"Məhz bu əməlinə görə həmin rəis Nazir Ramil Usubov tərəfindən vaxtından əvvəl təqəüdə göndərilib"

Tanınmış hüquqşünas Aslan İsmayılov Sabunçu Rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyevlə aralarında yaranmış qalmaqalla bağlı Moderator.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Aslan müəllim, Sabunçuda nə baş verir?

 - Hamıya məlum olduğu kimi, Sabunçu Rayon İcra hakimiyyətinin Başçısı Adil Vəliyev adından hüquqlarını müdafiə etdiyim Abbas Quliyevə Dövlət Reyestr Xidmətinin verdiyi çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsini hasarlamaq üçün hər sotuna 3000 manat rüşvət tələb olunub. Bu barədə özüm də A.Vəliyevlə danışmışam və bu hərəkətlərin başında özünün durduğuna əminəm.

- Necə yəni hər sotuna 3 min manat?

 -Bəli, şəxsin mülkiyyətində olan torpağın hasarı üçün hər sotuna 3 min manat. Özüm torpaq sahəsi olan yerə getdim və üstümə A.Vəliyevim məşhur NİVA qoçuları gəldi. Yaxınlıqda da 2 polis maşını dayanmışdı. Məqsəd bizi təxribata çəkib polis bölməsinə aparmaq idi. Çünki əvvəllər bunu dəfələrlə edib. Haqsızlığa etiraz edənlər A.Vəliyevin sağ əli, pul yığanı Rafael adlı, saxta diplomlu icra hakimiyyətinin işçisinin köməyi ilə döydürür. Bunu  da başa düşməyənləri polis bölməsinə apartdırır. Bu halı bütün Sabunçu sakinləri bilirlər.

- Siz dediyiniz lap kriminal razborkalara oxşayır...

 - Mən dediklərimi başa düşürəm və bu barədə prezident İlham Əliyevə və Baş Prokuror Zakir Qaralova yazılı müraciət etmişəm. İnandırım Sizi, Adil Vəliyevin əməllərində AR Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinyətlərin yarısının tərkibi var. Ancaq bu günə qədər minlərlə bu tipli ərizələrə əhəmiyyət verən olmayıb, çünki hamı ondan qorxur, o cümlədən Prezident Aparatının, Respublika prokurorluğunun məsul işçiləri. Prezident Aparatına şöbə müdiri Zeynal Nağdəliyevin Vüqar adlı köməkçisinə dəfələrlə zəng edib Zeynal müəllimlə danışmaq istədiyimi bildirmişəm. Sonda səsimi eşidən kimi telefonu atıb. Bax bu biabırçılıqdır. Prezident deyir, tələb edir, yanında oturanlar şikayətlərə qulaq asmaq belə istəmirlər.

- Heç bir nəticə yoxdur?

 - Bəli, yoxdur. Hərçənd ki, 17 sentyabr 2015-ci il tarixdə Prezident İlham Əliyev Kürdəmir sakinləri ilə görüşdə bu tip məsələləri xüsusi vurğulamış və ictimai nəzarətin artırılmasını və yerli icra hakimiyyətinin özbaşınalıqlarına xüsusi diqqət yetirmələrini xahiş etmişdi. Sabunçu rayonunda baş verənlər heç İtaliya mafiyasının "Sprut" filmində də yoxdur. Bu günlər ərzində mənə daxil olan müraciətləri oxuduqca sanki başqa dünyada 11 əsrdə yaşayırsan. Bu adam Sabunçu sakinlərinə zülm edir. Bu zaman da Heydər Əliyev Fondunun, digər yüksək vəzifəli şəxslərin adları (hal - hazırda bunu da araşdırıram) adı altında gizlənir. Bu barədə konkret faktları FB səhifəmdə dəfələrlə paylaşmışam. Sabunçudan gələn sakinləri, onların göndərdiyi şikayətləri oxuduqca görürsən ki. rayon barıt çəlləyinə oxşayır, istənilən vaxtı partlaya bilər. Bunları görməmək korluq, karlıq, görüb, eşidib tədbir görməmək isə Azərbaycan dövlətinə düşmənçilik, ölkəni vətəndaş müharibəsinə sürükləməkdir.

 

- Yaxşı, Aslan müəllim, qayıdaq konkret şikayətçinin torpaq məsələsinə. Bütün Azərbaycan baş verənlərdən xəbər tutur, yenə tədbir görülməyib?

 -  (Gülür) Tədbir görülüb. Dünən Adil Vəliyev aylarla zülm etdiyi, insan saymadığı torpaq sahibi Abbası qəbul edib. Qanunsuzluqlardan xəbəri olmadığını, qanunsuzluqlara görə gündə bir işçini qovduğunu, niyə bu günə qədər qəbuluna gəlmədiyini deyib. Torpağının 12 sotu ilə bağlı problem olmadığını, istədiyi vaxt hasar çəkə biləcəyini bildirib. Digər 12 sotu ilə bağlı isə cüzi problemlərin olduğunu, onun da yoluna qoyulacağının mümkünlüyünü bildirib. Ancaq xahiş də edib ki, Aslan İsmayılov yazsın ki, bir balaca səhv edib, Sabunçu Rayon İcra Başçısının baş verənlərdən xəbəri olmayıb. Əgər bu olarsa hasarın tikintisinə belə kömək edəcəyini vəd edib.

- Bəs Siz nə fikirləşirsiniz?

 - Birmənalı deyirəm, rayonda baş verən bütün özbaşınalırların başında məhz Adil Vəliyev durur. Öz qoçu dəstələri vasitəsilə insanları döydürür. Cavanşir adlı keçmiş rəis vasitəsilə insanları polisə apartdırıb, günlərlə qanunsuz saxlatdırıb, bəzilərini haqsız olaraq cinayət məsuliyyətinə cəlb etdirib. Məhz bu əməlinə görə həmin rəis Nazir Ramil Usubov tərəfindən vaxtından əvvəl təqəüdə göndərilib.

- Bəs Siz qorxmursunuz?

 - (Gülür) Qanunsuzluq etsəm qorxardım. Mən isə qanuni şəkildə AR Prezidentinin çağırışına əməl edirəm. Mənə hədə göndərənlərə isə bildirirəm ki, başınızı ağrıdıb özünüzü problemə salmayın, o hisslər məndə çoxdan ölüb. Əksinə, rəsmi dövlət qurumları bu özbaşınalıqlarla məşğul olana qədər baş vermiş qanunsuzluqları ictimayyətin diqqətinə çatdıracam. Bunu AR Prezidenti İlham Əliyev xahiş edib.