Kürdəmir rayonu «kolxoz bazarı» adlanan ərazidə sahibkarlar yerli məmurların onlara işləməyə imkan vermədiklərini deyirlər. Sahibkarlardan Natiq Mütəllimov bildirir ki, rayon polisi onlara öz mağazalarının qarşısına mal çıxarmağa qoymur: «Polis öz hərəkətini belə əsaslandırır ki, guya bu, küçə ticarətidir. Halbuki, burada heç bir küçə alqı-satqısı yoxdur. Hamı dövlətə vergi ödəyir. Bazarın qarşısındakı körpünün altında küçə ticarəti həyata keçirilir. 20, 30 metr ərazini zəbt edib alver edirlər. Özü də düz zibilliyin yanında. Orada kartof, soğan və meyvələr satılır. Bax, ona heç kim söz demir. Bura bazarın ərazisidir və biz də bu ərazidə işləyirik».
SAHİBKARLARIN ÇOXUNA CƏRİMƏ YAZILIB
Natiq Mütəllimov deyir ki, ərazidə işləyən sahibkarların əksəriyyətinə cərimə yazılıb: «Bilmirik cəriməni ödəyək, yoxsa işimizi görək. Dövlətimizin yuxarı təbəqələrindən xahiş edirik bir tədbir görsünlər. Burada hamı zəhmətkeş, əzabkeş insanlardır. Hər gün evdən çıxırlar ki, balalarına bir tikə çörək aparsınlar. Budurmu sahibkara xidmət?».
«BÜTÜN SƏNƏDLƏRİMİZ QANUNİDİR»
Sahibkar Gülağa Məmmədovun dedikləri: «Bazarın üst tərəfində nə qədər sahibkar varsa, hər ay icarə və digər xərcləri ödəyirlər. Bütün sənədlərimiz qanunidir, heç bir küçə ticarətindən söhbət gedə bilməz. Müştəri mağazadan nə isə alıb, çöldə yerə qoyub maşın gözləyir, mağaza yiyəsinə cərimə yazılır. Şirkətlər, firmalar mal gətirir, yerə töküb, sayıb, təhvil almalıyıq. Sən mağazada mal yiyəsi ilə halallaşıb qurtarmamış, görürsən, artıq cərimə yazılıb».
QARABAĞ VETERANININ MAĞAZASI UÇURULUB

«KÜRDƏMİRİN YİYƏSİ YOXDUR»
Razim Şıxəliyev deyir ki, bu məsələ ilə bağlı rayon məhkəməsinə müraciət edib: «Kim ki, rüşvət verir, istənilən yerdə alver edir və heç küçə ticarəti, filan da yada düşmür. Kim rüşvət vermir, onu, bax, belə cəzalandırırlar. Buna bir son qoyan olacaqmı? İndi mən məcburiyyət qarşısında, ailəm ac qalmasın deyə, küçələrdə balıq satıram. Mən bütün dünyaya car çəkirəm. Kürdəmirin yiyəsi yoxdur».
«ANTİSANİTAR VƏZİYYƏT YARATDIQLARI ÜÇÜN...»

POLİSİN MƏSLƏHƏTİ...
Çox çalışsaq da rayon polisinin mövqeyini isə öyrənə bilmədik. Hətta polisdən dedilər ki, tezliklə rayonu tərk etməsəm başım ağrıya bilər...(Azadlıq radiosu)

Şərhlər