1cahAzərbaycan Beynəlxalq Bankının (ABB) sabiq rəhbəri Cahangir Hacıyev anasının “qırx” mərasimindən bir gün sonra həbs olunub. Bu barədə arqument.az saytı məlumat yayıb.

Məlumatda deyilir ki, dekabrın 3-də Hacıyevin anasının “qırx” mərasimi keçirilib. Bundan bir gün sonra, axşam saatlarında DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Eks-bankirin həbsinin Beynəlxalq Bankdakı problemli kreditlərlə bağlı daha əvvəl istintaqa cəlb edilən şəxslərin onun əleyhinə verilən ifadələr əsasında həyata keçirildiyi deyilir. Bu sırada bankın sabiq məsul vəzifəli əməkdaşları – Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev və Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucovun adları çəkilir.

--------

2cahaDünən barəsində həbs qətimkan tədbiri seçilən Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev barəsində bəzi yeni məlumatlar bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, C.Hacıyevə baş prokurorluq tərəfindən verilən ilkin ittihamda onun Beynəlxalq Bankdan 120 milyon manat pulu mənimsədiyi bildirilir. Bu məbləğ ilkin araşdırma zamanı aşkarlanan rəqəmdir, istintaqın gedişi zamanı mənimsəmə məbləğinin yüksələcəyi də istisna deyil.

Bundan başqa, sabiq bankir saxta yolla 10 nəfərə yaxın sıravi vətəndaşların adına külli-miqdarda kredit rəsmiləşdirərək özü götürüb.

C.Hacıyev hazırda Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə)və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Qeyd edək ki, bunlar da ilkin ittihamlardır. İstintaqın gedişindən asılı olaraq ona əlavə maddələrlə də cinayət işinin açılacağı gözlənilir.

Xatırladaq ki, C.Hacıyev barəsində həbs qətimkan tədbiri "Bandotdel"in vəsatəti əsasında baş prokuror Zakir Qaralovun imzası ilə verilən sanksiya təqdimatı əsasında seçilib.