“Zakir Qaralov Almaniyada əməliyyat olunanda sevincindən yerə-göyə sığmırdı ki, bu gün-sabah baş prokuror olacaq”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin 11 fevral tarixli sərəncamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Ötən il sentyabrın 4-də Məhkəmə-Hüquq Şurasının qərarı ilə H.Əliyevin barəsində intizam icraatına başlanıb, oktyabrın 28-də isə Şura onun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqda qərar çıxarıb.
“Azadlıq” qəzetinin yazdığına görə, H.Əliyev iş adamı Ramazan Səlimovu icra başçısı təyin etdirəcəyi vədi ilə aldadaraq aldığı 600 min manat pulu mənimsəmək üçün müxtəlif uğursuz əməliyyatlar həyata keçirib. İşin üstü açılanda isə hətta həbs təhlükəsilə üzləşib.
Bu barədə mətbuatda geniş yazıldığından təkrarlamaq istəmirik.
Lakin AzPolitika.info-ya daxil olan məlumatlardan belə görünür ki, Həsən Əliyevin hakimlikdən qovulmasının yeganə səbəbi onun R.Səlimovdan 600 min manat alıb qaytarmaq istəməməsi deyil.
Bizə verilən məlumata görə, H.Əliyev iş adamından icra başçısı təyin etdirmək vədi ilə aldığı pulun “üstünü də düzəldərək” özünün yüksək vəzifəyə təyin olunması üçün hansısa ünvana ötürüb. Mənbə deyir ki, Həsən Əliyev xeyli sayda daşınmaz əmlakını da sataraq külli miqdarda vəsaiti ünvana çatdırıb ki, onu yüksək vəzifəyə təyin etsinlər.
“Kimlərsə bu adamın sadəlövhlüyündən və vəzifə hərisliyindən istifadə edərək külli miqdarda pulunu almışdılar. Bir ara hətta inanmışdı ki, onu baş prokuror təyin edəcəklər. Zakir Qaralov Almaniyada əməliyyat olunanda sevincindən yerə-göyə sığmırdı ki, bu gün-sabah baş prokuror olacaq.”
Mənbə deyir ki, Zakir Qaralovun iş başına qayıtdığını görən Həsən Əliyevə daha sonra başqa bir vəd verilib – deyilib ki, verdiyi pulun qarşılığında Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsinə təyin olunacaq. “Xeyli vaxtdır bu təyinatı gözlədiyini gizlətmirdi. Bu söz-söhbət məhkəmənin hazırki sədri Mahmud Nəbiyevin də qulağına çatmışdı. Ona görə də ələ düşən ilk fürsətdə “ipini kəsdilər”.
Mənbə əminliklə deyir ki, Həsən Əliyevin hakimlikdən qovulmasının əsas səbəbi, törətdiyi dələduzluq əməlindən daha çox Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri postuna can atması olub.
Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Vaqif NƏSİBOV
AzPolitika.info

Şərhlər