Bu gün “İsmayıllı işi” üzrə məhkəmə prosesi davam etdirilib. Vəkillərdən biri prosesə gəlmədiyi ucun hakim Rəşid Hüseynov 15 dəqiqəlik fasilə elan etsə də, məhkəmə iclası 1 saatdan sonra bərpa olunub.

Məhkəmə prosesi başlandıqdan sonra Tofiq Yaqublu vəsatət qaldırıb ki, hadisə zamanı Mehman Kərimliyə məxsus VAZ-2107 markalı avtomobilin şəhərin giriş hissəsindəki kameralara düşən görüntüsü məhkəməyə təqdim edilsin. Dövlət ittihamçılarının buna qarşı çıxmasından sonra hakim vəsatəti rədd edib.

Təqsirləndirilən Səxavət Səmədov Şahin Salamanov və Həbib Həbibov adlı şahidlərin məhkəməyə çaırılması barədə vəsatət qaldırdı. Hakim bu vəsatətin baxılmasını təxirə saldı. Eyni zamanda, hakim tərəfindən Vasif İbrahimov və Mirkazım Abdullayevin telefon danışıqlarının məhkəməyə təqdim olunması ilə bağlı vəsatətləri təxirə salındı. Vasif İbrahimov isə telefon zənglərində onun harda olmasının subuta yetirildiyini, ancaq bunun istintaq materiallarina əlavə edilmədiyini dedi. O, həmin vaxt mustəntiqlə də telefon əlaqəsinin olduğunu vurğulayıb.

Vəkil Fuad Ağayev hakimə verilən bütün vəsatətlərə baxılmasının təxirə salınmasını irad tutub. O, bununla məhkəmədə araşdırma prinsipinin pozulduğunu vurğulayaraq, proses yekunlaşdıqdan sonra da məhkəmənin təxirə salınan vəsatətlərə baxacağına əmin olmadığını da qeyd edib.

İlqar Məmmədov Mirkazım Abdullayevin telefon danışıqları ilə bağlı vəsatətinə münasibət bildirib: “Siz bilərəkdən telefon danışıqları ilə bağlı Azercell ve Bakcellə sorğu gondərmirsiniz. Çunki bilirsiniz ki, bu sorgunun cavabının gəlməsi 2-3 ay çəkir. Ona görə də yubadırsınız ki, prosesin davam etdiyi müddətdə həmin sorgunun nəticələri gəlib vaxtında catmasin”.

Tofiq Yaqublu da Mirkazim Abdullayevin vəsatətini mudafiə etdiyini bildirdi və üzünü hakimə və dövlət ittihamçılarına tutaraq, dedi: "Telefon danisiqları ona görə üzə çıxarılmır ki, siz mafiya nümayəndələri ifşa olunacaqsınız. Çunki o telefon danışıqları vasitəsilə hər şey üzə çıxacaq”.

Sonra şahid qismində hadisələrin baş verdiyi dövrdə İsmayıllı Baş Polis İdarəsinin zabiti olmuş, hazırda isə Şamaxıda işləyən İsmayıl Hacıyev ifadə verib. O, təqsirləndirilən Səftər Ağamalıyevlə birlikdə aranı sakitləşdirməyə çalışdıqlarını deyib. İlkin ifadəsi oxunduqda o, həmin ifadəsindən imtina edərək, məhkəmə zalında dediklərinin düzgün olduğunu vurğulayıb. İsmayıl Hacıyev ilkin ifadəsinin yalnız yarısının ona məxsus olduğunu bildirib. O, ilkin ifadəsinin İsmayıllı rayon Prokurorluğunda Elmar Bayramov tərəfindən alındığını deyib.

Daha sonra Vüsal Əzizov şahid qismində ifadə verib. O, bildirib ki, məhkəmə zalında verdiyi ifadənin arxasında durur.