“Azərbaycan cəmiyyətində böyük potensial var, hansı ki, bu güclü demokratik müxalifətin mövcudluğunu şərtləndirir. Həmin müxalifətin hakimiyyətə gəlməməsi isə ölkədə azad siyasi mübarizənin yoxluğu ilə əlaqədardır. Məhz bu amil müxalifətin siyasi mübarizədə uğur əldə etməsinə imkan vermir. Hesab edirəm ki, hazırda situasiya ondan ibarətdir ki, ölkədə demokratik dəyişikliklər hər an baş verə bilər. Məlum demokratik dəyişikliyin isə rəhni və qarantı müxalifətdir”.
Bunları Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Moderator.az-a açıqlamasında ölkədəki siyasi vəziyyəti şərh edərkən bildirib.
P.Hüseynin fikrincə, parlament seçkiləri ərəfəsində müxalifətin yeni koalisiyalar yaradacağı istisna deyil. Fəqət bununla belə AXP sədri nəhəng koalisiyalar yaratmağın mövcud vəziyyətdən çıxış yolu olmadığını da qeyd edib:
“Bu gün ölkədə müxalifətin müxtəlif koalisiyaları mövcuddur. Şəxsi qənaətim ondan ibarətdir ki, ya kütləvi siyasi fəallıq dövründə belə koalisiyalar meydana gəlir, ya da seçkilər dövründə bu cür koalisiyalar formalaşır. Qarşıdan parlment seçkiləri gəlir və bununla bağlı hansısa birliklərin yaranması mümkündür. Hər halda biu cür birliklərin yaranacağı istisna edilmir. Amma koalisiyalar nə qədər mühüm əhəmiyyət kəsb etsə də, çarənin bundan ibarət olduğunu düşünmək yanlışdır”.
Partiya sədrinin fikrincə, demokratik qüvvələrin uğur qazanması üçün müxalifət xalqla birlik mexanizmlərini hazırlamalı, bu mexanizmin işləkliyini təmin etməlidir:
“Əsas olan müxalifətin geniş xalq kütlələri ilə birlik mexanizmlərinin işlənib hazırlanması və həyata keçirilməsidir. Bunlar isə əslində bir-birini istisna eləmir. Müxalifətin öz arasındakı koalisiyalarla paralel xalqla birlik müxanizmlərinin yaradılması daha məqsədəuyğundur. Xalqla birləşmək, ayrı-ayrı müxalif partiyaların güclənməsini təmin etmək demokratik qüvvələrin qələbəsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə olduğu təqdirdə demokratik düşərgənin daha ciddi uğur qazanması mümkündür”.
P.Hüseyn hesab edir ki, 2015-ci ildə ölkədə siyasi vəziyyətin dəyişəcəyi gözlənilən olsa da, belə bir dəyişikliyin baş verməsi üçün məhz iki il sonranı gözləmək doğru deyil. Partiya sədrinin fikrincə, belə bir dəyişikliyin hər an baş verməsi, prinsipcə mümkündür:
“Hələ 2013-cü ildir. Odur ki, 2015-ci illə bağlı indidən hansısa qəti proqnoz vermək çətindir. 2015-ci ildə isə parlament seçkiləri keçiriləcək ki, bu da mühüm seçkidir. Bu baxımdan 2015-ci illə bağlı məsələləri də təhlildən kənarda qoymaq olmaz. Lakin demokratik dəyişiklikləri 2015-ci ilə qədər də mümkün hesab edirəm. Buna görə də demokratik dəyişikliklərin baş verməsi üçün 2015-ci ilin gəlişini gözləmək doğru deyil. Çünki belə bir dəyişiklik üçün hər zaman imkan var”.

Şərhlər