ABŞ Suriyada dəstəklədiyi müxalif güclərə yanaşmasını dəyişir. Bu dəyişiklik ilk növbədə Suriyada müxalif güclərin təlimi və təchizatı ilə bağlıdır. Belə ki, Vaşinqtondan ildə yarım milyarddan çox dəstək alan “Azad Suriya Ordusu” nə Əsəd qüvvələri ilə, nə də İŞİD-lə mübarizədə uğur qazana bilmədi.
Üstəgəl, Rusiyanın hərbi-hava əməliyyatları – müxalif güclər daha çətin durumdadır. Bəzi ekspertlər ANŞ-ın məhz Rusiyanın “acığına” müxaliflərə dəstəyini artıracağı fikrindədir. Lakin proseslər əksini göstərir.
Yaxud, burda artıq planlı dəstəyə keçmək qərarı verilib. Çünki ayrı-ayrı silahlı dəstələr şəklində fəaliyyət göstərən müxaliflər radikal islamçılarla mübarizədə yetərincə maraqlı görünmür.
Yeni qərara görə, İŞİD-ə qarşı mübarizədə koordinasiya işlərini “xüsusi təlim görmüş şəxslər” aparacaqlar.
ABŞ Suriyada“islahatlar” aparır?
Bu, bir tərəfdən Rusiyanın zərbələri və rejim qoşunlarının əks-hücumları ilə ortaya çıxan boşluqlar üzərində “ibrət dərsi” sayıla bilər. Digər tərəfdən isə “dostların süzgəcdən keçirilməsi” kimi dəyərləndirilməlidir.
Müxaliflərin təlim-təchizat məsələlərinin artıq Türkiyədəki vahid mərkəzdən idarə edilməsi gözlənilir. Bu, regionda təhlükəsizliyin təminatında mühüm dönüş ola bilər.
ABŞ artıq strateji gedişlər etmək, regiondakı əsas tərəfdaş Türkiyə ilə birgə addımlar atmalıdır. Koalisiyada Səudiyyə amilidə mühüm yer tutur, lakin Ər-Riyadın dəstəklədiyi qüvvələr Suriyada məzhəb müharibəsi aparır və islamçı təmayüllü siyasət yürüdürlər. Bu isə Qərb demokratiyası üçün növbəti təhdiddir.
Sünni amili və Səudiyyənin narahatlığı
Səudilər də Rusiya ilə danışıqlara getmək, dəstəklədikləri qüvvələri qorumaq və onların yaratdıqları “muxtar” zonaları sığortalamaq niyyətində görünürlər. Bu danışıqlar oktyabrın 11-nə planlaşdırılıb. Nə dərəcədə uğurlu olacağını demək çətindir. Lakin Putin də Suriyadakı sünni amilini nəzərə almalı olacaq və müvəqqəti də olsa, “atəşkəs və kompromis” məqamlarını müzakirə etmək lazım gələcək.
Pentaqon rəhbəri Eşton Karter Suriyadakı qrupların fəaliyyətini izləyəcəklərini və İŞİD-lə mübarizədə havadan dəstək verəcəklərini açıqlayıb. Bu, o deməkdir ki, artıq suriyalı müxaliflər “özfəaliyyət” dövründən çıxmalı, Vaşinqtona verilən sözü icra etməlidirlər.
Digər tərəfdən, kürdlərə də dəstək davam edir. ABŞ rəqibi Rusiyadan əvvəl “xilafət paytaxtı” Raqqanı ələ keçirmək istəyir. Bunun üçün isə PYD qrupları əlverişli tərəfdaşdır. Raqqa ələ keçirilsə, hadisələrin istənilən gedişində ABŞ-ın nəzarətində böyük bir “muxtar bölgə” yaradılmış olacaq. Hələbdə sünni ərəblərə, Raqqada isə kürdlərə aid bölgələrin yaradılması “post-Əsəd” dövründə nizamlanma prosesində vaşinqtonyönümlü dəyişiklikləri təmin edə bilər.
Kürdlərin güclənməsi və türkmənlərin taleyi
Həmçinin ABŞ Türkiyəni türkmənlərə “güzəşt” etməklə yanında saxlamağa çalışır ki, Türkiyə bu prosesdən uzaqda qalmaqla da heç nə qazana bilməz. Ankara yalnız kürdlərin güclənməsinə kənardan baxmaq, paralel olaraq türkmənləri də gücləndirmək məcburiyyətində qalacaq. Hələlik, muxtar türkmən bölgəsindən söhbət getmir. Lakin hadisələrin bu cür “istisnalarla” gedişatı “post-Əsəd” dövrü üçün də yaxşı gələcək vəd etmir. Suriyanın cənub-şərq ərazilərində monarxların dəstəklədiyi sünni qruplarının da öz gücünü qoruması Əsədin və müttəfiqləri Rusiya ilə Suriyanın manevr imkanlarını daralda bilər. Lakin fakt öz faktlığında qalır. Dəməşq və strateji əhəmiyyətli sahil əraziləri Moskvanın nəzarətində qalır.
Suriyanın federativ respublikaya çevrilməsi, yaxud ələvilərin zamanla hakimiyyətdən gedərək yerini koalisiyon hökumətə verməsi belə asanlıqla başa gələn proses olmayacaq. Əsas məsələ Suriyadakı rus varlığına son verməkdir ki, Moskva da öz bazalarını Suriyadan çıxarmayacaq. Ən optimal variant kimi güc strukturlarının Ələvi klanının nəzarətində qalması, mülki strukturların koalision qüvvələrə “təslim edilməsi” ola bilər. Bununla da, Qərbin üzərinə “artıq yük” düşəcək. Çünki dağılmış Suriyanın abadlaşdırılması, dəstələrin tərksilah edilməsi, ekstremist sünni qruplarının sabitliyə həvəsləndirilməsi həm uzun vaxt, həm də artıq zəhmət tələb edəcək.
Rusiyanın Qərbə öyrətdikləri
ABŞ hazırda “islahatlar”ın ilkin mərhələsinə qədəm qoyur. Səhra komandirlərini “ələkdən keçirərək” onları vahid təlim mərkəzində hazırlamaq, koordinasiya işlərinə kökləndirmək, silah təminatını siyahı və ya daha müəyyən bir mexanizm əsasında tənzimləmək.
Bu gün sünni qrupları və ABŞ koalisiyası say və güc baxımından nə qədər üstün görünsə də, İranda xüsusi təlim keçən “Hizbullah” döyüşçülərinin, Rusiyanın ciddi hazırlıqlı hərbçilərinin və rusiyalı zabitlərdən təlim görən Əsəd qoşunları ilə müqayisədə nizamsızlıq daha çox qabarır.
Pentaqon Rusiya ilə hərbi-hava məlumatlarında koordinasiyalı addımlar atmaq üçün danışıqlara başlayıb. Bu danışıqların müsbət nəticəsi amerikayönlü qrupların sığortası deməkdir.
Beləliklə, 4 il pərakəndə müharibənin sonunda Rusiyanın müdaxiləsi ona görə faydalı oldu ki, ABŞ öz səhvlərini saf-çürük etsin. Və nəhayət, Suriyada nizamlı ordu quruculuğuna başlasın.
Əsəd, İran və Rusiyanı güzəştlərə məcbur etmək üçün başqa seçim yoxdur.
Rüfət ƏHMƏDZADƏ
AzPolitika.info


Şərhlər