"Turan" İA-nın məlumatına görə, Azad Avropa/Azadlıq Radiosu korporasiyasının rəhbəri Kevin Kloze Azərbaycan hakimiyyətinin qurumun Azərbaycan xidmətinin əməkdaşı Xədicə İsmayılovaya təzyiqlərini pisləyib.
“Hökumətyönlü KİV-də dissidentlərə və özgə fikirlilərə qarşı ittihamlar sovet dövründə geniş yayılmışdı. Təəssüf ki, biz hələ də postsovet ölkələrində belə halların şahidləri oluruq. Xədicə İsmayılovaya qarşı son ittihamlar cəfəngiyyatla yanaşı həm də təhlükəlidir”, - Kloze deyib.
O, əmin olduğunu bildirib ki, bu ittihamlar siyasi xarakter daşıyır və jurnalisti təqib etmək məqsədilə düşünülüb.
Xatırladaq ki, Fevralın 19-da Bakıda Baş prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 2-ci dəfə ifadə verərkən Xədicə İsmayılı vəkil Elton Quliyev müşayiət edib. Jurnalist şahid qismində dindirilmək üçün istintaqa çağrılıb.
Xədicə İsmayılın Azadlıq Radiosuna bildirdiyinə görə, müstəntiq təkrar ifadə zamanı da ondan facebook-da yaydığı məlumatı kimdən alması ilə maraqlanıb:
“Müstəntiq yenə də israrla məndən soruşdu ki, fevralın 17-də facebook profilimdə yaydığım məlumatı kimdən almışam. Dedim ki, KİV haqqında qanuna görə, öz mənbələrimi qorumaq və açıqlamamaq hüququm var. Bununla bağlı müstəntiqlə bir az mübahisəmiz oldu. Müstəntiqin tonu bir balaca israr çərçivələrini aşırdı. Belə anladım ki, məndən məlumat mənbəmi açıqlamamı istəyirlər, amma mən bu məlumatı verməməkdə israrlıyam”.
“SİRR SAXLAMAQ ADƏTİM YOXDUR”
Xədicə İsmayıldan başqa yerə getməmək haqqında iltizam alınıb: “Mənə deyildi ki, Bakı şəhərini tərk edərəmsə, bu barədə istintaqı əvvəlcədən xəbərdar etməliyəm. Bundan əlavə mənə həm də istintaq sirrini yaymamaqla bağlı da xəbərdarlıq edildi. Mən də sifahi şəkildə onlara dedim ki, mənə heç bir istintaq sirri verməsinlər. Çünki peşə, həm də xasiyyət etibarilə sirr saxlamaq adətim yoxdur. Müstəntiqdən bunu da soruşdum ki, onlar yayılan sənədin həqiqiliyini təsdiqləyiblərmi və həmin kağızda adı keçən adamlarla bağlı Milli Təhlükəsizlik Nazirliyindən kimisə dindiriblərmi? Suallarıma heç bir cavab ala bilmədim. Cinayət işinin başlanması barədə qərarı mənə göstərdilər. Həmin qərarda Cinayət Məcəlləsinin sözügedən bəndinə niyə istinad olunduğu və məlumat yayılarsa, ağır nəticələr verəcəyi əsaslandırılmır. Sözügedən məlumatın sənəd olub-olmaması da qeyd edilmir. Sadəcə göstərilir ki, cinayət işi dövlət sirrinin yayılması ilə bağlıdır. Bilmirəm biz bunu necə şərh etməliyik. Amma cinayət işi açılırsa, bu o deməkdirmi ki, prokurorluq orqanları dövlət sirrinin yayıldığını təsbit ediblər və söhbət həqiqi sənəddən gedir? Bax bu məsələ hələ də açıq qalır”.
Xədicə İsmayılın sözlərinə görə, o, həmin sənədin ondan öncə – 2011-ci ildə facebookda yayılması məsələsinin araşdırılıb-araşdırlmadığını müstəntiqdən bir daha soruşub:
“Bildirdim ki, məndən əvvəl həmin məlumat 2011-ci ildə facebookda Mustafa Kozlu profilində yayılıb. İstintaqı dəvət etdim ki, bu məsələni də araşdırsınlar. Fevralın 20-də məni yenidən istintaqa çağırıblar və istintaqa kömək məqsədi ilə Mustafa Kozlunun profilinin şəkillərini təqdim edəcəm. 2011-ci ildə həmin sənəd facebookda yayılanda mən hələ o sənədi almamışdım, mənə elə bir sənəd göndərilməmişdi. Bir də 2011-ci ildə yayılan həmin sənəddə adlar olduğu kimi saxlanılsa da mən payladığımda adları pozmuşdum ki, heç kimi adı görünməsin”.
“CİNAYƏT İŞİ XƏDİCƏ İSMAYILLA BAĞLI DEYİL”
Xədicə İsmayılın vəkili Elton Quliyev AzadlıqRadiosuna bu işlə bağlı hüquq müstəvisindən araşdırma predmeti görmədiyini bildirib və daha sonra fikrini belə bitirib:
“Hər halda bu proses başlanıb. Hansı dayanacağa qədər gedəcəyiksə, birgə gedəcəyik”.
Vəkil sözlərinə bunu da əlavə edib ki, cinayət işi Xədicə İsmayılla bağlı deyil, sənədin ictimailəşdirilməsi fakrı üzrə başlanıb:
“Bu məlumat artıq bir dəfə – 3 il əvvəl yayılıb. Ona görə, dövlət sirri sayılsa belə 3 il öncə yayıldığından, sirrini elə o vaxt itirib. Bu səbəbdən məlumatın 2-ci dəfə yayılmasını cinayət yuridiksiyasında araşdırmağa ehtiyac yoxdur”.
Xədicə İsmayıl fevralın 20-də yenidən istintaqa dəvət edilib.
Xədicə İsmayıl fevralın 17-də öz «Facebook» səhifəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aidliyi ehtimal edilən sənəd yerləşdirib. Orada MTN-nin müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs edilir. Jurnalist bu sənədin sürətini 2011-ci ildə özünü keçmiş MTN işçisi kimi təqdim edən birinin yolladığını deyir.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.
Həmin iş üzrə şahid qismində dindirilməsi üçün Xədicə İsmayıl istintaqa dəvət edilib.

Şərhlər