Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin(RYTN) aparat rəhbəri, “MTN işi” ilə bağlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş Vidadi Zeynalovun korrupsiya əməlləri barədə ilginc məlumatlar əldə etmişik.

 

RYTN-dəki  məlumatlı mənbənin “AZƏRFAKS”a verdiyi bilgilərə görə, adıçəkilən qurum faktiki olaraq V.Zeynalov tərəfindən idarə olunub və nazir Əli Abbasov da xüsusi əhəmiyyətli məsələlərdə onun razılığı olmadan heç bir addım atmırmış. Yeri gəlmişkən, qeyd edək ki, Vidadi Zeynalov məhz Əli Abbasov tərəfindən naziriliyə gətirilib. Bundan əvvəl isə, o, İqtisad Universitetində prorektor vəzifəsində çalışıb.Tarixçə belədir:  V.Zeynalov 1995-1999-cu illər ərzində Bakı şəhər Maliyyə İdarəsinin rəsi vəzifəsində çalışıb. Lakin işdə yol verdiyi ciddi nöqsanlara görə Maliyyə Nazirliyinin Kollegiyasnın qərarı ilə işdən qovulub. Bir müddət sonra isə V.Zeynalov gözlənilmədən Azərbaycan Dövlət İqtisad Universitetində prorektor vəzifəsinə təyin olunub. O zaman Universitetə Əli Abbasov rəhbərlik edib və o, nazir postuna təyin olunandan sonra V.Zeynalovu nazirlikdə yüksək vəzifəyə gətirib. 

Məlumatlı mənbənin sözlərinə görə, V.Zeynalov nazirlikdə fəaliyyət göstərdiyi müddətdə əməlli-başlı oliqarxa çevrilib və çox qısa zamanda özünün varidatını milyardlarla ölçüləcək səviyyəyə çatdırıb: “Əgər Vidadiyə məxsus obyektlər, müxtəlif məqsədlər üçün istifadə olunan tikililər və onun dövlət əmlakı ilə şəxsi mülkiyyəti kimi davranması nəticəsində qurduğu nəhəng biznes şəbəkəsilə bağlı araşdırmalar aparılarsa, o zaman rabitəçi-oliqarxın minimum 2 milyardlıq səltənət sahibi olduğu üzə çıxar. Nazirlikdə çoxları bilir ki, Vidadi Zeynalov hansı imkanlara malik olub. Şübhə etmirik ki, istintaq qeyri-qanuni yollarla əldə olunmuş varidatı üzə çıxara biləcək. Təsəvvür edin ki, Vidadi Zeynalov işə gələndə mühafizə xidməti əvvəlcədən yolları bağlayırdı. Onu elə qarşılayırdılar ki, heç nazirə belə diqqət göstərilmirdi”. 

Mənbə V.Zeynalovun nazirlikdəki adamlarından və yalnız onun tapşırıqlarını yerinə yetirən komandadan da danışıb: “Nazirlikdə Vidadi Zeynalovun adamları çoxdur. Onlar yalnız Vidadinin göstərişlərini yerinə yetiriblər. Nazir onlar üçün həmişə ikinci dərəcəli şəxs hesab olunub. Onlar hazırda da nazirlikdədirlər və ümid edirik ki, hüquq-mühafizə orqanları Zeynalovun buradakı adamlarını müəyyənləşdirməkdə çətinlik çəkməyəcək və onların da fəaliyyəti araşdırılacaq”.

Mənbə sonda onu da bildirib ki, V.Zeynalovun fəaliyyəti araşdırılarkən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt şöbələri diqqətdən kənarda qalmamalıdır.“Belə şübhələr də var ki, poçt şöbələrindən bir neçəsinin binası özəlləşdirilərək sonradan dövlətə icarəyə verilib” – deyə, mənbə bildirib.

Əlavə məlumatları diqqətinizə təqdim edəcəyik.