Rusiya prezidenti Vladimir Putin federal məclis qarşısında illik müraciətlə çıxış edib. O, öz nitqini terror təhlükəsinin təsvir olunması və Rusiya ordusunun Suriya kampaniyasının vacibliyinin izah edilməsi ilə başlamaqla, daha sonra “SU-24” bombardmançı təyyarəsinin vurulması ilə bağlı Türkiyənin ünvanına kəskin təhdidlər söyləyib.

Amma onun çıxışının əsas hissəsi iqtisadi və sosial mövzulara həsr olunmuşdu.

BBC–nin Rusiya xidməti Rusiyanın aparıcı ekspertlərindən Putinin çıxışının əsas tezislərinin şərh olunmasını xahiş edib. Əksəriyyət belə fikirdədir ki, Rusiya prezidenti yeni heç nə söyləməyib. Ekspertlər hesab edirlər ki, onun söylədikləri Rusiya iqtisadiyyatını böhrandan dartıb çıxarmaq üçün nəzərdə tutulan, lakin çətin ki, baş tuta biləcək tədbirlər yığınından başqa bir şey deyil. Ekspetlərin fikirlərini təqdim edirik:

Mark Urnov - politoloq, “Ali İqtisadiyyat Məktəbi” Milli Araşdırmalar Universitetinin elmi rəhbəri: “Onun çıxışı məndə Sovet İttifaqı Kommunist Partiyasının baş katiblərinin qurultaylardakı məruzələrini xatırlatdı. Burada ölkə qarşısında dayanan bütün problemlər (Qərb və Ukrayna münasibətlərinə toxunulmayıb), demək olar ki, həqiqətən də dəqiq şəkildə sıralanıb. Amma onların hansı yollarla həll olunacağı deyilməyib. Aydındır ki, korrupsiya ilə mübarizə üçün güclü siyasi islahat, korrupsionerlərə hücum edə biləcək azad KİV–lər lazımdır. Lakin bu barədə danışılmır. İnvestisiya mühitinin yaxşılaşdırılmasından söz salınır, ancaq bunun necə həyat keçirilməsindən danışılmır. Prezidentin çıxışında problemlərin real həlli yolları barəsində bir kəlmə də danışılmayıb. Kreml mövcud sistem çərçivəsində problemlərin necə həll edilməsini bilmir. Çünki probremlərin əsas bazasını dəyişdirmək üçün Rusiyadakı indiki mövcud sistemin, sadəcə olaraq gücü yoxdur.”

Qleb Pavlovski - politoloq, ”Effektiv siyasət fondu”nun direktoru: “Bu nitqdə görünür ki, Putin daha radikal gözləntilərdən yayınmağa çalışır. O, radikallarla olmadığını bəyan etsə də, Türkiyənin ünvanına xeyli sayda qorxulu eyhamlar vurub. “Siyasi şahin” adlandırılanlar, yəni siyasi cəhətdən tamamilə dəli olanlar, bu nitqi böyük məyusluqla dinləyiblər. Çıxışda hansısa tutqun və aydın olmayan bir siqnal verilir ki, Kreml komandası hələlik tam ağlını itirməyib və onlar əndazənin aşılmamasını başa düşürlər”.

Vladimir Tixomirov - “BKS” maliyyə qrupunun baş iqtisadçısı: “Müraciətin iqtisadi hissəsinin məğzi əsas məsələ kimi Rusiya iqtisadiyyatının sabitləşdirilməsindən, investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından ibarət idi ki, biz artıq bu sözləri dəfələrlə eşitmişik. Sahibkarlıq mühitinin yaxşılaşdırılmasına söykənmək pozitiv bir məsələdir. Hökumətin qarşısında neft qiymətlərinə ümid bəslənilməməsi və qeyri-xammal ixracına üstünlük verilməsi məsələsi qoyulur. Biz bu sözləri də çox dinləmişik. Mən müraciətdə əsl həqiqətdə yeni olacaq bir şey eşitmədim”.

Natalya Orlova - “Alfa Bank”-ın baş iqtisadçısı: “Müraciətdə xeyli sayda iqtisadi şərhlər yer alır. Bunlar daxili bazarın sərbəst şəkildə öz yerli ərzaq məhsullarımızla təmin edilməsinin nə dərəcədə yaxşı ola biləcəyindən bəhs edir. Bizim beynəlxalq əmək bölgüsündə iştirak etməyimizlə bağlı mövzuya da eyham vuruldu. Bunun üçün biz hansısa məhsul ixrac etməliyik. Digər tərəfdən kapitala amnistiya verilməsi, Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri ilə kooperasiyaların qurulması mövzusuna da toxunuldu. Mövzular çox idi. Lakin onlar hansısa ümumi vahid bir konsepsiya içərisinə daxil deyildi”.

Valeri Mironov - “İnkişaf mərkəzi” Ali İqtisadiyyat Məktəbinin direktor müavini: “Rəqabət azadlığı və məhkəmə sistemində islahat aparılması barəsində çox az söz deyildi. Siyasi partiyalar arasında güclü rəqabət və azad mətbuat tərəfindən onlar üzərində nəzarət olmalıdır. Bu iqtisadiyyatın inkişafı üçün vacibdir. Ayılma isə yalnız neftin qiyməti ilə bağlı olan eyforiyadan sonra başlayacaq. Neftdən əl çəkmək heç də asan deyil. Təbii resursların xeyir-duası hazırda təbii resursların lənətinə çevrilib. İndi kəmərləri sıxmaq və işləmək lazımdır. Daxili istehsalın effektliliyi artırılmalı, rəqabət isə yüksəldilməlidir. Bunun üçün isə korrupsiyaya qarşı mübarizənin elementlərindən biri sayılan məhkəmə sisteminin və azad mətbuatın işinin gücləndirilməsi lazımdır”.

Vaqif NƏSİBOV