Tanınmış hüquqşünas prezidentə, daxili işlər naziri və baş prokurora müraciət etdi

Bu gün Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdən sonra zalda insident yaşanıb. Ötən ilin yazında qətlə yeirilmiş alman vətəndaşı Vüsal Şilderin ölümündən 20 gün əvvəl onun cibinə narkotik ataraq məsuliyyətə cəlb etmək istəyən uğursuz cinayətkar şəbəkənin işi üzrə keçirilən məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsi başa çatandan sonra proses 21 fevraladək təxirə salındı.

Qeyd edək ki, zərərərçəkmişin nümayəndəsi, tanınmış hüquqşünas Aslan İsmayılovun növbəti prosesdə bir neç jurnalistin dəvət edilərək çəkiliş aparılması barədə qaldırdığı şifahi vəsatət hakim tərəfindən rədd edildikdən sonra zalda gərginlik yaşandı və qətlə yetirilən Vüsalın anası Mətanət Şilderin dəmir barmaqlıqlar arxasında dayanan təqsirləndirilən şəxslərlə polemikası sonda az qala zalda və həyətdə əlbəyaxa davaya çevriləcəkdi. Belə ki, təqsirləndirilən İlham Məmmədovun Mətanət Şilderə qarşı əliylə etdiyi yolverilməz hərəkətə və onu təhqir etməsinə Aslan İsmayılov sərt reaksiya bildirdi və bundan sonra İlham Məmmədovla və onun prosesdə iştirak edən qohumları arasında çox kəskin mübahisə yaşandı. Münaqişənin kulminasiya nöqtəsi İlham Məmmədovun və onun qohumlarının Aslan İsmayılovu hədələmələri və onunla haqq-hesab çəkəcəkləri barədə səsləndirdikləri fikirlərdən sonra yaşandı.

Hadisə yerində olan Moderator.az-ın əməkdaşı fürsətdən isifadə edib Aslan İsmayılovdan yaşanan qalmaqalla bağlı açıaqlama alıb: Vəkil deyib:

“Siz də şahidi oldunuz ki, məhkəmə bitən kimi Taryel Ağayevin qohumu olan İlham Məmmədov hansı hərəkətləri etdi. Əvvəlki məhkəmə proseslərində də mən onu diqqətlə müşahidə edirdim və görürdüm ki, İlham Məmmədov əl işarələri ilə, atmacaları və söyüşləriylə bizi təhqir edir. Sadəcə onun cinayətkar olduğunu bilərək hərəkətlərinə fikir vermirdim. Amma bu dəfə onun məhkəmədə övladını itirmiş anaya, bir azərbaycanlı qadına o cür təhqiramiz ifadələr işlədərək onun üstünə qışqırması artıq məni hövsələdən çıxardı. Mən sadəcə ona iradımı bildirəndə İlham Məmmədov məni hədələməyə başladı. Mənə deyir ki, gözlə gör çıxıb sənin başına nə oyun açacam. Elə ki, zaldan bayıra çıxdım, qohumları üstümə tökülərək məni açıq mətnlə ölümlə təhdid etdilər. Qohumları qadına qarşı işlətdiyi ifadəyə görə onun ağzından vurub tənbeh etməkdənsə məni də təhdid etdilər. Bunlar hamısı qohumları Taryel Ağayevdən güc alırlar. Bu günə qədər baş verən cəzasızlığın, “bespredel”in nəticəsidir. Taryel Ağayevin bu gün də Prezident Aparatında oturmasının nəticəsidir. Qohum-əqrəbası da ondan ilhamlanaraq adamları çəkinmədən ölümlə hədələyir və ya öldürürlər. Onlar hesab edirlər ki, kimin balasın istəsələr öldürə bilərlər, kimi istəsələr də tutdura bilərlər. Mən sizə başqa bir şey də deyim. Mənim diqqətimi cəlb edən bir məqam var ki, proses iştirakçıları və gəlib ifadə verənlər də qanundan, dövlətin məhkəməsindən deyil, məhz Taryel Ağayevdən qorxduqlarını anındaca büruzə verirlər ki, bizim kökümüzü, nəslimizi kəsər. Mən ölkənin rəhbərinə, daxili işlər naziri və baş prokurora sizin vasitənizlə müraciət edirəm. Əgər bura cinayətkar dövlətdirsə və hamı öz haqq-hesabını məhkəmədə deyil, kriminal müstəvidə çözməyə başlayıbsa bizə bir cavab verin görək bu nə məsələdir. Mən baş prokurora da səslənirəm ki, o, Vüsal Şildein qətlinin üstünün açılmasına, həm də mənə qarşı açıq təhdidlə bağlı təxirəsalınmaz tədbirlər görülsün. Daxili işlər nazirindən də mənim təhlükəsizliyimi təmin etməyi tələb edirəm. Mən bununla bağlı onlara rəsmi müraciət də edəcəm. Onlar da bilsin ki mən Taryel Ağayevin təhdidlərindən qorxan və bu məsələdən imtina edən deyiləm, sona qədər də onlarla vuruşacam. Bu ölkədə dərəbəyliyin əndazəni aşdığını hamının, xüsusən də tədbir görməli olanların görməsi lazımdır. Necə olur ki, hər yerdə adı keçən Taryel Ağayev bu gün də sanki heç nə olmayıbmış kimi iş başındadır? 8 aydır Dubayda saxlanılan Taryel Ağayevin yeznəsi Xəyal Əlizadə ilə də bağlı heç bir tədbir görən yoxdur. Təsəvvür edin, Almaniya hökuməti bunlara müraciət edir ki, əgər Xəyalın Dubaydan gətirilməsində çətinlik çəkirsinizsə, biz sizə yardımçı ola bilərik. Azərbaycan prokurorluğu isə onlara cavab verməyi belə, lazım bilmir. Çünki hamı Taryel Ağayevdən qorxur, onun diqtəsiylə hərəkət edir. Bu gün bir daha başa düşdüm ki, niyə Vüsal Şilderin ailəsinin müqavilə bağladığı vəkillər sonradan bu işdən imtina ediblər. Bunu bu günə qədər demirdim, ancaq indi qoy hamı bilsin ki, həmin vəkillərə və nümayəndələrə də bu cür təhdidlər olub.Yəni bu ölkə bu qədər dərəbəylikdir ki, vəkillər də bunlardan qorxaraq prosesə çıxmaq istəmirlər?”