Fevralın 19-da Milli Şuranın növbəti sessiyası işinə başlayıb. Sessiyanın gündəliyinə ictimai-siyasi vəziyyət və qurumun əsasnaməsinin müzakirəsi daxil edilib.
İctimai-siyasi vəziyyətlə bağlı Milli Şuranın sədri Cəmil Həsənli çıxış etməyə başlayıb.
Cəmil Həsənli ölkədə rüşvət və korrupsiyanın tüğyan etdiyini, buna görə Azərbaycanın dünyada rüsvay olduğunu deyib. Bildirib ki, bu pis əməlin xalqa aidiyyatı yoxdur, çünki “xalq talançılıqla, mənimsəmə ilə məşğul olmur”. Ona görədə bu rüsvayçılıq hakimiyyətin boynuna düşür.
“Hakimiyyət simasını və etimadını itirb” deyə C.Həsənli bildirib. O, əlavə edib ki, belə bir iqtidar ölkənin və xalqın maraqlarını dünyada qoruya bilməz.
Ölkədə korrupsiyaya qarşı sözdə mübarizə elan edildiyini, reallıqda heç bir ciddi nəticənin olmadığını deyən C.Həsənli bunun səbəbini belə izah etdi: “Çünki ölkədə korrupsiyanın başında İlham Əliyev durur”.
Milli Şura sədri bu mövzuda hazırda Avstriyada Azərbaycan manatının çapı zamanı yol verilən korrupsiya ilə bağlı məhkəmə araşdırmasından da bəhs edərək deyib ki, bu proses də Əliyevlər rejiminin anti-xalq olduğunu təsdiqləyir.
C.Həsənli daha sonra ölkədə siyasi məhbus problemindən söz açıb. Bildirib ki, bu sahədə vəziyyət kritikdir: “140 nəfərə yaxın insan hazırda siyasi motivlərlər həbsdədir. Bu işlər üzrə bütün məhkəmə proseslərini diqqətdə saxlamağa çalışmışıq. Məncə, bu məsələnin bir daha ciddi müzakirəsinə ehtiyac var. Təklif edirəm ki, mütəxəssislərin iştirakı ilə bu mövzuda ayrıca dinləmə keçirək”.
Ölkəni bürüyən intiharlardan söz açan Milli Şura sədri “Bu özünü yandırmalar həm də İlham Əliyev idarəetməsinin ərşə dirənən alovudur” deyib.
C.Həsənli bildirib ki, ölkədə avtoritarizmin şiddətlənməsi 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpia Oyunlarını beynəlxalq birliyin boykot etməsi ilə nəticələnə bilər. Bu mənada Milli Şura sədri hakimiyyəti düşünməyə və siyasətini dəyişməyə çağırıb.
Cəmil Həsənlinin məruzəsindən sonra söz AXCP sədri Əli Kərimliyə verildi.
Əli Kərimli qeyd edib ki, Azərbaycan hakimiyyətinin cinayət xarakterli əməlləri o qədər çox və intensivliklə baş verir ki, insanların çoxu artıq bu səpkili məlumatlara reaksiya bildirmir, adi yanaşır. Lakin ölkə müxalifəti, Milli Şura üçün bu, belə olmamalıdır.
AXCP sədri jurnalist Xədicə İsmayılla bağlı hazırda baş verənlərə diqqət çəkib. Bildirib ki, jurnalist şəxsən İlham Əliyev və ailəsi ilə bağlı korrupsiya araşdırmalarına görə hədəfə alınıb, ona davamlı şəkildə təzyiq edirlər. Əli Kərimli qeyd edib ki, Milli Şura ciddi şəkildə jurnalistin müdafiəsinə qalxmalı, hakimiyyətdən izahat tələb etməlidir. “Hakimiyyətdən tələb etməliyik ki, əgər, sosial şəbəkələrdəki o sənəd doğrudursa, milli təhlükəsizlik naziri istefa versin, yox, doğru deyilsə, onda Xədicə İsmayıldan əl çəksinlər”.
AXCP sədri İlham Əliyev və komandasının hədsiz dərəcədə zəngin həyata aludə olmasından, bahalı xərcləmələrə yol verməsindən söz açıb və bunu ölkədə kəskin təbəqələşmənin əlaməyi kimi qiymətləndirib. Təklif edib ki, Milli Şura bu məsələyə münasibət bildirsin.
Əli Kərimli Bakının “Sovetski” adlanan ərazisində aparılan söküntü işləri barədə də danışıb.Deyib ki, hökumətin oradakı sakinlər qarşısında cüzi də olsa geri çəkilməsi, onların tələbləri ilə razılaşmağa hazır olduğunu bildirməsi sakinlərin təşkilatlanaraq etiraz etmələri ilə bağlıdır. “Deməli, hakimiyyətin mesajı budur ki, insanlar öz haqları uğrunda ayrı-ayrı mübarizə apardıqca heç bir nəticə əldə etməyəcəklər, problemi ortaya təşkilatlanmış güc qoymaqla aradan qaldırmaq olar”, - deyə AXCP lideri bildirib.
İctimai-siyasi vəziyyətlə bağlı çıxışlardan sonra sonra Milli Şuranın əsasnaməsi müzakirə edilib. Müzakirələrdən sonra əsasnamə layihəsi, təkliflər də nəzərə alınmaqla, əsasən qəbul olunub.
Sessiyadan geniş reportaj təqdim edəcəyik. (azadlıq.info)










Şərhlər