Nabatəli QULAMOĞLU
--------------------------------
Milli Məclis yüksək operativliklə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib. Övladının bir ay ərzində 7 gün dərsdən yayınmasına görə valideynlər 100 manat məbləğində cərimə ödəməli olacaqlar.
Bəri başdan deyim ki, baş tutası sevda deyil. Olsa-olsa bəzi məmurlar bu qanundan yararlanıb dələmurd eləyəcəklər.
Etiraf edim ki, media nümayəndələrinin bu mövzuda suallarına cavab verərkən layihəni müdafiə etmişəm. Düşünmüşəm ki, mövcud şəraitdə bir sıra valideynlərin məqsədli şəkildə övladını təhsildən yayındırması mütləq məsuliyyət tələb edir. Bunun üçün cərimə mexanizmi tətbiq etmək heç də pis variant deyil. Amma söhbət sistematik şəkildə təhsildən yayınmaqdan gedir. Dərsdən yayınmaqla təhsildən yayınmaq tamamilə fərqli anlayışlardır.
Görünür, Milli Məclisin deputatları ağına- bozuna baxmadan Prezident Aparatından gələn göstərişə möhür vurublar.
Hətta, adətən, belə məsələlərdə dözümlü mövqe nümayiş etdirən professor Əjdər Ağayev vicdanının səsini cavabsız qoymayıb, Məclisin əbədiyaşar sədri Oktay müəllimə etiraz məktubu ünvanlayıb. Əjdər müəllim öz etirazını konkret bəndlərlə əsaslandırıb. Onun məsələyə pedaqoji aspektdən yanaşdığı bütün hallar yetərincə arqumentləşdirilib. Problemin hüquqi aspektdən əsaslandırılmasını isə mübahisələndirmək olar. Ona görə ki, bir sıra beynəlxalq aktlar, Azərbaycan Respublikasının Konstitusiyası və Təhsil haqqında qanunda xüsusilə ibtidai təhsilin icbari olduğu vurğulanır. Bu təkcə bizim ölkəmizdə deyil, dünyanın bütün ölkələrində belədir. Əgər söhbət icbari təhsildən gedirsə, deməli valideyn öz övladının təhsil almasına görə cəmiyyət qarşısında inzibati məsuliyyət daşıyır.
Maraqlı budur ki, birdən-birə ilin-günün bu kasıb vaxtında Milli Məclis niyə belə sevdaya düşdü. 2008- ci ilin sentyabr ayında Azadlıq radiosunda (http://www.azadliq.mobi/a/25512270.html) savadsızlıq mövzusunda müzakirə gedirdi. Opponentim Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə idi. O iddia edirdi ki, Azərbaycanda savadsızlıq haqqında danışmaq yersizdir. Mən isə ölkəmizdə funksional savadsızlığın ilkin elementlərinin göründüyünü bildirirdim. Elə bu zaman verilişin aparıcısı Bakının Maştağa qəsəbəsindən 5 dəqiqəlik reportaj təqdim etdi. Orada deyilirdi ki, məlum qəsəbədə 3- cü sinifdən sonra qız uşaqlarını kütləvi şəkildə təhsildən yayındırırlar. Məsələyə valideynlərin münasibətini öyrənmək istəyərkən məlum oldu ki, onlar nəinki özlərinin, hətta qohumlarının uşaqlarını kütləvi şəkildə təhsildən yayındırırlar. Çox həyəcanlı xəbər idi, lakin rəsmi orqanlar susdu. Bəs onda Milli Məclis məsələyə niyə etinasız yanaşdı? Deməli, sifariş almamışdı.
Artıq hadisədən 7 il ötüb. Heç kim üçün sirr deyil ki, harada savadsızlıq var, orada dini xurafat üçün münbit şərait mövcuddur. Hazırda Nardaranda baş vermiş hadisələrin kökündə dayanan faktorlardan biri də hökumətin apardığı yararsız təhsil siyasətidir. Yəqin, oxucular cərimə sanksiyasının nədən qaynaqlandığını anladılar. Təhsilə ögey münasibət bəsləməklə elə sanırdılar ki, nə qədər millət savadsız olsa, bir o qədər buyruq qulu olar, bir o qədər təbə olar. İndi başa düşüblər ki, məsələnin görünməyən tərəfi də varmış.
Yox, o qədər də sadəlövh olmayaq. İnanmayaq ki, artıq iqtidar təhsili prioritet sahəyə çevirəcək, təhsil işçilərinin məvacibini heç olmasa polis serjantının aylıq əmək haqqı səviyyəsinə çatdıracaq. Diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əmək haqlarına edilən dəyişiklikləri, hələ müəllimlər hiss etməmiş, infilyasiya yedi. Müəllimlərə vəd olunan xüsusi status da arxivə verildi. Təhsil Strategiyasında öz əksini tapmış müddəalar kompleks şəkildə həyata keçirilmir. Görüntü yaratmaq üçün bir sıra addımlar atılır ki, bunun da heç bir nəticəsi olmur. Təhsil Nazirliyi başlıca problemlərdən biri olan kadr çatışmazlığını həll etmək üçün addımlar atsa da, nəticəsi çox azdır, çünki normal stimul görməyən şəxs keyfiyyətli kadr ola bilməz. Hazırda ölkəmizdə elitar təhsilə üstünlük verilir. Yəni imkanlı şəxslərin balaları normal təhsil alır. Normal ölkələrdə isə elit təhsil prioritetdir. Elit təhsil o deməkdir ki, dövlət qabiliyyəti ilə seçilənlərə qayğı göstərir. Burada valideynin pulu rol oynamır.

Şərhlər