Yaponiya alimləri süni böyrək yaradılması sahəsində ciddi uğur əldə ediblər. İKT.lent.az-ın “nat-geo.ru” saytına istinadən verdiyi xəbərə görə, bu, böyrək xəstəliyindən əziyyət çəkən və donor axtaran bir çox insanı xilas edə bilər.
Transplantasiya tələb edən böyrək xəstəlikləri dünyada geniş yayılıb. Təkcə Böyük Britaniyada hazırda böyrək köçürülməsi üçün 6 mindən çox insan növbə gözləyir, lakin donor çatışmazlığı ucbatından ildə 3 mindən az transplantasiya əməliyyatı keçirilir. Dünyada il ərzində 350-dən çox adam donor böyrəyi əldə edə bilməyərək ölür. Tokio Tibb Universiteti mütəxəssislərinin yaratdığı yeni metodika gələcəkdə ehtiyacı olanlara kömək edə biləcək.
Süni böyrəyin yaradılması ilə bağlı eksperimentlər siçanlar və donuzlar üzərində - onların öz hüceyrələrindən istifadə etməklə - aparılıb. İlk mərhələdə “yetişdirilən” böyrək orqanizmə heç də pis uyğunlaşmayıb, lakin mayeni çətin keçirib. Alimlər növbəti mərhələdə metodu dəyişiblər. Böyrəklə birlikdə sidik axarı (sidiyi böyrəklərdən sidik kisəsinə aparan iki borucuq) və sidik kisəsi də “yetişdirilib”. Beləliklə, heyvanlara eyni anda bütün sidik çıxarma kompleksi köçürülüb. Əməliyyatdan 8 ay həftə sonra eksperimentin uğurla nəticələnməsi qeydə alınıb. Süni orqanlar orqanizmə uyğunlaşaraq öz funksiyalarını ideal şəkildə yerinə yetirməyə başlayıblar. Bu, insanlar üçün süni böyrəyin yaradılması işinə başlamağa əsas verir.


Şərhlər