Yer kürəsi əhalisinin 5 %-dən az hissəsinin yaşadığı və qlobal iqtisadiyyatın 22%-ni öz əlində cəmləşdirən bir ölkə hansı müddətə qədər dünyanın aparıcı hərbi və siyası hegemonu kimi qalacaq? Bu sualı təkidlə Yaxın Şərqdə, Şərqi Avropada və Sakit Okean regionunda verirlər.

Soyuq müharibə qurtardıqdan sonra Amerika ordusu əsas qüvvə kimi dünya siyasətinin mərkəzi faktı olaraq qalır. Hazırda bu güc dünyanın mühüm sayılacaq üç regionunda öz rəqibləri tərəfindən dayanıqlılıq və qətiyyətlilik sınağından keçirilir. (The Financial Times)

Keçən həftə “Finacial Times” qəzetində getmiş üç məqaləni yadınıza salmaq istərdik. Birinci məqalə “ABŞ Suriyadakı hərbi fəaliyyətlərini genişləndirməməsi üçün Moskvaya xəbərdarlıq edir”, ikinci məqalə ”Amerikanın hərbi gəmiləri Çinin Cənubi Çin dənizindəki iddialarına qarşı” başlığı daşıyırdı. Qəzetin üçüncü məqaləsi isə B.Britaniyanın ABŞ və Almaniyaya qoşularaq öz qoşunlarını Pribaltika respublikalarında yerləşdirmək məsələsi ilə əlaqədər idi.

Bu hadisələr Yer kürəsinin müxtəlif nöqtələrində baş verir. Amma buna baxmayaraq, onların hamısı bir-biriylə sıx bağlı olan hadisələrdir. Hərbi güc bütün dünyada sərhədlərin toxunulmazlığına təminat verir. ABŞ-ın Yaxın Şərqdəki nəhəng hərbi-dəniz və hərbi–hava bazaları onun dostlarını sakitləşdirir, düşmənlərini isə qorxuya salır. Şərqi Asiyadakı ABŞ Hərbi Dəniz Qüvvələri Sakit Okeanı “Amerikan gölü” kimi görməyi adət edib və bununla da onlar öz müttəfiqlərinin təhlükəsizliyini təminat altına alırlar. NATO Avropadakı üzvlərinin ərazi bütövlüyünün təminatçısıdır və alyansın bütün hərbi xərclərinin 75%-i ABŞ-ın üzərinə düşür.

Lakin indi vəziyyət dəyişir. Rusiyanın Suriyadakı vətəndaş müharibəsinə müdaxiləsi, “ərəb baharı” sarsıntılarından və amerikan qoşunlarının İraqdan çıxarılmasından sonra ABŞ-ın Yaxın Şərqdəki nəzarətinin necə zəiflədiyini göstərir. ABŞ-ın Yaxın Şərqə yenidən qoşun göndərmək istəmədiyinə görə Moskva buradkı hakimiyyət boşluğunu hiss edərək, onun yerini doldurmağı qərara alıb.

Regiona müdaxiləsi zamanı ABŞ gəmilərinin Fars körfəzindən necə atəş açdıqlarını parodiya edən ruslar, Suriyaya qanadlı raketlərlə zərbə vurmaqla, sanki amerikanlara acıq verdiklərini göstərirdilər. Krımın Ukraynadan alınması, İkinci Dünya Müharibəsindən sonra Avropa qitəsində ilk ərazi zəbt edilməsi hadisəsi idi. Heç təəccüblü deyil ki, vaxtilə Sovet İttifaqının tərkibinə daxil olan Pribaltika ölkələri baş verən hadisə ilə əlaqədar çox böyük həyəcan keçirdikləri üçün NATO bu bölgədəki hərbi iştirakını gücləndirməyi qərara aldı.

Asiyada Çinin Cənubi-Çin dənizində adalar yaratmaq proqramı keçən ildən tam gücü ilə işə salınıb. İndi Pekinin öz sahillərindən min mil uzaqlıqdakı ərazilərə iddiası daha konkret hal almağa başlayıb. Amerika bildirir ki, o, Çinin qonşuları ilə olan ərazi mübahisələrində heç kimin tərəfini saxlamır. Lakin ABŞ Sakit okeandakı azad dənizçiliyi qoruyacağını qətiyyətlə bəyan edir.

İndi dəbdə olan “sərhədsiz dünya” barəsindəki söhbətlərə baxmayaraq, ərazilər üzərindəki nəzarət əvvəlki kimi dünya siyasətinin əsasını təşkil edir. Bu haqda britaniyalı keçmiş diplomat ser Robert Kuper deyib: “Dünya qayda qanunu – bu, ərazilər üzərindəki qayda qanundur. Əgər sən ərazilərə kimin sahib olduğunu bilmirsənsə, deməli sən beynəlxalq nizam haqqında da heç nə bilmirsən”.

ABŞ-ın Brukinqs İnstitutundan Tomas Rayt da anoloji fikirlərlə iddia edir ki, beynəlxalq siyasi sabitlik regionlardakı və xüsusən də Avropa və Şərqi Asiyadakı sağlam qayda-qanunlardan asılıdır. Əgər bu regionlar dağılarsa, onda dünya nizamını heç kim xilas edə bilməz.

Avropa və Şərqi Asiya hələki “dağılmır”, ancaq onların sərhədləri silkələnib. Bu arada isə Yaxın Şərqdəki sərhədlərin real şəkildə hissələrə parçalanması amerikan gücü və beynəlxalq sərhədlərin möhkəmliyi haqqında suallar doğuraraq, Avropa və Asiyanı çox böyük dərəcədə həyəcanlandırır. Hətta Vaşinqtonun xarici siyasətinin Asiya istiqamətinə doğru yönəlməsinin vacibliyini vurğulayan bəzi amerikalı strateqlər, ABŞ-ın Yaxın Şərqdəki geri çəkilməsinin, onların Asiyadakı nüfuzuna xələl gətirə biləcəyi haqqında düşünməyə başlayıblar.

Obama administrasiyasına ölkə daxilindən və xaricdən təzyiq göstərərək tələb edirlər ki, o, ərazi iddialarına qarşı daha hərəkətli və inandırıcı şəkildə Amerika gücünün obrazını bərpa etsin. Çinin iddia etdiyi ərazilərə gəmilərin göndərilməsi bu tələblərə tutarlı cavab olardı. Amma Obama ABŞ-ın İraq və Liviyaya etdiyi hərbi müdaxilələrin nə qədər məhsuldarsız olduğunu çox yaxşı bilir. Digər tərəfdən isə o, həmçinin Rusiya və Çin ilə hərbi münaqişələr riskinə də ehtiyatla yanaşır.

Ümumi mənzərəni dünyada hansı ölkənin revizionist (təftişçilik) siyasət aparması barəsindəki mübahisə daha da kəskinləşdirir. ABŞ Rusiya və Çinin ərazi iddialarına dünya nizamına qarşı meydan oxuma kimi baxır. Ancaq bunun əksinə ruslar bəyan edirlər ki, əsl həqiqətdə Amerika Ukrayna və Suriya kimi ölkələrdəki rejimlərin dəyişdirilməsinə maliyyə yardımları göstərərək, dünya nizamını dağıdır.

Rusiyanın iddialarında təbligat elementləri yer alır. Görünür ki, Pekin və Moskva səmimi şəkildə inanırlar ki, Amerikan gücünə qarşı dayanmasalar, onda ümumi yekunda ABŞ tərəfindən müdafiə edilən qüvvələr tərəfindən onları da rejim dəyişikliyi gözləyir. Amerikanlar da öz tərəflərindən qorxurlar ki, əgər onlar bundan sonrakı ərazi təftişinin yayılmasına imkan versələr, onda dünyada anarxiya və təhlükə artar və nəticədə ABŞ-ın qlobal qüdrəti zəifləyər.

Bütün bu qorxuları bir yerə cəmləsək, dünyanın hər tərəfində baş verən təhlükəli regional müharibələrdən ibarət resept alınar.

Vaqif NƏSİBOV

AzPolitika.info