Ədalət Partiyasının sədri, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputatlığa namizəd İlyas İsmayılovun müavini və etibarnamə əsasında nümayəndəsi Mütəllim Rəhimov bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri cənab Fərhad Abdullayevə məktubla müraciə edib. Partiyanın mətbuat xidmətinə istinadla, həmin müraciətin tam mətnini təqdim edirik:
Hörmətli cənab sədr!
Azərbaycan Respublikasının Milli Məclisinə 01 noyabr 2015-ci il tarixdə keçirilən seçkilərdə İsmayılov İlyas Abbas oğlu 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. Bundan əvvəl, yəni Milli Məclisə 3-cü çağırış seçkilərin nəticələri başqasının xeyirinə saxtalaşdırıldığından Konstitusiya Məhkəməsi tərəfindən ləğv edildikdən sonra təkrar seçkilərdə deputat seçilmişdir. Çox təəssüf ki, bu dəfəki seçkilərdə də nəticələr başqasının – Ülviyyə Ağayevanın xeyirinə saxtalaşdırılmışdır.
Seçkilərin saxtalaşdırıldığını sübut edən çoxsaylı faktlar və dəllillər mövcuddur. Belə ki, İlyas İsmayılov deputat kimi fəlaiyyət göstərdiyi müddətdə mütəmadi olaraq seçicilərlə görüşlər keçirmiş, onların problemləri və qayğıları ilə maraqlanaraq həlli üçün müvafiq işlər görüb. Respublika səviyyəli və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində hər üç rayonun kəndlərində məktəblər tikilməsinə, əhalinin suvarma və içməli su tələbatını ödəmək məqsədilə artezian quyularının qazılmasına, imkansız ailələrə ünvanlı sosial yardımlar verilməsinə, xəstələrin müalicə olunmasına və s. problemlərin həllinə köməkliklər göstərib.
Eyni zamanda, qanunvericilik aktlarının təkmilləşdirilməsinə dair çoxsaylı təşəbbüslərlə, ölkə problemlərinin həlli baxımından müxtəlif təkliflərlə çıxış edib. Həyata keçirdiyi bütün bu işlər seçicilər tərəfindən daim diqqət mərkəzində saxlanılıb və təqdir olunub. Həm icra hakimiyyəti strukturlarının hesabatları zamanı, həm də özünün seçicilərilə müstəqil olaraq keçirdiyi görüşlərdə onların İlyas İsmayılova qarşı hüsn-rəğbəti olduğu açıqaca hiss edilib.
Bütün bunlar isə İlyas İsmayılovun növbəti dəfə həmin dairədən namizədliyini irəli sürməyinə əsas verib. Deputatlığa namizəd kimi, seçicilərlə keçirdiyi çoxsaylı görüşlərdə də hər üç rayonda seçicilər ona böyük inam və hörmət nümayiş etdirirdilər.
Lakin çox təəssüf edirəm ki, yerli icra orqanları Tovuz, Qazax və Ağsatafa rayonlarının heç birində tanınmayan, fəaliyyətində bu rayonlarla hər hansı bağlılığı olmayan Prezident Administrasiyasının işçisinin xeyrinə kütləvi saxtalaşdırmalar ediblər. Beləliklə, bu bölgənin yerli xüsusiyyət və ənənlərindən, həm də problemlərindən tamamilə xəbərsiz bir şəxsin qeyri-qanuni vasitələrlə deputat “seçilməsinə” nail olublar.
Məhz ona görə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsində baş verən kütləvi qanun pozuntularıyla bağlı Dairə Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasına və nəhayət Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişəm. Bu dairədə seçkilərin nəticələrinin ləğv olunmasına əsas verən 50 akt, foto şəkillər və video materiallar təqdim edərək, mövcud nəticələrin reallığı əks etdirmədiyini bildirmişəm.
106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi üzrə 01 noyabr 2015-ci il tarixdə Milli Məclisə keçirilmiş seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 2.6.7, 2.6.10, 2.6.16, 2.6.17, 4.2, 11-1.1, 11-1.2, 102, 104.6, 104.7, 104.9, 104.11, 104.13, 104.14, 105.2, 105.3 maddələrinin tələblərinin kobud şəkildə pozulması şəratində keçirilmiş və bütün bunlar da seçkilərin nəticələrinin etbarsız sayılmasına hüquqi əsas verir.
Bununla bağlı 106 saylı Tovuz-Qazax-Ağstafa Dairə Seçki Komissiyasına 4 noyabr 2015-ci il tarixdə etdiyimiz şikayət ərizəsinə 13 noyabr 2015-ci il tarixdə DSK-nın cavabı poçt vasitəsilə bizə daxil olub.
Çox təəssüf ki, 106 saylı Tovuz-Qazax-Ağstafa Dairə Seçki Komissiyası ona ünvanladığımız faktları araşdırmaq əvəzinə özünün və müvafiq icra hakimiyyəti strukturlarının nəzarəti altında olan və ya fəaliyyət göstərən şəxslərin şikayətçi olmadığını, seçkilərin “obyektiv, demokratik, şəffaf” keçirildiyini qeyd etmişdir. Beləliklə, bizim şikayətimiz təmin edilməmişdir. Halbuki həm digər namizədlərin, həm də onlar tərəfindən təyin olunan müşahidəçilərin fikirləri bizim irəli sürdüyümüz Seçki Məcəlləsinin pozulmuş müvafiq maddələrinin, iddialarımızın və təqdim etdiyimiz faktların təkzib olunması üçün əsas sayıla bilməzdi.
Bütün bunları nəzərə alaraq 14 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsində 01 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin ləğv edilməsinə dair qərar qəbul etməsini xahiş etmişdik.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 17 noyabr 2015-ci il tarixli 50/340 saylı Qərarı ilə bizim şikayətimizi təmin etməkdən imtina etmiş, 01 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsinin Qərarını qüvvədə saxlamışdır.
MSK-nın Qərarında təqdim etdiyimiz “50 ədəd aktın 21-də pozuntunun hansı seçki məntəqəsində baş verməsi, 2 aktda pozuntunun baş verməsinin saatının göstərilmədiyi, əksər aktların isə bir nəfər tərəfindən imzalandığı, aktların bəzilərində pozuntunun nədən ibarət olduğunu müəyyən etməyin mümkün olmadığı” qeyd olunmuşdur. Halbuki MSK-nın bu iddiası tamamilə əsassızdır. MSK-nın seçkilərin nəticələrinə olan şübhələri aradan qaldırmaq üçün ona təqdim olunan bütün faktları araşdırmağa borclu idi. MSK isə iddia edir ki, “21 aktda pozuntunun hansı seçki məntəqəsində baş verməsi göstərilməyib. Əslində isə müşahidəçilər Seçki Məcəlləsinin 40.17-ci maddəsinə əsasən müvafiq MnSK-da qeydiyyatdan keçir və bununla da müşahidəçinin hansı seçki məntəqəsində olduğunu müəyyən etmək mümkündür. Sadəcə olaraq MSK buna cəhd göstərməyib və araşdırma aparmaqdan imtina edib. Həmçinin pozuntunun baş verməsi aktla təsdiq olunduğu halda MSK bunu ona görə fakt saymır ki, burada saat göstərilməyib. Bunula da MSK məsələnin mahiyyətini araşdırmaq istəmədiyini, zahiri əlamətlərə qiymət verərək, əsas hədəfdən yayınmağa çalışır, nəticədə Seçki Məcəlləsinin 25.2.2 maddəsinin tələblərini kobud şəkildə pozur. Aktların “əksəriyyətinin bir nəfər tərəfindən imzalandığına” gəldikdə isə qeyd etməliyik ki, bu iddia qeyd edilən faktların təkzib olunması üçün əsas sayıla bilməz. Açıq şəkildə görünür ki, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyini irəli sürən digər namizədlərivə onların adından təyin olunan müşahidəçiləri əvvəlcədən seçkilərin alternativ rəqabət formasında keçirildiyini göstərmək üçün razılaşdırılmış qaydada prosesə qoşublar. Bu isə seçki prosesinə bir namizədin – Ülviyyə Ağayevanın mənafeləri naminə təsir göstərilməsidir ki, bu da Seçki Məcəlləsinin 41.1.1-ci maddəsinin tələblərinin pozulmasıdır. Çünki digər namizədlərin heç biri nəinki üç rayonda –Tovuz, Qazax və Ağstafada, hətta anadan olduqları rayonda da kifayət qədər tanınmırlar və üzdə olan şəxslər deyillər. Demək olar ki, ictimaiyyətçi olmadıqlarından ictimai xadim status daşımırlar. DSK-nın bizə göndərdiyi qərarından çıxan məntiqi nəticə ilə çıxış etsək məhz buna görə də həmin namizədlər onlara yazılan səs faizləri ilə barışa bilərlər. Lakin İlyas İsmayılov bu bölgənin yetirdiyi, nəinki Respublikamızda, ondan kənarda da kifayət qədər tanınan və hörmət olunan ictimai-siyasi xadimdir. Onun 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin ərazisində tanınmayan, bu bölgə ilə heç bir fəaliyyət bağlılğı olmayan namizəd Ülviyyə Ağayevaya uduzması inandırıcı deyil. Bütün bunları nəzərə alaraq, eyni zamanda Seçki Məcəlləsinin 25.2.1 və 25.2. maddələrinə əsasən MSK təsdiq etdiyimiz hər bir aktı araşdırmalı idi.Üstəlik, onu da qeyd etməliyəm ki, keçirilən rəy sorğularının və virtual səsvermənin hamısında namizəd İlyas İsmayılov digər rəqiblərini, o cümlədən seçkilərin xeyirinə saxtalaşdırıldığı Ülviyyə Ağayevanı bir neçə dəfə üstələmişdir ki, bu da ictimai rəyin nəticələrinin İlyas İsmayılovun xeyirinə olduğunu sübut edir.
Qazax rayonu, Ağköynək kəndində yerləşən 24 saylı seçki məntəqəsində namizəd İlyas İsmayılov tərəfindən təyin olunan müşahidəçi Vəliyev Rüstəm Oruc oğlu baş verən qanunsuzluqlara etiraz etdiyinə, bütün bunları MnSK sədrinin diqqətinə çatdırdığına və seçki saxtakarlığının qarşısını almağa cəhd göstərdiyinə görə, seçki məntəqəsindən uzaqlaşdırılmışdır. Lakin MSK həm müşahidəçilərə, həm də MnSk üzvlərinə istinad edərək belə bir addımın atılmadığını iddia edir. Məntəqə seçki komissiyaları MSK-nın tabeliyində fəaliyyət göstərdiyindən, aydındır ki, tabe olduğu qurumun istəklərini yerinə yetirməsi mümkündür və onun ifadəsi hüquqi əsas sayıla bilməz. Məhz buna görə də bu məsələnin məhkəmə vasitəsilə araşdırılmasına və müşahidəçilərin bunu ifadə etməsinə ehtiyac var ki, yaranmış mübahisəli situasiyaya aydınlıq gətirilsin.
MSK-nın “müşahidəçilər V.R.Zeynalov, O.E.Vəliyev, X.İ.Nəsibov və Z.M.Yusibovun birlikdə təxminən eyni vaxtda ayrı-ayrı kəndlərdə ... tərtib etdikləri aktları” sübut kimi qəbul etməməsi də tamamilə yanlış qərardır. Çünki aktlardan da görünür ki, adları qeyd edilən müşahidəçilərdən V.R.Zeynalov, X.İ.Nəsibov və Z.M.Yusibovun hər biri ayrı-ayrı məntəqələrdə müşahidəçi olublar. Seçki Məcəlləsinin 40.17-ci maddəsinə əsasən onlar müvafiq seçki məntəqələrində qeydiyyatdan keçiblər və bunu MMnSK-nın qeydiyyat jurnalında qeydlər vasitəsilə təsdiq etmək mümkündür. Onların tərtib etdiyi aktları bir neçə məntəqədə müşahidə aparan və avtomobillə məntəqələri gəzən O.E.Vəliyev də imzalamışdır. Bu isə Seçki Məcəlləsinin 42.2.2-ci maddəsinin tələblərinə uyğundur.
1 və 8 saylı seçki məntəqələrdə baş verən pozuntularla bağlı aktı imzalayan MnSK üzvləri Y.M.Kərimov və Ş.Z.Cəfərovun məntəqə seçki komissiyalarının “protokollarını imzaladığını” əsas gətirərək MSK bu faktları qeydiyyata almaqdan imtina edir. Halbuki məhz həmin şəxslər protokolları imzaladıqdan sonra seçki məntəqəsində saxtalaşdırmalar olduğunu aşkar etmişlər. Ona görə də aktlarda qeyd olunan halların araşdırılmasına ehtiyac vardı ki, MSK bunu etməyib və beləliklə Seçki Məcəlləsinin 25.2.2 maddəsinin tələblərini pozub.
DSK-nın bizə təqdim olunan qərarında 9 nəfər DSK üzvündən 2-nin – 1 nəfər katib və 1 nəfər üzvün imzası yoxdur. Bu isə Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 19.14-cü maddəsinə əsasən qərarın etibarsiz sayılması üçün əsas verir. Seçki Məcəlləsinin 19.14-cü maddəsində göstərilir ki, “Seçki komissiyasının qərarları və iclasının protokolları komissiyanın sədri və katibləri tərəfindən imzalanır. Adları çəkilən şəxslər qərar və protokolu imzalamadıqda, onları bu sənədlərə səs verən komissiya üzvləri imzalayırlar.” Göründüyü kimi, DSK-nın bizə təqdim olunan qərarını nə sədr və katiblər, nə də bütövlükdə üzvlər imzalamayıblar. Ona görə də 106 saylı Tovuz-Qazax-Ağstafa Dairə Seçki Komissiyasının qərarını MSK etibarsız saymalı idi. Lakin MSK bunu nəzərə almayıb.
Təqdim etdiyimiz DVD ilə bağlı MSK-nın gəldiyi qənaət də səhvdir. Çünki MSK seçkilərin ədalətli və demokratik keçdiyini iddia edir, eyni zamanda təqdim olunan faktların necə əldə edildiyinə qiymət verir. Halbuki o faktların əldə edilmə vasitəsinə deyil, onun özünə qiymət verməli idi.
Bütün bunlardan başqa seçkinin saxta keçirilməsini və protokolların DSK-nın göstərişi əsasında yazıldığını təsdiq edən hallardan biri də protokolların özüdür. Protokollardan belə görünür ki, İlyas İsmayılovun səslərinin müəyyən həddə qədər azaldılması haqqında əvvəlcədən razılaşma mövcud olmuşdur. Belə ki, 6-ı istisna olmaqla MnSK-nın protokolarının hamısında İlyas ismayılovun xeyirinə hesablanmış səslərin sayı demək olar ki, 60-dan az olmuşdur. Bu isə qeyri mümkündür. Çünki hazırda bir çox məntəqələrdə seçicilər akt imzalayıblar ki, seçki günü İ.İsmayılova səs veriblər, bu isə protokollarda göstərilən səslərdən çoxdur. Belə ki, 24 saylı seçki məntəqəsində İlyas İsmayılova 40 səs yazılmasına rəğmən həmin məntəqədə səs verən 75 nəfər seçici tərtib etdikləri Aktda öz imzaları ilə təsdiq etmişlər ki, İlyas İsmayılova səs veriblər. Bütün bunlar göstərir ki, seçki məntəqələrində Seçki Məcəlləsinin 11-1.2 maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. MSK təqdim etdiyimiz bu faktın üzərindən sükutla keçmişdir. Bu isə onu göstərir ki, MSK-nın bizim təqdim etdiyimiz arqumentlərə münasibəti obyektiv olmayıb, onları ehtimallar əsasında təkzib etməyə çalışmış, bu isə mümkün olmayanda ümumiyyətlə cavab verməmişdir.
Apellyasiya Məhkəməsinə müraciətimiz zamanı şikayətimizin obyektiv, tam, hərtərəfli araşdırılması, qanuni və əsaslı qərar qəbul edə bilmək üçün 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi üzrə bütün seçki məntəqələrində məntəqələrə verilmiş bülletenlərin aktlarının təsdiq olunmuş surətinin alınması, məntəqələr üzrə səsvermədə istifadə olunmuş və istifadə edilməmiş bülletenlərin məhkəməyə gətirilərək sayılması, o cümlədən MnSK üzrə yekun protokolların, seçici bülletenləri ilə üzləşdirilməsinin zəruri olduğunu qeyd etmişik.
Yuxarıda qeyd etdiklərimiz təsdiq edir ki, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi üzrə 01 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilər total saxtakarlıqla müşayiət edilmişdir və Azərbaycan Respublikası Konstitusiyasının 1-ci - Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır, 4-cü - xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur, 56-cı - Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır, maddələri kobud şəkildə pozulmuşdur. Ona görə də, bütün bunları nəzərə alaraq, Sizdən xahiş edirik ki, həmin seçki dairəsində keçirilmiş seçkilərin nəticələrini təsdiq etməyəsiniz.


Şərhlər