Bir qrup orduda həlak olmuş əsgər valideyni Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkəmə Kollegiyasına və hakim Cavid Hüseynova müraciət ünvanlayıb. Surəti "Azadlıq” qəzetinə göndərilən müraciət NİDA-çıların məhkəməsi ilə bağlıdır və gənclərin azadlığa buraxılması istənilir.
“Biz atəşkəs dövründə həyatını itirmiş əsgərlərin valideynləri ”Əsgər olümlərinə son!” aksiyalarında iştirak edən və sonradan həbs edilən “Nida”çı gənclərin həbsindən təəssüflənirik. Sizdən və məhkəmə heyətindən səlahiyyətlərinizdən istifadə edərək onların tezliklə azadliğa buraxılması məsələsinin həll edilməsi yollarında qəti və prinsipial addımlar atılmasını xahiş edirik”.
Bildiyiniz kimi, həbs olunan bütün “Nida”çılar beynəlxalq təşkilat tərəfindən vicdan məhbusu elan ediliblər. Məhkəmə prosesində biz də iştirak edirik və bu gənclər barəsində başlanmış cinayət işinin nə qədər qondarma olması proses zamanı açıq-aşkar görünür. Onları həbs etməklə Azərbaycan gəncliyinin gözünü qırmaq lazım deyil. Bu məsələnin siyasi tərəfi də var. Azərbaycanın bu yaxında Avropa Şurasında sədrlik məsələsi həll olunur. Azərbaycanı beynəlxalq aləmdə istəməyən qüvvələr belə hadisələrdən istifadə edərək dövlətimizin imicinə böyük xələl gətirəcəklər. 2015-ci ildə Azərbaycanda ilk dəfə olaraq Avropa üzrə Olimpiya Oyunları keçiriləcək. İndidən bəzi beynəlxalq təşkilatlar məhz Azərbaycanda siyasi məhbuslar olduğunu əsas gətirərək Azərbaycan üçün böyük siyasi əhəmiyyəti olan bu tədbirin baykotuna başlayıblar. Bütün bunları nəzərə alaraq “Nida”çıların tezliklə azadlığa çıxacağına ümid edirik”, - deyə müraciətdə bildirilir.
Müraciəti orduda həlak olmuş əsgərlər Elxan Əzizovun atası Bəyalı Əzizov, Sadiq Məmmədovun anası Aynur Məmmədova, Zakir Quliyevin anası Elmira Quliyeva, Naib Quliyevin atası Fəxrəddin Quliyev, Cavid Cavadzadənin anası Rəsmiyyə Cavadova, Nurlan Suanverdiyevin anası Xatirə Susinova, Ramazan Xosverovun atası Abdulla Xosverov, Əfqan Kərimovunu atası Yaşar Kərimov Əhməd Hüseynovun atası Əhmədəli Hüseynov, Elçin Kərimbəylinin atası Əli Kərimbəyli, Kamran Hacıyevin atası Coşqun Hacıyev, Pərviz İsgəndərlinin anası Kifayət İsgəndərli, İsmayıl İbayevin anası İradə İbayeva, Elfaq Əliyevin anası Gülşən Aslanova, Elşən Novruzovun anası Səlbi Novruzova, Elman Əliyevin anası Sənubər Əliyeva, Toğrul Ağamalıyevin anası Məhbubə Mirzəyeva, Eldar Novruzovun atası Qədir Novruzov imzalayıblar.

Şərhlər