Həbsdəki sabiq səhiyyə naziri Əli İnsanov psixi xəstəxanaya salınması ilə bağlı plan hazırlandığı barədə məlumatlara münasibət bildirib.
Vəkili Toğrul Babayev vasitəsilə AzNews.az-ın bu barədə sualını cavablandıran Əli İnsanov bu barədə yazılanları gülüşlə qarşıladığını deyib:
“Yazırlar ki, guya Səhiyyə Nazirliyinin anonim ekspertləri mənim psixi durumunda problemlərin olması ilə bağlı rəylər səsləndirib. Bunu deyən həmin o anonim ekspert kimdirsə üzə çıxsın. Onu mənim yanıma gətirsinlər və mən onun psixi durumunun necə olduğunu yoxlayım”.
Ə.İnsanovun vəkili Toğrul Babayevin sözlərinə görə isə, Əli İnsanov həbsdə olduğu 9 il müddətində bir dəfə də olsun həkim müdaxiləsinə ehtiyac hiss etməyib:
“Əli İnsanov hələ də Rusiya Tibb Elmləri Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının üzvüdür. Azərbaycandan xaricdə tanınan tibb mütəxəssisidir. Onun barəsində yazılanlar ancaq anonim ekspertlərin fikri kimi təqdim edilir. Ancaq bu anonim ekspert kimdirsə, adının çəkilməsindən qorxur. Çünki əslində Əi İnsanov barədə belə bir fikri səsləndirəcək ekspert yoxdur”.
Qeyd edək ki, bu günlərdə isə bəzi media orqanlarında Səhiyyə Nazirliyinin anonim ekspertlərinə istinadən Ə.İnsanovun psixi durumunda problemlərin olması ilə bağlı rəylər yayılıb.

Şərhlər