Əgər sizin müttəfiqlər kimin düşmən olduğu məsələsində razılığa gələ bilmirlərsə, onda müharibə aparmaq hədsiz çətinləşir. Məhz ABŞ Suriyada belə bir vəziyyətlə qarşılaşıb.Mübarizə aparmaq üçün koalisiya yaratmağa cəhd göstərən Vaşinqtonun Fars körfəzindəki müttəfiqləri radikal islama qarşı deyil, yalnız Bəşər Əsədlə müharibə aparmaq istəyirlər. İndi ABŞ onları islam radikalçılarının necə təhlükəli olmasına inandırmaq məcburiyyətindədir. (Foreign Affairs)

Amerikanın müttəfiqi olan Türkiyə Bəşər Əsəd və radikal islmçılara qarşıdır, lakin buna baxmayaraq, onlar əsas etibarı ilə kürd separatçılarına qarşı vuruşmağa üstünlük verirlər. ABŞ-ın digər bir müttəfiqi İsrail isə qətiyyətsiz şəkildə öz düşmənlərinin burulğanına baxır və yalnız ciddi təhlükə olduğu zaman müdaxilə etməyə hazırdır. Və nəhayət amerikan xüsusi təyinatlılarının yardım etdiyi kürdləri almanlar da silahlandırmaq istəyir. Heç təəccüblü deyil ki, bütün bu qarmaqarışıqlıqda özünü dövlət elan etmiş İŞİD-ə qarşı mübarizə aparan koalisiyanın fəaliyyəti qətiyyən qənaətbəxş deyil.

Belə bir vəziyyətdə oyuna kiçik koalisiya ilə qətiyyətli formada Rusiya da qoşulur. Rusiya prezidenti Vladimir Putin öz ölkəsinin Yaxın Şərqdəki nüfuzunu bərpa etmək əzmindədir. Rusiya özünün son ərəb dostu Əsədin xilas olması və onun yerinə sünnü radikalların və ya hal-hazırda ölkə xaricindəki amerikanpərəst müxalifətin hakimiyyətə gəlməməsi naminə ciddi fəaliyyətə başlayıb. Rusiya, Suriyadan sonra İŞİD-in ələ keçirdiyi əraziləri əlində möhkəm saxladığına görə ABŞ-ın nüfuzunun aşağı düşdüyü İraqa tərəf də nəzər yetirir. İraq, Rusiya üçün ən böyük qənimət ola bilər. Çünki orada 150 milyard barellik neft ehiyatı və həm də bu ölkədə ABŞ müdaxiləsinin uğursuzluğa düçar olmuş xatirələri var.

Yaxın Şərqdə Rusiyanın bir neçə üstünlüyü var.

Birincisi - onun ziddiyətli maraqları yoxdur. ABŞ ilə müqayisə etsək deyə bilərik ki, amerikan siyasətçilərinin önündə yerinə yetirilməyən məsələlər dayanıb. Beləki, Amerika maraqları bir çox hallarda bir-biriylə üst-üstə düşməyən və tələbləri ziddiyyət təşkil edən dövlətləri –İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə, Qatar və İraqı yola gətirməlidir. Rusiyanın tərəfində isə iki ölkə - İran və Suriya dayanıb. Onların hər ikisi də rusların regiondakı iştirakını tamamilə qəbul edirlər. Digər tərəfdən isə Rusiyanın tərəfinə üçüncü əməkdaş İraq da keçir.

Əlavə olaraq, bu regiondakıların çoxu hesab edir ki, ABŞ-dan heç bir xeyir gəlməz və amerikanlar öz müttəfiqlərini inandırmaq üçün heç nə etmirlər. Ancaq onların əksinə, həyatı təhlükə altına düşmüş ölkənin problemlərini yoluna qoymaqdan ötrü bütün imkanlarından istifadə edəcəyinə söz verən Rusiya daha cazibədar görünür.

Çox zəngin olmasa da, ABŞ-ın da müəyyən seçimi var. Onlar Rusiyadan öz kampaniyasını dayandırmağı tələb edə bilərlər. Ancaq belə olan halda ümumi vəziyyət ABŞ-ın İŞİD-in məhv olunmasında maraqlı olmadığı şayələrini yayanların əlinə oynayacaq. Bu isə Moskvaya təkbaşına hərəkət etmə imkanı verəcək. Əgər Rusiya Amerikasız Suriya və İraqda vəziyyəti sabitləşdirə bilsə, onda bu ABŞ üçün böyük zərbə olar.

Rusiyanın bütün yaraqlı qruplara qarşı müdaxiləsi özü ilə yeni cihadçılıq dalğasını gətirə bilər və beləliklə də maraqlı tərəflərlərin hamısına ziyan vurar. ABŞ Suriyadakı yaraqlı müqavimət qüvvələrini gücləndirmək istəyən Türkiyə və Fars körfəzi ölkələrinin nümunəsindən isitifadə edə bilər. Lakin bu cür hərəkət etməklə Amerika münaqişənin başa çatmasından sonrakı dövrdə nəzarət altına salınması müşkül olan radikallarla üzləşəcək. Bunu əksinə, əgər ABŞ anti-terror koalisiyasının Putin versiyasına qoşularsa, onda mahiyyət etibarı ilə diktatura və dinc əhalinin öldürülməsində ittiham etdiyi Əsədi müdafiə etmiş olar. Başqa variant da var. ABŞ və Avropa odun üstünə yağ tökmək çağrışlarını rədd edərək, bunun əvəzinə Rusiya, İran və Türkiyə ilə birlikdə Suriyaya silah göndəriləməsini dayandırar.

OYUNLAR QURTARIB

Qərb və Rusiya üçün ümumi məqsəd mübarizənin yekun mərhələsində sələfilərə aid olmayan sünnü müqavimət qrupları, kürdlər və ələvilərin sülh şəraitində yaşayacaqları federativ dövlət quruluşunun yaradılması da ola bilər. Bu məqsədə nail olmaq üçün bütün tərəflər İŞİD və digər radikal elementlərə qarşı mübarizədə əməkdaşlıq aparmalı, eyni zamanda da Əsəd və sələfi düşərgəsindən olmayan müqavimət qrupları arasında atəşkəs olmasına çalışmalıdırlar. Əsədi bu qarşılıqlı fəaliyyətə çəlb etmək üçün Rusiya müdafiə təminatını və 2011-ci ildə qəbul edilmiş Suriya seçki qanununa və 1973-cü il konstitusiyasının 8 –ci bəndinə yenidən baxılması öhdəliyini öz üzərinə götürməlidir. Həmin bənddə deyilir ki, Suriyanın BƏƏS partiyası ölkənin yeganə və vahid idarəetmə partiyasıdır. Sözsüz ki, Əsəd dəyişiklərin əleyhinə olacaq, amma o (təzyiq nəticəsində) yeni muxtar regionlarda azad və şəffaf seçkilərin keçirilməsinə razı ola bilər. Buna qədər isə Əsəd ölkənin federativ quruluşu məsələsinə və mübahisəli ərazilər üzrə referendum keçirilməsinə razılıq verməlidir.

Belə bir ssenaridə Əsəd şəffaf seçkilər nəticəsində kənara çəkilib öz reputasiyasını xilas edə bilər. Bu cür vəziyyət qəbuledilməz kimi görünsə də, lakin alternativ yoxdur. Əgər Əsəd hər hansı başqa bir yolla hakimiyyətdən məhrum olarsa, sələfi yaraqlılar öz mövqelərini möhkəmləndirərlər. Əgər yekun nəticədə sələfilər hakimiyyəti götürsələr, onda ələvilər, druzlar və xristianlar ölkədən qovulacaq və məhv ediləcəklər. Amma əgər Əsəd hakimiyyətdən getməzsə, onda müharibə sonsuza qədər sürəcək.

Əlbəttə, seçkili keçid dövrü atəşin kəsilməsi ilə baş verə bilər. Amma belə bir reallığı yalnız Rusiya və ABŞ yarada bilər. Əgər onlar əlaqəli fəaliyyət göstərsələr.

Suriya Rusiyadan bir neçə milyard dollar pul borc alıb. ABŞ Putindən xahiş edə bilər ki, Suriya iqtisadiyyatının dağılmaqdan xilas olunması üçün borc yükünün yüngülləşdiriləcəyi vədindən istifadə etməklə, Əsədi yenidən məsələnin siyasi həllinə tərəf yönəltsin. Rusiya buna razılaşa bilər. Çünki əks təqdirdə Rusiya ordusu və hökuməti demək olar ki, dağılmış Suriyaya uzun və qeyri-müəyyən vaxta kimi yardım etməlidir. Hazırda Rusiya iqitisadiyyatı geriləyir və ona görə də Suriyadakı uzun müddətli müharibə Putin üçün əlverişli deyil.

Öz növbəsində isə ABŞ və Avropa Birliyi Suriyadakı keçid dövrünün dəstəklənməsi ilə Rusiyaya qarşı tətbiq edilmiş sanksiya rejiminin yüngülləşdirilməsini uyğunlaşdıra bilər. Onlar öz müttəfiqləri Türkiyəyə təklif edə bilərlər ki, Rusiyaya təzyiq göstərərək məsələnin danışıqlar yolu ilə həll edilməsinin məqsədəuyğun olmasına onları inandırsın. Önümüzdəki beş il ərzində Türkiyə Rusiya ilə ticarət həcmini 32 milyard dollardan 100 milyard dollara kimi artırmaq niyyətindədir. Bu ölkələr həmçinin illik buraxılış həcmi 60 milyard kubmetr olan və Avropa bazarına çatdırılacaq “Türk axını” qaz kəmərinin tikilməsini planlaşdırırlar. ABŞ və Avropa Birliyi “Patriot” raketlərinin yenidən Türkiyəyə qaytarılacağını bildirərək, onları ruslarla danışıqlar aparmağa yönəldə bilərlər. Çünki hal-hazırda Suriya səmalarında Rusiya təyyarələrinin uçması Türkiyəni yenidən əsəbləşdirir. Onlar üçün əlavə təhlükəsizlik təminatı lazımdır. Bu isə qarşılıqlı danışıqlar yolu ilə verilə bilər.

Avropa Birliyi həmçinin Rusiyanın “Ceyş-əl-Muhacirin” qruplaşmasının tərkibində vuruşan və keçmiş Sovet respublikalarında hücumlara başlaya biləcək çeçen döyüşçüləri üçün Suriyanın özünəməxsus şittiliyə çevrilə biləcəyi narahatçılığını azaltmalıdır. Bunun üçün Ankaraya bildirilməlidir ki, onlar “Ceyş-əl-Fəth”(bu qruplaşmanın tərkibində də çeçenlər vuruşur) qruplaşmasına edilən maliyyə və silah axınını dayandırsınlar. Çünki bu Türkiyənin AB-yə qəbul edilməsi məsələsində neqativ rol oynayar. Əlbəttə ki, çeçen yaraqlıları İŞİD-in tərkibində də döyüşürlər. Ancaq Suriyadakı bütün radikallara edilən xarici yardımların dayandırılması onların döyüş qabiliyyətlərinin azaldılması və təsir sferalarının daralması strategiyanın mühüm komponentlərindən biridir.

Nə vaxt ki, bütün tərəflər danışıqlar aparmağa razı olacaqlar, onlar Moskvaya toplaşa bilərlər. Bu isə öz növbəsində Rusiyanın regionda aparıcı rol oynmasına cəhd göstərməsinə də uyğun gəlir. Danışıqlar ona gətirib çıxara bilər ki, müqavimət qüvvələri ilə hakimiyyət birbaşa diskussiyaya başlayar. Bunun üçün Türkiyə yalnız sələfilərdən olmayan müxalifət qruplarına yardım edəcəyi təminatını verməlidir. Rusiya isə öz növbəsində Əsədi birbaşa danışıqların aparılmasının vacibliyi məsələsində məlumatlandırmalıdır. Ona görə ki, Putin Suriyanın dibsiz çəlləyə çevrilməsinə imkan verməməlidir, yoxsa buraya daima və sonsuz sayda maliyyə və hərbi yardımlar axacaq.

Danışıqlar zamanı və keçid dövründə Suriya ordusu və sələfilərdən olmayan müqavimət qüvvələrinə yerli əhalini İŞİD və digər terrorçulardan qorumaq üçün silahları yerə qoymamağa icazə veriləcək. Bu proseslərə nəzarət etmək üçün Suriyaya müşahidəçilər kontingenti göndəriləcək. Ümumi yekunda sələfi döyüşçülərin ortadan çıxarılması bu regionda dayanıqlı sülhün təmini üçün əsas məsələ olacaq.

Yeni Suriya federal bir ölkə olmalıdır. Bunu hətta Əsəd də qəbul edir. O, açıq şəkildə deyib ki, bəzi rayonların müqavimətçilərdən azad olunması ideyasından imtina edib. Rusiya ələvi muxtar regionunda Tartusu saxlayacaq və xristianların, eləcədə öz müttəfiqlərinin müdafiəsi cavabdehliyini daşıyacaq, Fars körfəzi ölkələri və Türkiyə isə öz təhlükəsizlik zonasını nəzarətdə saxlayacaq və maliyyə yardımı edərək, sülhməramlılar göndərəcək. Bu planlar çərçivəsində danışaqlara başlamaq üçün Moskva kürd qrupları və iranlılarla işləyə bilər. Amma onun Fars körfəzi ölkələri ilə olan əlaqələri məhduddur. Bəllidir ki, Qərb öz təzyiq mexanizmlərindən istifadə edərək, Səudiyyə Ərəbistanının sünnü radikallara göstərdiyi yardımı kəsdirməlidir.

Ancaq ölkənin müharibədən sonra yenidən qurulmasına çəkilən xərclərin kimi tərəfindən maliyyələşdiriləcəyi məsələsi də var. BMT-nin hesablamalarına görə, Suriya iqtisadiyyatının dirçəlməsi üçün minimum 30 il lazımdır. Rusiya və ABŞ Suriyanın dirçəldilməsi məsələsinin müzakirə olunması üçün beynəlxalq donorlar konfransına başçılıq etməlidirlər. Bu tədbiri 2003-cü ildə İraqın bərpa edilməsi ilə əlaqədar keçirilən Madrid konfransı ilə eyniləşdirmək olar. O zaman təminat və kreditlər şəklində 33 milyard dollar toplamaq mümükün omuşdu. Amma belə bir məbləğ Suriyanın bərpası üçün az olsa da, hər halda başlanğıc üçün normal sayıla bilər.

DÖVR DƏYİŞİR

Bu cür qarışıq diplomatik təzyiq vasitələri nəticə verə bilərmi? Keçmiş bizə dövrün necə sürətlə dəyişdiyini göstərir. 2009-cu ildə Amerika prezidenti Barak Obama Suriya ilə diplomatik yaxınlaşma kampaniyası başlayanda, Bəşər Əsəd demişdi: “Biz onu Suriyada salamlamağa məmnun olardıq. Mən bunu səmimi söyləyirəm”.

Obama isə cavab olaraq irəliyə problemli məsələləri çəksə də, gələcək əməkdaşlığa ümid bəslədiyini də bildirmişdi.

Həmin il İraqın keçmiş baş naziri Nuri-əl-Maliki Əsədi öz ölkəsində terroristləri gizlətdiyinə görə ittiham etmişdi. Bu gün mahiyyət etibarı ilə İraq artıq Suriyanın yeni müttəfiqidir. Axı, 2009-cu ildə İraqda İŞİD yoxdu və təkcə zəifləmiş “Əl-Qaidə” vardı. Zamanın necə sürətlə dəyişdiyini gördüyümüz üçün, biz Yaxın Şərqdə nələrin baş verə biləcəyini də unutmamalıyıq.

Müəyyən mənada, ancaq bir şey deyə bilərik. Bu böhranda dəyişiklik yalnız böyük oyunçulardan asılıdır.

Əlbəttə, nəticə heç də hamının xoşuna gəlməyə bilər. Lakin onlarla ölkədən ibarət super koalisiyanın yaradılması, sonu görünməyən danışıqların aparılmasına gətirib çıxaracaq və bu isə ümumi vəziyyəti dalana dirəyəcək. Ona görə də, Suriya cəhənnəmindəki öldürücü silahlar axınını dayandırmaq üçün ABŞ və Rusiya birlikdə işləməyə başlamalıdırlar.

Vaqif NƏSİBOV

AzPolitika.info