Ermənilər qoşunların təmas xəttində monitorinq keçən ATƏT nümayəndələrini atəşə tutdular. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, erməni tərəfi atəşkəs rejimini növbət dəfə pozub.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 27-də Azərbaycan Respublikasının Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilib.
Əvvəlcədən əldə olunmuş razılığa əsasən, monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ), eləcə də qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik təmas xəttini qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçiblər.
Sonra həmsədrlər yerli komandanlıq və icra hakimiyyəti nümayəndələri ilə görüşərək səhra şəraitində brifinq keçiriblər.
Atəşkəs rejiminin pozulmaması barədə razılığa baxmayaraq tədbir zamanı düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomatik silahdan bir neçə dəfə atəş açılıb.
Həmsədrlərin dərhal müdaxiləsindən sonra atəş dayandırılıb.
Xatırladaq ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 99 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Çaylı, Yarımca, Qızıloba, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, Mərzili, Novruzlu, Şıxlar, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 101 dəfə atəş zərbəsi endirib.


Şərhlər