Menu

“Öz imzalarından imtina edənlərin sırasında doğma dayımın adı var”

12.11.2015, 23:42
“Öz imzalarından imtina edənlərin sırasında doğma dayımın adı var”

Deputatlığa keçmiş namizədlər mətbuat konfransı keçiriblər

Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) mərkəzi qərargahında partiyanın 1 noyabr 2015-ci il Milli Məclis seçkilərində iştirak edən deputatlığa namizədləri mətbuat konfransı keçirdilər. Toplantıda ADP sədrinin köməkçisi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsindən namizədliyi irəli sürülən Daşqın Nuriyev, ADP sədrinin müavini, 22 saylı Nəsimi ikinci Seçki Dairəsindən seçkilərə qatılan Rəşid Mansurov və ADP funksioneri, 42 saylı Sumqayıt şəhər ikinci Seçki Dairəsindən namizədliyini vermiş Xaliddin Cahangirov media nümayəndələrinə seçki saxtakarlıqları barədə çoxsaylı faktlar açıqladılar.

Qeyd edək ki, toplantıda Ümid Partiyası tərəfindən 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsindən namizədliyi irəli sürülən Bəybala Əliyev də iştirak edirdi.

Mətbuat konfransını giriş sözü ilə açan Rəşid Mansurov bildirib ki, 22 saylı Nəsimi ikinci Seçki Dairəsində seçkilər total saxtakarlıq şəraitində keçirilib. Onun sözlərinə görə, bütün məntəqələrdə “karusel” əməliyyatı həyata keçirilib, deputatlığa namizədlərin nümayəndələrinə təzyiqlər olub: “Məntəqə sədri deputatlığa namizədlərin nümayəndələrinə bildirib ki, onlara şəxsiyyət vəsiqəsinin yoxlanılmaması barədə “yuxarı”dan göstəriş verilib. Bu səbəbdən məntəqələrdə seçicilərin şəxsiyyət vəsiqələri yoxlanılmayıb, onların barmaq izlərinə belə baxılmayıb, həmçinin “seçicilər”ə 2-3 ədəd bülleten verilib. Bütün bunlara etiraz edən nümayəndələrim Zakir Hüseynov, Nazilər Soltanova, Cavad İsmayılov və Niyaz Qurbanova qarşı aşkar zorakılıq edilib”.

Rəşid Mansurov deyib ki, bəzi “seçici”lərin bir çox məntəqələrdə dəfələrlə səs verdiyi haqda əllərində faktlar var: “Bizim nümayəndələrimz müxtəlif dairələrdə səs verən xüsusi qrupların qanunsuz fəaliyyətini aşkara çıxarıb. Əlimizdə bununla bağlı video görüntülər də var ki, bəzi “seçicilər” ayrı-ayrı məntəqələrdə dəfələrlə səs veriblər. Bu zaman onların sənədlərinə belə baxılmayıb. Müşahidəçilər tərəfindən bu saxtakarlığa etiraz edildikdə isə, məntəqə sədri onları otaqdan çıxaracağı ilə hədələyib”.

R.Mansurov bildirib ki, 16 və 22 saylı məntəqələrdə daha çox qanunsuzluqlar aşkara çıxarıblar. O, bütün bunlarla bağlı DSK-ya, daha sonra isə MSK-ya müraciət etdiklərini, lakin müsbət cavab ala bilmədiklərini vurğulayıb.

ADP sədrinin köməkçisi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsindən namizədliyi irəli sürülən Daşqın Nuriyev də bildirib ki, seçkilər kütləvi saxtakarlıq şəraitində keçib: “Mən bu seçkiləri “saxtakarlığın təntənəsi” adlandırardım. Çünki bütün məntəqlərdə bülletenlər hər kəsin gözü qarşısında top halında seçki qutusuna atılıb. Hətta 21 saylı məntəqənin sədri Əlicabbar Səfərov əlində tutduğu bülletenləri müşahidəçilərə göstərərək nümayişkəranə şəkildə qutuya atıb və “gedin kimə istəyirsiniz şikayət edin” deyə bildirib”.

O, Masallının Sığıncaq kəndində 200-dən çox bülletenin “xəstə insanlar”ın adı ilə əvvəlcədən hazırlandığını və seçki günü topa halda qutuya atıldığını deyib: “Sizə də bəllidir ki, kiçik bir kənddə 200 nəfər xəstə seçici ola bilməz. Amma Sığıncaq və digər kəndlərdə məntəqə sədrləri onlarla, yüzlərlə bülletenləri “xəstə insalar”ın verdikləri səs kimi qutulara ataraq, aşkar saxtakarlıq ediblər”.

Daşqın Nuriyev vurğulayıb ki, artıq 69 saylı dairədən seçkilərə qatılan 5 nəfər namizəd burada baş verən saxtakarlıqlarla bağlı DSK-ya müraciət edib: “Qeyd edim ki, seçkiyə bir gün qalmış, eləcə də seçkidən sonra saxtakarlıqlarla bağlı ölkə başçısına da birgə müraciətimiz oldu. Lakin bütün bunlar heç bir müsbət nəticə vermədi. Daha sonra DSK-ya müraciət edib, saxta seçkinin nəticəsinin ləğv olunmasını tələb etdik. Bu dəfə də bizim müraciətimizə əhəmiyyət verilmədi və DSK şikayətimizin “əsassız” olduğunu bildirdi. Odur ki, biz bu gün MSK-ya müraciət edəcəyik”.

69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Bəybala Əliyev isə çıxışında bildirib ki, artıq seçkidən öncə onlara Fəzail İbrahimlinin “seçiləcəyi” bəlli olub: “Seçkiyə bir gün qalmış bizə məlum idi ki, Fəzail İbrahimliyə neçə faiz səs yazılacaq. Çünki seçkilər “yuxarı”dan idarə olunur və kütləvi qanunsuzluq şəraitində keçirilirdi”.

Bəybala Əliyevin sözlərinə görə, bir çox məntəqələrdə hərbi hissənin əsgərləri kütləvi surətdə seçki saxtakarlığına cəlb olunub: “69 saylı seçki dairəsində “karusel” əməliyyatı daha çox hərbi hissənin əsgərləri və zabit heyətinin iştirakı ilə həyata keçirildi. Biz bəzi məntəqlərdə əsgərlərin təkrar-təkrar səs verməsinin canlı şahidi olduq. Doğrudur, əsgərlər arasında bu qanunsuzluğa etiraz edənlər də vardı. Lakin onları zor gücünə seçkidə iştirak etməyə, kütləvi saxtakarlıqlara imza atmağa məcbur edirdilər”.

B.Əliyev onu da dedi ki, Fəzail İbrahimli əksər məntəqələrin sədrlərini pulla ələ alıb.

ADP funksioneri Xaliddin Cahangirov isə namizədliyinin qanunsuz olaraq qeydə alınmamasından danışıb. Onun sözlərinə görə, DSK təqdim etdiyi imzanın 102-ni “saxta” hesab edib.

Belə ki, guya, həmin 102 nəfər DSK-ya yazılı müraciət edərək X.Cahangirova imza vermədiklərini bildiriblər: “Qeyd edim ki, həmin müraciətlər tamamilə saxtadır. Mən həmin şəxslərin bir çoxu ilə görüşdüm. Onlar belə bir müraciətdən xəbərsiz olduqlarını bildirdilər”.

X.Cahangirovun sözlərinə görə, DSK-ya müraciət etdikləri iddia olunanlar arasında doğma dayısının da adı var: “Mən məhkəmə zamanı həmin şəxslərin siyahısın əldə etdim. Təsəvvür edin ki, guya DSK-ya müraciət edib, öz imzalarından imtina edənlər arasında mənim doğma dayımın da adı yazılıb. Bu isə, göründüyü kimi, aşkar qanunsuzluq və saxtakarlıqdır”.

Qeyd edək ki, toplantının sonunda namizədlər seçkinin nəticəsinin ləğvini tələb edən bəyanatla çıxış ediblər.

RƏŞAD

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol