"Bir neçə ay bundan öncə “Avtomobil nəqliyyatı haqqında” Qanunda edilən dəyişikliklərə müvafiq olaraq Nəqliyyat naziri cənab Ziya Məmmədovun tapşırığı ilə ölkənin nəqliyyat sektorunda mühüm islahatların aparılmasına başlanılmışdır".
Bunu müsahibəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Elnur Abdullayev deyib.
O deyib ki, Avqust ayından başlayaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti də daxil olmaqla, Nəqliyyat Nazirliyinin bir sıra strukturlarında yeni təyinatlar olmuşdur. Sevindirici haldır ki, bu təyinatların həyata keçirilməsi zamanı əsas üstünlük gənc kadrlara verilmişdir.
“Keçən il möhtərəm cənab prezident İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabinetinin sərəncamı ilə “Baku Bus” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Sonra isə müvafiq sərəncamlarla “Bakı Taksi Xidməti” MMC və “City Bus” MMC yaradılmışdır.
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən yeni yaradılmış MMC-lərin fəaliyyətə başlaması üçün böyük işlər görüldü. Yeni optimal marşrut xəttləri yaradıldı və cari ilin sentyabr ayından başlayaraq Bakı şəhərində şəhərdaxili şərnişindaşımada “Baku Bus” MMC-nin 6 marşrutu yeni avtobuslarla fəaliyyətə başladı.
Eyni zamanda “Bakı Taksi Xidməti” MMC üçün alınmış 500 ədəd taksidə müvafiq avadanlıqlar qurulmuş, hazırda 100-ə yaxın taksi fəaliyyətə başlamışdır. Texniki məsələlər həll edildikcə həm yeni avtobuslar, həm yeni taksilər tam həcmdə noyabr ayına qədər fəaliyyətə başlayacaqdır. Yaxın vaxtlarda isə “City Bus” MMC-nin fəaliyyətinin qurulması istiqamətində də işlər görüləcəkdir” - Elnur Abdullayev bildirib.
Qeyd edək ki, “Bakı Taksi Xidməti” MMC 2015-ci ilin aprel ayında yaradılıb. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Tazən Hacı Məmmədov küç, ev 5-də olan şirktin rəsmi təmsilçisi İlqar Qasımovdur.
“City Bus” MMC isə 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Həsən Əliyev küç ev 24-dür. Şirkətin qanuni təmsilçisi Ramil Həşimovdur.


Şərhlər