"Sovetski" sakinlərinin keçirtdiyi bu günkü aksiya artıq sona çatdı. Aksiyanın təşkilatçıları orada toplaşan insanlara müraciət edərək, hər kəsi evlərinə dağılışmağa çağırıblar. Buna səbəb hakimiyyət təmsilçilərinin xalqa söz verməsidir. Bunun da qarşılığında əhali hakimiyyət təmsilçilərinə 3 gün vaxt verdi. Bir daha xatırladaq ki, "Sovetski" adlanan ərazinin sakinlərinin əsas tələbi söküləcək evlərə ayrılan kompensasiyaların 3 min manatadək artırılması ilə bağlıdır. Aksiyanın dinc şəraitdə keçdiyi bildirilir.
Musavat.com-un məlumatına görə, bir sıra təhlilçilər Bakı sakinlərinin bu aksiyasını ilin ən ciddi hadisəsi adlandırıb. Son zamanlarda, seçkilər də daxil olmaqla, bu sayda Azərbaycan vətəndaşının israrla bir araya gəlməsi faktı müşahidə edilməyib. Üstəlik, kiçik epizodlar xaric, polis qüvvələri xalqa qarşı zorakı hərəkətlərə yol vermədilər. Bu da iqtidarın təbii xalq etirazlarından çəkindiyinin, vətəndaşların qəzəbini öz üzərinə çəkmək istməməsinin bariz nümunəsidir.
---
Bakının “Sovetski” məhəlləsinin sakinləri evlərinin sökülməsinə və verilən kompensasiyaların azlığına etiraz əlaməti olaraq aksiya keçirir. Musavat.com-un hadisə yerindəki əməkdaşlarının verdiyi məlumata görə, yüzlərlə sakin 173 saylı məktəbin qarşısına toplaşıb.
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, bu anlarda polislə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Polis aksiyaya müdaxilə etməyə başlayıb. Aksiya dağıdılır.
İcra başçısının müavini Səmədov aksiya iştirakçıları qarşısında çıxış edərək, aksiya iştirakçılarının tələblərinin nəzərə alınacağını vəd etdikdən sonra ərazidən uzaqlaşıb. Aksiya iştirakçısı olan bir qadın huşunu itirib.
Musavat.com-un məlumatına görə, Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov aksiya keçirilən əraziyə gəlib. O, "Sovetski" sakinləri qarşısında çıxış edib. İcra başçısının müavini vəd verib ki, heç kimin evi öz razılığı olmadan sökülməyəcək.





Şərhlər