MTN başçısı Eldar Mahmudovun istefaya göndərilməsi ətrafında müəmma davam edir. Nazirin istefaya göndəriləməsi haqda rəsmi xəbərdən əlavə öz təsdiqini tapan yeganə informasiya budur ki, MTN-də xüsusi əməliyyat keçirilib və bir neçə yüksək rütbəli əməkdaş həbs olunub. Strateq.az saytının yaydığı bu məlumatda bildirilir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin, DİN-in və Baş Prokurorluğun əməkdaşları MTN-də birgə xüsusi əməliyyat həyata keçiriblər. Əməliyyat zamanı MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları, o cümlədən Natəvan Məmmədova və general-mayor Teymur Quliyev, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev saxlanılıblar.
Saxlanılan şəxslər hazırda elə MTN-in təcridxanasındadır. Monitorinq Mərkəzi isə möhürlənib. Orada hazırda araşdırma gedir.
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun özünə gəlincə isə, virtualaz.org saytının məlumatına görə, o, hal-hazırda öz evindədir, faktiki olaraq ev dustağıdır.

Məlumata görə, istintaq qrupuna milli təhlükəsizlik nazirinin keçmiş müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev rəhbərlik edir.
Hüquq-mühafizə orqanlarının nümayəndələri MTN-də keçirilən xüsusi əməliyyatla bağlı heç bir şərh vermirlər.


Şərhlər