2014-cü il tarixli sayında dərc olunan “Yararsız məmulatı qəbul etməyə məcbur edildiyinə görə özünü asdı” sərlövhəli yazıdır. Redaksiyaya daxil olan məktub əsasında hazırlanan yazıda Yavər Camalovun tabeliyindəki “Radioquraşdırma” zavodunda baş verənlərdən söhbət açılırdı. MSN hüquqşünaslarının Xətai rayon Məhkəməsinə təqdim etdiyi xüsusi ittiham qaydasında şikayətdə iddia olunur ki, yazıda adı çəkilən şəxslərin guya şərəf və ləyaqətləri alçaldılıb. Eyni zamanda, zavodun MSN-in qabaqcıl istehsal müəssisələrindən olduğu qeyd edilir. Orfoqrafik səhvlərlə zəngin olan şikayətdə zavod direktorunun səmərəli fəaliyyətinə görə mükafatlandırılmasından, əvvəllər məhkum olunmamasından da söhbət açılır.
Musavat.com-un məlumatına görə, Xətai Rayon Məhkəməsindən redaksiyaya fevralın 1-də daxil olan xüsusi ittiham qaydasında şikayətə əlavə olunmuş məhkəməyə çağırışda göstərilir ki, ilkin baxış iclası 31 yanvar 2014-cü ilə təyin edilib. Bu gecikməli xəbərdarlığa görə redaksiyanın nümayəndəsinin həmin iclasda iştirakı mümkün olmayıb.

Şərhlər