“Turan” xəbər agentliyinin rəhbəri Yevgenini tanıması ilə bağlı iddiaları rədd edir

Bir neçə gün öncə Azərbaycanın media orqanlarına “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevə Ukraynadan gələn telefon zənginin səsyazısı göndərilmişdi.

Səs yazısında öncə Ukraynada yaşayan politoloq Xaqani Hüseynli Mehman Əliyevlə hal-əhval tutur, sonra Qərb institutlarından birinin Yevgeni adlı təmsilçisinin onunla danışmaq istədiyini bildirirdi. Dəstəyi alan Yevgeni Mehman Əliyevə bildirirdi ki, Qərb Azərbaycanda inqilabi prosesləri təkamül yolu ilə aparmaq üçün tərəfdaşlar axtarır. Mehman Əliyev cavabında bildirirdi ki, bu məsələni telefonda müzakirə etmək istəmir.

Səsyazısı yayılan gün “Yeni Müsavat”a açıqlama verən Mehman Əliyev demişdi ki, Yevgenini tanımır və telefonda belə bir söhbət onda müəyyən şübhələr yaradıb: “Həmin institutların Bakı ofisləri var. Əgər mənimlə hər hansı məsləhətləşmələr aparmaq istəyirlərsə, onlar mənə müraciət edə bilərdilər”.

Mehman Əliyev bildirirdi ki, bu, ona qarşı təxribatdır.

Fevralın 3-də isə Azərbaycanın media quruluşlarına məsələ ilə bağlı daha bir xəbər göndərilib. Qaynaq iddia edir ki, Mehman Əliyev Yevgenini tanıyır : “Yevgeni adlı şəxslə Mehman Əliyev uzun müddətdir tanışdır, dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən təşkil olunmuş tədbirlərdə görüşüblər və birgə layihələrdə iştirak edirlər. Hətta Zolotaryov Yevgeni 2005-ci ilin noyabr ayında Mehman Əliyevin dəvəti ilə Azərbaycanda olub.

Sosial şəbəkələrdə apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, Mehman Əliyevin dostu Yevgeni – 12.06.1972-ci ildə Ukraynanın Xarkov şəhərində anadan olmuş Zolotaryov Yevgeniy Vladimiroviçdir. O, “Pora” təşkilatının üzvlərindən biri və Qərbin beynəlxalq donor təşkilatları ilə əlaqəli olan şəxs kimi Ukraynanın siyasi dairələrinə məlumdur. O, Ukraynadakı son hadisələri zamanı öz fəallığı ilə seçilir”.

Biz yayılan xəbərlərlə bağlı Mehman Əliyevlə bir daha əlaqə saxladıq. O, bildirdi ki, bu, ona qarşı hazırlanan təxribatın davamıdır: “Bir daha bildirirəm ki, Yevgeni adlı şəxsi tanımıram. İndi iddia edirlər ki, mən 2005-ci ildə onu Azərbaycana dəvət etmişəm. Bu o qədər də uzaq tarix deyil. Əgər həmin şəxs Azərbaycana gəlibsə Dövlət Sərhəd Xidmətində bu haqda məlumat mütləq olmalıdır. Əgər keçibsə, həm də iddia edildiyi kimi, onu Bakıya mən dəvət etmişəmsə, bunu sənədlərlə sübut eləsinlər. Hamısı cəfəngiyyat, ucuz provokasiyadır”.

Mehman Əliyev onu da bildirir ki, telefon danışığının səs yazısı yayılandan sonra da Xaqani Hüseynli ilə əlaqə saxlayaraq baş verənləri aydınlaşdırmağa cəhd etməyib: “Artıq mənə bəllidir ki, telefonda danışmaq mənim üçün problemlidir. Ancaq açıq görünür ki, ortada bir provokasiya var. Mən onu da bilmirəm ki, Xaqani Hüseynlinin burada rolu nədir, bu münasibət nə deməkdir”.

Məsələyə dair Xəqani Hüseynlinin də mövqeyini dərc etməyə hazırıq.