“Aztelekom”la BTRİB-in birləşdirilməsi məsələsi bu iki qurumun rəhbərini düşmən edib
Məhəmməd Məmmədovla Beytulla Hüseynov yeni yaradılacaq vahid quruma rəhbərlik etmək üçün hərəkətə keçib
Azərbaycanda bir neçə önəmli dövlət qurumu birləşdiriləcək. “Yeni Müsavat”a bu barədə daxil olan məlumata görə, hazırda birləşdiriləcək qurumların əsasnamələri və bazası hazırlanır. Onların fəaliyyət istiqamətlərinə əlavə və dəyişikliklər edilməsi üzərində iş gedir. Məlumatda o da bildirilir ki, birləşdiriləcək qurumlar arasında prezident İlham Əliyevin ötən il oktyabrın 22-də hökumətin yeni tərkibini formalaşdırarkən sədrlərini təsdiq etmədiyi 7 dövlət komitəsi və agentliyi də var. Onlardan bir neçəsi birləşdirilərək yeni qurumlar yaradılacaq.
Birləşdirilməsi yaxın vaxtlarda reallaşdırılacaq və bu istiqamətdə artıq ciddi addımların atıldığı qurumlardan ikisi isə “Aztelekom” İstehsalat Birliyi ilə “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyidir. Hər iki qurum Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tabedir. Bu qurumların birləşdiriləcəyi ilə bağlı xəbərlər bir müddət əvvəl olsa da, indi gələn məlumatlar birləşmə məsələsini təsdiqləməklə yanaşı, yeni quruma rəhbərlik uğrunda amansız mübarizənin olduğunu üzə çıxarır.
Əldə etdiyimiz məlumatda bildirilir ki, “Aztelekom” İB rəhbəri Məhəmməd Məmmədovla “Bakı Telefon Rabitəsi” İB rəisi Beytulla Hüseynov arasında uzun müddətdir problemlər var və mübarizə gedir. “Aztelekom”la BTRİB-in birləşməsi məsələsi ortaya çıxandan sonra isə bu mübarizə daha da şiddətlənib və son günlərdə pik nöqtəyə çatıb. Hər iki şəxs birləşəcək vahid quruma rəhbərlik etmək niyyətindədir və bunun üçün bütün imkanlarını səfərbər ediblər, bir-biri ilə mübarizə aparırlar. Bu barədə danışan məlumatlı şəxsin bildirdiyinə görə, bu iki şəxsin bir-birilə apardığı mübarizəyə informasiya savaşı, əlaqədar yuxarı qurumlara məlumatlar ötürülməsi, mümkün qədər bir-birinin işlərinə müdaxilə etmək, imkan düşdükdə fəaliyyətlərinə problem yaratmaq və digər məsələlər daxildi.
Məlumata görə, hər iki şəxsin həm Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərliyinə, həm də dövlətin digər ali instansiyalarına bir-biri haqda ötürdükləri donos xarakterli məlumatlarda reallığı əks etdirən dəhşətli maxinasiya faktları var. Məlumatlı şəxs bildirir ki, hər il bu qurumlarda dövr edən qara pulların məbləği milyon manatlarla ölçülür və hər iki qurumun fəaliyyət istiqaməti təxminən eyni olduğundan M.Məmmədovla B.Hüseynov bir-birinin qara işlərinə, maxinasiyalarına yaxşı bələddirlər. Onların hər ikisi kimin bu maxinasiyalardan hər il nə qədər qazandığını, rabitə sahəsi üçün müəyyənləşdirilmiş “kotyol”dan nə qədər yayındırdıqlarını çox yaxşı bilirlər. Buna görə də onların yuxarılara ötürdükləri dosyelərdə dəqiq faktlar və rəqəmlər öz əksini tapır.
Hazırda hər iki qurumdakı müdhiş maxinasiyalarla bağlı araşdırmaların getdiyi və birləşmənin də araşdırmalar başa çatmadığına görə uzandığı bildirilir. Araşdırmalar başa çatdıqdan sonra bu iki qurumun rəhbərliyindən məsuliyyətə cəlb edilənlərin olması da mümkündü. Buna görə də həm M.Məmmədov, həm də B.Hüseynov gələcək karyeraları və birləşmiş müəssisəyə rəhbərlik imkanlarını saxlamaq üçün bu araşdırmalardan, amansız mübarizədən mümkün qədər itkisiz çıxmağa çalışırlar.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Kollegiyasının üzvləri olan M.Məmmədovla B.Hüseynov rabitə sahəsində geniş imkanlara malik şəxslərdi.
Onların hakimiyyətdəki iki əsas ayrı-ayrı qruplara bağlı olduğu deyilir. Həm M.Məmmədovun, həm də B.Hüseynovun bağlı olduğu qruplar onların birləşəcək vahid quruma rəhbərlik etməsini istəyirlər. Bu üzdən ortadakı mübarizə həm də böyük qrupların mübarizəsinə çevrilib. Buna görə də rabitə və informasiya texnologiyaları naziri də bu durumda seçim etməyə, tərəf tutmağa çətinlik çəkir. Eyni zamanda onun B.Hüseynovla müqayisədə “Aztelekom” sədrinin namizədliyinə bir qədər isti baxdığı bildirilir. Lakin bu məsələdə son sözü Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini, Prezidentin Şəxsi Mühafizə Xidmətinin rəisi general Bəylər Əyyubovun deyəcəyi barədə iddialar var. İddialar bu cür izah olunur ki, strateji dövlət obyektlərinin hamısına, o cümlədən də informasiya və rabitə setinə də kadrları qeyri-rəsmi olaraq B. Əyyubov müəyyənləşdirir. Onun rəyi bu cür təyinatlarda son söz kimi qəbul edilir.
Amma belə məlumatlar da var ki, hər iki şəxsin indiyə qədərki maxinasiyaları ilə bağlı ortaya qoyulan qarşılıqlı kompromatlar nəticəsində onların hər ikisinin arzusu gözündə qala bilər. Yeni yaradılacaq “yağlı tikə” olacaq vahid quruma isə başqa bir şəxs sahib ola bilər. (musavat.com)

Şərhlər