Mərhum Samuel Hantinqton hələ 1993–cü ildə “mədəniyyətlərin toqquşması” nəzəriyyəsini irəli sürərkən bildirirdi ki, məhz gələcək beynəlxalq siyasətdə bu cür xüsusiyyətlər öncüllük edəcək. Onun fikirləri döyüşkən islamçılar arasında tərəfdarlar tapdı. Parisdə kütləvi qətllər törətmiş terrorçular, İslam ilə Qərbin qaçılmaz olan ölümcül döyüş aparacaqlarını düşünənlərin bir hissəsidir.
Amma aparıcı Qərb siyasətçiləri demək olar ki, Hantinqtonun yanaşmlarını heç zaman qəbul etməyiblər. Hətta ABŞ prezidenti Corc Buş bəyan edirdi: ”Heç bir mədəniyyətlərin toqquşması yoxdur”. Çoxsaylı müsəlman azlığın yaşadığı bir çox multikultural (çoxmədəniyyətli) Qərb ölkələrinin gündəlik həyatı, müxtəlif etiqadların və mədəniyyətlərin birlikdə mövcud ola bilməməsi ideyasını təkzib edir.
Paris hücumundan sonra irəliyə sürülən bu ideyanın təsdiqə ehtiyacı var. Çünki hər halda liberal dəyərlərin təsdiqi bəzi bədxassəli qlobal ənənələrin sağlam etirafına mane olmamalıdır. Fakt fakt olaraq qalır: kompromisə getməyən islamçılıq yüksəlişdədir. Hətta müasir müsəlman cəmiyyətləri hesab edilən Türkiyə, Malayziya və Banqladeşdə də bu xüsusiyyətlər hiss edilir. Digər tərəfdən isə İslam əleyhinə düşüncələr güclü şəkildə ABŞ, Avropa və Hindistanın siyasi xəttində möhkəmlənir. Cəm halında götürdükdə bu hadisələr “mədəniyyətlərin toqquşması” konsepsiyasına müqavimət göstərənlərin məkanını daraldır.
Parisdə baş verən terror aktı kimi hadisələr müsəlman və qeyri -müsəlmanlar arasında gərginliyi artırır. Bu gün radikallaşmaya imkan verən daha uzunmüddətli və həmçinin də ziyanlı xüsusiyyətlərə malik fəaliyyət meydanı genişlənir. Belə pozuculuq təzahürlərindən biri Fars körfəzindəki dövlətlərdə, əsasən də neft pullarını bütün müsəlman dünyasında İslamın radikal və dözümsüz formasının yayılmasına sərf edən Səudiyyə Ərəbistanı göstərir.
Bunun nəticələri Cənubi-Şərqi Asiyada, Hind-Çin bölgəsində, Afrikada və Avropada daha aydın görünməyə başlayır. Uzun müddətdir ki, Malayziyanı müsəlman çoxluğun və xeyli sayda çinli etnik azlığın yaşadığı uğurlu və çiçəklənən multikultural ölkə kimi nümunə göstərirlər.
Ancaq dövr dəyişilir. Qonşu Sinqapurun keçmiş xarici işlər naziri Bilaharı Kausikan Malayziyadakı qeyri müsəlmanlar üçün siyasi və sosial məkanın əhəmiyyətli dərəcədə daraldığını qeyd edir. O əlavə olaraq deyib: ”Artıq bir neçə on ildir ki, Yaxın Şərqdən gələn ərəb təsiri İslamın Malayziya variantını güclü şəkildə zəiflədir və onu sarsıdaraq, dəyişdirir”.
Dünyəvi konstitusiyaya malik olan müsəlman ölkəsi Banqladeşdə keçən il radikal islamçılar ziyalıların nümayəndəsini, bloqqer və nəşriyyatçıları qətlə yetiriblər. Xristianlara, hinduslara və şiə müsəlmanlarına qarşı hücumların sayı artır. Bu cinayət hadisələrini əsas etibarı ilə İŞİD və “Əl Qaidə” həyata keçirir.
Qərbdəki əksəriyyət üçün Türkiyə dünyəvi demokratiyanın uğurla fəaliyyət göstərdiyi nümunəvi müsəlman ölkəsi hesab edilir. Lakin prezident Rəcəb Tayyyib Ərdoğanın idarəetməsində din ölkənin siyasi həyatında mühüm rol oynamağa başlayıb. ”The Economist” jurnalı və digərləri Ərdoğanı “yumşaq islamçı” adlandırırlar. Amma onun 2014-cü ildəki çıxışlarının birində heç bir yumşaqlıq yox idi. Həmin vaxt o demişdi: ”Qərbdəki insanlar dost kimi görünürlər, ancaq onlar bizə ölüm arzulayırlar, bizim övladlarımızın necə ölməsini seyr etmək onların xoşuna gəlir”.
Hindistanın baş naziri Narendra Modi müsəlmanlara qarşı qızışdırıcı sözlər söyləməməsinə baxmayaraq, çoxdandır ki, onu antimüsəlman xürafatına və zorakılığına dözüm göstərməkdə günahlandırırlar. Baş nazir postunda oturduğu ilk günlərdə N.Modi özünün bəzi tənqidçilərini iqtisadi islahatlar aparmaqla sakitləşdirmişdi. Lakin son aylar onun rəhbərlik etdiyi hindus ”Bharatya canata” partiyası antimüsəlman bəlağətini artırıb.
Parisdəki terror hadisəsinə qədər Avropada hökm sürən mühacir böhranı antimüsəlman partiyalarının və ictimai hərəkatlarının fəaliyyətini gücləndirib. Almaniya öz sərhədlərini Yaxın Şərqdən gələn qaçqınların üzünə açdıqdan sonra, mühacirlərin yaşadıqları yataqxanalara hücumlar başlayıb. Fransada isə radikal sağçı Milli Cəbhənin dekabr ayında keçirilən regional seçkilərdə uğur əldə etmək şansları əhəmiyyətli dərəcədə artır.
Müsəlmanlar əleyhinə ritorika Amerika Birləşmiş Ştatlarında da güclənərək, prezidentlik uğrunda mübarizədə iştirak edən respublikaçı namizədlər arasında adi hala çevrilib. Respublikaçılar arasında keçirilən bir çox sosiolji sorğuya əsasən prezidentlik kampaniyasında liderlik edən Ben Karson bəyan edib ki, heç bir müsəlmana Amerika prezidenti olmağa imkan vermək olmaz. Donald Tramp isə bildirib ki, ABŞ-a gəlmiş suriyalı bütün qaçqınları ölkədən çıxaracaq.
Şimali Amerikada, Avropada, Asiyada və Yaxın Şərqdə baş verən bu cür hadisələrin birləşməsi mədəniyyətlərin toqquşması ideyasına bəhrə verir. Ancaq reallıq ondan ibarətdir ki, planetimizdəki müsəlman və qeyri-müsəlman dünyası sıx şəkildə bir-birinə qovuşublar.
Multikulturalizm sadəlövh liberal arzu deyil. Bu müasir dünyamızın reallığıdır və onu işləməyə məcbur etməliyik. Multikulturalizmin yeganə alternativi - zorakılıq, ölüm, kədərdir.
(Financial Times)


Şərhlər