Xarici KİV-in məlumatına görə, Almaniyanın kansleri Angela Merkel deyib ki, biz yalnız Türkiyənin köməyi ilə qeyri-leqal miqrasiyadan leqal miqrasiyaya keçə bilərik (İnterfaks.ru).
«Qaçqınlarla bağlı problemin tam həlli üçün digər vasitə və üsullarla yanaşı, bizə Türkiyənin köməyi lazımdır» - deyə, Merkel Avropa «mini-sammiti»ndə iştirak etmək üçün Brüsslelə gələrkən bəyan edib.
Sammitdə Avstriyanın, Bolqarıstanın, Macarıstanın, Almaniyanın, Yunanıstanın, Makedoniyanın, Rumıniyanın, Serbiyanın, Sloveniyanın, Xorvatiyanın liderləri, Avropa Komissiyasının, Avropa Şurasının və Avropa Parlamentinin sədrləri iştirak edir. Tədbir Avropa Komissiyasının başçısı Jan-Klod Yunkerin təşəbbüsü ilə çağırılıb.
«Biz, yalnız Türkiyə ilə birlikdə qeyri-leqal miqrasiyadan leqal miqrasiyaya keçə bilərik. Çox vacibdir ki, Avropa Komissiyası miqrasiya məsələlərini Türkiyə ilə müzakirə etsin» - deyə, Merkel əlavə edib.
Kansler qeyd edib ki, bu görüşdə «praktik məsələlər»i, o cümlədən, Avropa İttifaqının hazırkı sərhədləri daxilində miqrantların qeydiyyatı mərkəzlərinin yaradılması və Yunanıstana kömək məsələlərini həll etmək lazımdır.
Avropa diplomatiyasının başçısı Federika Moqerini Merkellə həmrəy olduğunu bildirib: «Ümid edirəm ki, bugünkü görüş konkret hərəkətlərə köklənəcək - Avropa Komissiyasının, ittifaq üzvlərinin və həm də ittifaq üzvü olmayan ölkələrin Balkan marşrutu üçün nə edəcəklərini müəyyənləşdirəcək».
Diplomat qeyd edib ki, böhranın həlli «bütün oyunçulardan asılıdır».
AzPolitika.info


Şərhlər