“Konsernlərin çarı” adlandırılan “Qazprom” şirkətində vaxtilə 400 min əməkdaş çalışırdı və həmin dövrlərdə, bu nəhəng şirkətin öz yüksəlişinin başlanğıcında olması təsəvvürü yaranmışdı. ”Qazprom” şirkəti top–menecment kimi qarşısında bir trilyon dollar həcmində kapitallaşmaya qədər yüksəlmək məqsədi qoymuşdu.

Bu gün artıq “Qazprom” həmin məqsədindən heç zaman olmadığı kimi uzqdadır. Hazırda şirkətin bazar qiyməti 50 milyard dollardan bir qədər artıqdır. ”Qazprom” konserni “Financial Times” qəzetinin tərtib etdiyi dünyanın aparıcı şirkətlərinin reytinq cədvəlində də geriləyib və bazarın kapitlaşdırılma göstəricisinə görə “Canadian National Railway” şirkətini bir qədər üstələyərək 170-ci yerə düşüb. (Der Spiegel)

Şirkətin fəaliyyətinə neftin qiymətlərinin aşağı düşməsi güclü təsir göstərib. “Qazprom” ənənəvi olaraq, qazın qiymətini neft bazarındakı vəziyyətə uyğunlaşdırır. Hazırda bu strategiya tərsinə çevrilib. Əgər 2014-cü ildə 1000 kub metr qazın qiyməti 351 dollar təşkil edirdisə, indi bu göstərici 237 dollardır. Önümüzdəki 2016-cı ilin proqnozuna görə qazın qiyməti 162 dollar olacaq.

Ancaq əsəs problem daha dərində yatır. Beləki “Qazprom” konserni bir sıra ciddi problemlərlə üzləşib. 2014-cü ildə ixrac 10 %-dən artıq azalıb. Bu əsas etibarı ilə Ukraynadakı münaqişə ilə bağlıdır. Münaqişədən əvvəl qonşu ölkəyə il ərzində 40 milyard kub metr qaz göndərilirdi. Lakin müharibəyə və iqtisadi böhrana görə Kiyev istehlakı kəskin şəkildə azaltdı. Həm də ki, bir müddət Ukrayna birbaşa olaraq Rusiyadan qaz almadı. 2015-ci il üçün isə qonşu ölkəyə göndərilən qazın həcmi 10 milyard kub metr təşkil edib.

Digər tərəfdən isə ixracda ümümi staqnasiya müşahidə edilir. Ukrayna böhranına qədər “Qazprom”un ixrac etdiyi qazın ümumi həcmi 230 milyard kub metr idi. Bu rəqəm 2013-ci ilin göstəricisidir. Dünya qaz bazarında Rusiyanın əsas rəqibləri Qatar, Norveç və ABŞ-dır.

Avropada “Qazprom” Avropa Komissiyası ilə uzun müddətli münaqişə yaşayır. Bu ilin aprel ayında Brüssel “Qazprom”a çox milyardlıq cərimə ilə xəbərdarlıq edərək, Bolqarıstanın ərazisindən keçəcək “Cənub axını” qaz kəmərinin tikintisinin reallaşdırılmasını əngəllədi.Milli enerji təhlükəsizliyi fondunun eksperti Aleksey Qrivaçın fikrinə görə avropalılar qaz məsələsini hədsiz siyasiləşdirirlər ki, bu da enrji təninatında lazımsız risklərə səbəb olur. Amma Avropa Birliyinin mövqeyinin dəyişəcəyini güman etməyə indi heç bir əsas yoxdur.

Hətta Rusiyanın özündə də qaza olan tələbat azalıb. ”Vygon Consulting” –dən olan ekspert Qriqoriy Vıqonun sözlərinə görə, bu fəlakətli bir inkişafdır. Daxili bazardakı qaz satışı 30 % azalıb. Qazın ölkə daxili satış həcmi 2005-ci ildə 307 milyard kub metr olduğu halda, keçən il bu göstərici 217 milyard kub metr səviyyəsində olub. “Qazprom” şirkətinin vəziyyətini, onun iki rəqibi - daxili qaz bazarında ikinci yeri tutan özəl “Novatek” şirkəti ilə dövlət neft şirkəti “Rosneft” mürəkkəbləşdirir.

“Qazprom”un rəqibləri sənaye sektorunda ödəmə qabiliyyətli müştərilər axtarışına daha çox üstünlük verirlər. Özəl istehlakçıların və o cümlədən də kənd yerlərinin qazla təchizi “Qazprom”un üzərinə yüklənilib. Bu proses isə cazibədarlığı az olan şərtlər daxilində həyata keçirilir. ”Qazprom”un Rusiydakı qiymətləri dövlət tərəfindən tənzimlənir və şirkət qazı yalnız müəyyənləşmiş hədd daxilində sata bilər.

Oktyabr ayının əvvəlində bəlli olub ki, ”Qazprom” müştərilər yanında xüsusi cazibədarlığını itirib. Beləki, Rusiyanın ən böyük metallurgiya konsernlərindən biri oan Novolipetsk metallurgiya kombinatı 2016-cı ildə qazı “Novatek” şirkətindən alacaq. Söhbət ildə 2,8 milyard kub metr qazdan gedir.

İdxal edilən qazın səviyyəsinin aşağı düşməsi və Rusiya daxilindəki xoşagəlməz vəziyyət ümumiyyətlə geniş xarakter ala bilər. Çünki hökumət indi mənfi yöndəki hasilat rekordlarına hazırlaşır. ”Qazprom”un çıxardığı qazın 2015-ci ildəki həcmi yalnız 414 milyard kub metr təkil edib. Maraqlıdır ki, şirkətin yaradılmasından indiyədək bu cür aşağı hasilat göstərici olmayıb. Ümumiyyətlə isə şirkətin gücü 550 milyard kub metrədək qaz hasil etməyə hesablanıb.

Bunlardan başqa rəqibləri tərəfindən “Qazprom” şirətinə qarşı siyasi təzyiqlər də göstərilir. Onlar ixrac sferasına da müdaxilə etmək istəyirlər. Məsələn, ”Rosneft”in vitse prezidenti iyul ayında hökumətə müraciətlə, ”Qazprom”un ixrac inhisarının ləğv olunmasını və bu şirkətin bir neçə yerə bölünməsini xahiş edib. Həmin sənəddə söhbət Rusiyanın dünya bazarındakı iştirakını yüksəltmək üçün yeni modelin yaradılmasından gedir.

Qriqori Vıqon hesab edir ki, uzun müddətli perspektivdə “Qazprom” çox böyük ehtimala bir neçə şirkətə bölünməkdən qaça bilməyəcək. Hasilat və daşıma bir-birindən ayrılacaq. Əksər ölkələr məhz bu yolla gediblər. Amma Rusiya dövləti qaz sektorunu nəzarət altında saxlayacaq. Dünya dəyişib, indi “Qazprom” da dəyişməlidir. ”Konsernlərin çarı” keçmişdə qalmalıdır.

Vaqif NƏSİBOV