Prezident İlham Əliyev Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron məhkəmə” informasiya sistemi yaradılmasına sərəncam verib.
“Elektron məhkəmə” informasiya sistemi aşağıdakıları təmin etməlidir:
- ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu;
- cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını və sənədlərin elektron dövriyyəsini;
- məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılmasını;
- məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsini;
- məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılmasını;
- məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasını;
- işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsini və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olmasını;
- qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin və icra prosesinin izlənilməsini;
- sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik “şəxsi kabineti”nin yaradılmasını;
- “Elektron hökumət” portalı ilə və Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyanı;
- məhkəmə statistikasının elektron qaydada aparılmasını;
- məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını.
Fevralın 13-də imzalanan sərəncama görə, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sistemin təşkilini və fəaliyyətini birgə təmin etməli, ondan istifadə qaydalarını müəyyənləşdirməlidirlər.

Şərhlər