Bakının Yasamal rayonunun rəhbərliyi və rayondan seçilən deputatlar “Sovetski” məhəlləsinin sakinləri ilə görüşür. Görüş “Sovetski”nin sökülməsi planı ilə bağlıdır. Virtualaz.org-un məlumatına görə, saat 16-da başlayan görüş 150 nömrəli məktəbdə keçirilir.
Görüş başlamazdan əvvəl zalda gərginlik yaranıb. Belə ki, polislər məmurların göstərişi ilə jurnalistləri zaldan çıxarmağa başlayanda sakinlər buna etiraz ediblər.
“Jurnalistləri ona görə zaldan çıxarırsınız ki, problemi gizli şəkildə həll edəsiniz. Açıq-aşkar danışmaqdan, məsələlərin mətbuatda yayılıb xalqa olduğu kimi çatdırılmasından qorxursunuz. Jurnalistlər bayıra çıxmamalıdır. Əgər onları çıxarsanız, biz də çıxacağıq” - deyə sakinlər etiraz ediblər.
--------------
Bakının “Sovetski” kimi tanınan ərazisində yaşayan sakinlərlə hökumət nümayəndələrinin görüşü başlayır.APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, sakinlərlə baş nazirin müavini Abid Şərifov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və həmin ərazidən millət vəkili seçilmiş Ülvi Quliyev görüşür.
Görüş Yasamal rayonundakı 150 saylı orta məktəbin zalında keçirilir.
Qeyd edək ki, Bakının “Sovetski” kimi tanınan ərazisinin bir qrup sakini evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazılıq ifadə ediblər.
Sakinlərə hər kvadratmetr üçün 1500 manat təklif edilib.

Şərhlər